“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) vətəndaşlara satdığı mənzilləri geri almağa çalışır.
Bu barədə Reportyor.info-ya sözügedən MTK-nın Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi hündürmərtəbəli binada mənzil alan sakinlər bildirib. Onların sözlərinə görə, mənzil alan sakinlər şirkətə çağırılır, onlardan ya mövcud müqaviləyə xitam verilməsi, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsi tələb edilir.
“Bir müddət idi ki, binanın sonuncu mərtəbəsində tikinti işləri dayandırılmışdı. Ona görə də aldığımız mənzillərə köçə bilmirdik. Şirkətin rəhbərliyi tikinti işlərinin dayandırılmasını maliyyə çatışmazlığı ilə izah edirdi. Amma indi məlum olur ki, şirkətin ayrı planı var imiş”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, şirkət rəhbərliyi hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Bununla razılşamyanlar isə məhkəmə ilə hədələnir.
“Biz mənzilləri təməldən almışıq. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi. İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə bağlayır. Biz neçə ildir ki, bu mənzilləri almışıq. Nağd alan da var, kreditlə alan da. İndi şirkət bizi müqavilələrə xitam veriləcəyi, yeni qiymətlərlə razılaşmayanların mənzillərinin başqalarına satılacağı ilə hədələyir. Bu açıq-aydın dələduzluqdur. Binanın təhvil verilməməsi də bununla bağlıdır”, deyə sakinlər əlavə edib.
Sakinlər məsələ ilə bağlı Baş Prokurluq yanında Korrupsiaya Qarşı Mübarizə İdarəsinə müraciət etmək niyyətindədirlər:
“Biz bu məsələni belə qoymayacağıq. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyik. İllərdir ev almışıq, pulunu də ödəmişik, indi şirkətin rəhbərliyi yenidən bizdən əlavə qoparmağa çalışır”.
Qeyd edək ki, “Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur.
Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir. Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb. O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 400 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.