Axtarış...

"Qocalar Evi"nin zəngin sakinləri NECƏ QARƏT OLUNUR... - İLGİNC FAKTLAR

"Qocalar Evi"nin zəngin sakinləri NECƏ QARƏT OLUNUR... - İLGİNC FAKTLAR


Redaksiyaya daxil olmuş məlumata görə, Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın (“Qocalar Evi”) direktoru Samirə Mehtiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə izahat verməyə çağırılıb. Bildirilir ki, Samirə Mehtiyeva məhz hansı günahına, hansı qanunsuz əməlinə görə “məşhər ayağına” çəkiləcəyini kəsdirə bilmir – çünki onların sayı bir deyil, iki deyil…

Və elə həyata keçirdiyi ilk preventiv tədbir kartları bankomata salıb pul çıxaran işçilərini dəyişməsi olub. Söhbət ahılların pensiya kartlarından gedir. İki ay əvvələ qədər bu işlə məşğul olan Arif və Nurlananı indi sanitar bacılar Xalidə və Mahirə əvəzləyiblər. Amma əlbəttə ki, toplananların yeri dəyişiləndə cəm dəyişmir. Xalidə daha “əkə-bikə” olduğundan, danışanın ağzını yummaq səlahiyyəti də ona verilib.

Etibarlı mənbədən bildirilir ki, uzun müddət dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, yüksək məbləğdə pensiya almış Zivər adlı ahıl yaşlı xanım pansionda yaşadığı 4-cü mərtəbədəki otağında bu yaxında dünyasını dəyişmişdir. Dəryaz.az saytına məlumat verən mənbə onu da bildirir ki, Zivər xanım çox kübar adam imiş, üst-başında zinət əşyaları gəzdirirmiş, pansiondakı otağında öz pulu ilə aldığı bahalı məişət avadanlıqları varmış. Söz gəzir ki, Zivər xanımın ölüm xəbəri çıxanda direktor Samirə Mehtiyeva pansionun Rəfail adlı zirək bir sakininə mərhumənin otağını açdıraraq həmin bahalı əşyaları da çıxartdıraraq “yerbəyer” edib. Sonra məhz Rəfail kişiyə tapşırıb ki, mərhumənin bacısına zəng vurub ölüm xəbərini çatdırsın. Görünür, pansiondakı talançılıqdan xəbəri olan bacı isə teklefonda Rəfaili acılayıb və deyib ki, “meyitin dəfni ilə mən niyə qayğılanmalıyam, neçə ildi Samirə onun pulunu yeyir, o da dəfn eləsin”.

Bu hadisədən əvvəl isə pansionun 2-ci mərtəbəsində yaşamış sakinlərdən yüksək məbləğdə pensiya alan təqüddə olan polkovnik ölüb. Məlumatda bildirilir ki, mərhum özünə yaxşı baxırmış – özünə daim bulaq suyu aldırır, hətta ona qulluq edən sanitar xanıma gündə 10 manat əlavə “xidmət haqqı” da verirmiş. Son vaxtlar nasazlayıbmış. Nə qədər qəribə olsa da, Samirə Mehtiyeva bir gün əvvəl həmin sanitar xanıma tapşırıb ki, sabah işə çıxmasın, istirahət eləsin. İşçi evdə qaldığı və başqası tərəfindən əvəzləndiyi gün keçmiş polkovnik dünyasını dəyişib. Bu mərhumun da otaqdakı mirası (çox bahalı telefon, dəyərli televizor, ənti qəşyalar və s.) etibar etdiyi şəxslərin iştirakı olmadan açılıb. Sanitar xanım işə çıxanda görüb ki, polkovnikin otağı “şmon” edilib. Bu işlərlə daha çox Samirənin işə cəlb etdiyi Vəli adlı əməkdaş məşğul olur.

Yenə 2-ci mərtəbədə şəxsi soyuducusu, əntiq tikiş maşını, şifoneri, 50-dək yataq dəsti və başqa bahalı əşyaları olan, əslən Şəkidən İradə adlı (“İra” deyə çağırılırdı) bir imkanlı xanım dünyasını dəyişib. Onun da varidatı qarət edilib.

Əvvəllər 400 manat həcmində olan dəfn pulu indi 700 manata qaldırılıb, amma əlbəttə ki, pansionda dünyasını dəyişən kimsəsizlərin dəfninə çox cüzi xərc çəkilir, bu işlə pansionla bağlı tənqidi yazılarda adı əvvəllər çox hallanan Arif və bir fəhlə məşğul olur. Ölü pansionun qəbiristanlığında basdırılır, köhnə başdaşı qoyulur, hətta heç molla tapıb fatihə oxutdurmaqla qayğılanan da olmur.

Samirə Mehtiyeva qanunsuz əməllərinə haqq qazandırmaq üçün söz yayıb ki, guya kimsəsizlərin, sərbəst hərəkət etməyə taqəti çatmayan qocaların pensiyasını alıb yığmaq tapşırığı ona “yuxarıdan” gəlib, Halbuki, onların pensiyası kartlarına köçürüləndə məbləği bankomatdan çıxartdıran direktor qocalara çox cüzi həcmdə — yəni, 30 deyil, 1-2 günə yetəcək qədər bazarlıq edir. Qocalar isə ürəkləri istəyən nemətləri ala bilmir, dövlətin hesabına verilən və keyfiyyətindən oğurlanmış dadsız qidalarla, əsasən üstünə Hidistandan gətirilmiş ət və iylənmiş balıq əlavə olunmuş makaron süzməsi ilə kifayətlənməli olurlar. Bununla belə, sakinlərə dilbədil tapşırılır ki, soruşan olsa, pensiyalarını tam olaraq özləri xərclədiklərini desinlər.

Vaxtaşırı dəyişilməli olan yumşaq və bərk inventarlar, yataq dəstləri sakinlərin istifadəsinə verilmir, mərkəzləşmiş qaydada “pay-püşk” edilir. Yəqin, bu məsələlərdə əngəllə rastlaşmamaq üçün Samirə Mehtiyeva mühasibi və təsərrüfat müdirini də dəyişməli olub.

Deryaz.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz