Axtarış...

Yasamalın icra başçısı əlillə ƏLLƏŞİR... - "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"

Yasamalın icra başçısı əlillə ƏLLƏŞİR... - "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"


Mayın 24-də Yasamal rayonu İcra Hakimiyyəti ilə birinci qrup əlil vətəndaş Zaur Seyidzadənin növbəti məhkəmə prosesi baş tutub. Hakim məsələnin araşdırılması yönündə növbəti məhkəmə prosesini iyul ayına təyin edib.Məlumat üçün bildirək ki, birinci məhkəmə prosesində İnzibati Məhkəmə müvəqqəti qərardad qəbul etmişdi. Həmin qərardada əsasən, Zaur Seyidzadə müvəqqəti hərəkətlərdən müdafiə tədbiri kimi evini qapı ilə təmin edə bilərdi. Bununla bağlı məhkəmə icra hakimiyyətindən dözüm göstərilməsini istəmişdi. Buna baxmayaraq, Elşad Həsənovun rəhbərlik etdiyi icra hakimiyyəti inzibati məhkəmənin “dözüm” tələbinə çox dözə bilməyib və bu qərara görə apellyasiya şikayəti verib. Şikayətdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsinə dair məhkəmədən qərardad qəbul edilməsi xahiş olunur. Sadə dillə izah etsək, Yasamal İcra Hakimiyyəti Zaur Seyidzadənin müvəqqəti olaraq öz evini qapı ilə təmin etməsinə belə dözüm göstərə bilmir, birinci instansiya məhkəməsinin bu qərarını maddi və prosessual qanunvericiliyin pozulması kimi qələmə verir, bunun üzərindən apellyasiya məhkəməsinə müraciət edir.
Məhkəmə prosesinin gedişatı və qəbul edilən qərar barədə Zaur Seyidzadə fikirlərini Bizimyol.info ilə bölüşüb. O, bildirib ki, Yasamal rayonu İcra Hakimiyyəti qəsdən Ona qarşı problem törədir, həyat şəraitini çətinləşdirir, fiziki məhdudiyyətini, yaşayış şəraitini nəzərə almadan, Onunla prinsip aparır:

“May ayının 24-də Bakı şəhəri İnzibati Məhkəməsində mənzildə yenidənqurma işləri ilə bağlı iddiama bir daha baxıldı. Bildiyiniz kimi, yaranmış problemlə bağlı sosial şəbəkələrdə və başqa mətbuat orqanlarında da ciddi məlumatlar, videogörüntülər paylaşılmışdı. Həmin məsələ ilə bağlı mən şikayət etmişdim. Məhkəməyə iddia ərizəsi vermişdim ki, öz evimə qapı qoya bilim. Həmin məsələyə baxıldı, amma icra hakimiyyətinin nümayəndəsi məhkəmə zalında soruşur ki, mən evin qapısını niyə binanın ön tərəfindən yox, arxa tərəfindən açmışam? Onu bildirim ki, binanın ön hissəsi avtomobil yoludur, oradan evə qapı açmaq həyati təhlükə daşıyır. Mən əlil arabasındayam, ordan qapı qoydum və anidən arabanın əyləci işləmədi və maşın məni vurdu, onda necə olacaq? Bu, birbaşa olaraq, öz həyatımı bilərək riskə atmağım olardı. Nümayəndə isə düşünmədən mənə belə mənasız suallar verir. Digər bir məsələ də ondan ibarətdir ki, müvəqqəti hərəkətlərdən müdafiə tədbiri barədə aprelin 1-də məhkəməyə müraciət etmişdim, həmin ayın 20-də məhkəmə qərar çıxardı ki, bu tədbir tətbiq olunsun. Yəni müvəqqəti açdığım qapıdan istifadə edə bilərəm. Bu gün baş tutan məhkəmə prosesində mənə məlum olub ki, qarşı tərəf həmin qərara görə apellyasiya şikayəti verib. Şikayətdə qapıdan istifadə etməyim barədə məhkəmə qərarından narazılıq olunub. İcra Hakimiyyətinin hüquqşünası olan Sərxan adlı şəxs qeyd edir ki, dəxli yoxdur, bu məsələyə bir, ya iki aya baxılsın, bunun heç bir əhəmiyyəti yoxdur, qapı bağlanmalıdır, vəssalam. Mən bir daha əmin oldum ki, icra hakimiyyətini mənim həyatım, təhlükəsizliyim maraqlandırmır. Əksinə, bu dövlət qurumu qəsdən, bilərək mənə maneçilik törədir, süni problemlər yaradır, arsızca mənimlə prinsip aparır. Həmin o hüquqşünasa sual verirəm ki, evimdə birdən yanğın hadisəsi baş verdi, oranı necə tərk edəcəm? Mənə deyir ki, FHN-nin əməkdaşları gəlib xilas edər. Siz təsəvvür edirsinizmi bu, nə deməkdir? Sadəcə olaraq, dəhşətdir. Deyir ki, “heçnə etmə, otur evdə, yanğınsöndürənlər gəlib, səni çıxarsın”. Bu qədər biganəlik, məsuliyyətsizlik olmaz axı. Mənə məhkəmədə sual verir ki, niyə Şəhərsalma və Arxitektura İdarəsinə müraciət etməmişəm? Mənzil Məcəlləsinə əsasən, mənim vəzifə borcum ica hakimiyyətinə müraciət etmək idisə,mən onu fevralın 24-də etmişdim. Onlar özləri mənim barəmdə Arxitekturaya müraciət etməli idilər ki, əlilliyi olan şəxsdir, filan problemləri var, icazə verin, məsələni həll edək.Mən üzümü aidiyyatı qurumlara tutaraq, demək istəyirəm ki, mənim və ailəmin təhlükəsizliyi təmin edilsin. Çünki, bu qurum artıq azğınlaşıb və heç kim bu azğınlığı görmək istəmir. Xüsusən də əlil şəxslərə qarşı”.

Zaur Seyidzadə onu da bildirib ki, İcra Hakimiyyətinin bina arxasındakı həmin boş ərazidə marağı var: “Qarşı tərəfin hüquqşünası mənə sual verir, “siz qapını niyə binanın ön hissəsindən yox, arxa hissəsindən açırsınız?” Sualın tərzinə fikir verin, qapının binanın arxasından açılması, bunları daha çox narahat edir. Belə anlaşılır ki, həmin yerdə bu qurumun marağı var, onlar həmin yeri ya kiməsə satmaq istəyirlər, ya da artıq satıblar, indi də mənə qapı açmamağım üçün problem yaradırlar. Hər bir halda, ədalət öz yerini tapanadək özümün və ailə üzvlərimin haqqını müdafiə edəcəyəm. Aidiyyatı qurumları, o cümlədən, hüquq-mühafizə orqanlarını bir icra başçısının qanunsuz əməllərinə biganə qalmamağa çağırıram".

Qeyd edək ki, Yasamal rayonu İcra Hakimiyyəti İnzibati Məhkəmənin proses tamamlananadək Zaur Seyidzadənin evinə qapı qoyması barədə verdiyi qərardan apellyasiya şikayəti verib, müvəqqəti də olsa, vətəndaşın evinin qapı ilə təmin olunmasına dözüm göstərə bilməyib.

Onu da əlavə edək ki, apellyasiya şikayəti barədə müraciət mətninin altında birbaşa İcra başçısı Elşad Həsənovun imzası və möhürü var. Yəni bütün bu hadisələrlə bağlı göstərişi şəxsən özü verir. //bizimyol.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz