“Oqtay bəyin səhhətində böyük irəliləyiş yoxdur”.
Bunu Cebhe.info-ya açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.
Firuzə Gülalıyevanın bildirdiyinə görə, hazırda Oqtay bəydə yalnız kiçik baş tərpətmələri kimi irəliləyiş var:
“Avqustda həkim səhlənkarlığı ucbatından qida borusuna infeksiya salındıqdan sonra sudurğaları daha da çoxalmağa başladı. Oqtay bəy “o dünyanı” görüb qayıtdı, ölümdən döndü. Sonra müalicələrlə o vəziyyətdən çıxdı. Bu hadisədən əvvəl irəliləyiş olmuşdu, danışırdı, hərəkət edirdi. Elə ki, o infeksiya salındı, bütün irəliləyişlər getdi. İndi az-az hansısa irəliləyişlər olur. Amma əvvəlki qədər deyil. Son zamanlar çağıranda başını çevirib baxır. Əvvəllər o da yox idi. Tibb bacıları gəlir, 1-2 dərman var, onu verib gedirlər. Hər hansı bir nevroloq həkim olmalıdır, o yoxdur, gəlmir, baxmır”.
Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.
Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.
Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.
Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan "City Hospital"a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.
Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.
Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların bildirdiyinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.