Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı ilk gündən (2020-ci il fevralın 28-dən) indiyədək ölkədə 235 014 nəfər bu virusa yoluxub, 3 225 nəfər vəfat edib.
Bu gün açıqlanan rəsmi statistik göstəricilərə əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxma sayı ötən günlə müqayisədə 3 dəfəyə yaxın artaraq 352-ə çatıb.
Azərbaycanda yoluxmanın pik vəziyyəti ötən ilin dekabr-bu ilin yanvar ayının əvvəllərində qeydə alınıb. Həmin dövrdən sonra yoluxma sayı getdikcə azalıb. Fevralın 5-dən sonra isə yoluxma sayı hətta 300-ü belə keçməyib.
Yoluxma sayındakı azalmadan sonra bu gün sayın 3 dəfəyə qədər artması sözsüz ki, karantin tədbirlərinin sərtləşdirilə bilməsi məsələsi barədə məlumatların dolaşmasına da səbəb olur.
İnsanlar arasında yayılan məlumatlarda yaxın günlərdə məktəblərdə dərslərin dayandırılması barədə fikirlər səsləndirilsə də, bu, hələlik təsdiqlənmir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hazırda məktəblərdə tədrisin davam etdiyini açıqlayıb.
Nazirlik rəsmisi əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərarın verilmədiyini söyləyib: "Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, əslində, insanlar yoluxma sayının artması səbəbindən karantin qaydalarının sərtləşdirilə bilməsi haqqında deyil, vaksinasiya olunmaq haqqında düşünməlidirlər: "Artıq bir ildir ki, ölkəmizdə pandemiya ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Bu müddətdə ən sərt karantin qaydaları da tətbiq edilib, müxtəlif qapanmalara gedilib. Lakin bütün bunlar ona görə edilib ki, pandemiyadan qurtulmaq üçün görülməsi mümkün olan başqa tədbir olmayıb, həmin dövrdə virusa qarşı vaksin də tapılmamışdı. Amma artıq vaksin hazırlanaraq istifadəyə verilib".
Y.Abdiyeva qeyd edib ki, Azərbaycan vaksinasiya prosesinə tez başlayan azsaylı ölkələrdən biridir. Ölkədə artıq 293,360 nəfər COVID-19 infeksiyasına qarşı vaksin olunub: "İndi bizim əsas məqsədimiz COVİD-19-a qarşı peyvənd vurdurmaq olmalıdır. Yalnız vaksinasiya prosesində aktiv iştirak etməklə pandemiyadan qurtula bilərik. Əgər pandemiyadan qurtulacağıqsa, o zaman artıq qapanmalar, sərt karantin tədbirləri haqqında fikirləşməli olmayacağıq, darıxdığımız ənənəvi həyatımıza geri qayıdacağıq". (Trend)