Koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr kimi, dünya iqtisadiyyatı da tənəzzül dövrünə qədəm qoydu.
Hazırda dünyanın iqtisadi mənzərəsi bərbaddır. İstehsal, xidmət və digər sahələr çökmüş durumdadır. Beynəlxalq maliyyə, reytinq təşkilatları pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərlə bağlı müxtəlif rəqəmlər açıqlayır, gələcək dövrlər üçün proqnozlar səsləndirir.
Beynəlxalq Valyuta Fondu (BVF) da pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərlə bağlı öz araşdırmasının nəticəsini ictimaiyyətə təqdim edib. Belə ki, BVF-nun açıqladığı rəqəmə görə pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollar ziyan vurur. Digər təşkilatların hesabatları ilə müqayisə etsək, rəqəmlərdə cüzi fərqlər olsa da, gəlinən nəticə eynidir: dünya iqtisadiyyatı tənəzzülə gedir.
Maraqlıdır, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərər kompensasiya edilə biləcəkmi? Bunun üçün nə qədər müddət lazımdır?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərəri tamamilə kompensasiya etmək mümkün olmayacaq:
“Çünki bu hesablamanın dəqiq olub-olmadığı da mübahisəlidir. Hər qurumun özünün hesablama metodu var. Dünya Bankı bir metodologiya ilə araşdırma və hesablama aparır, digər təşkilat başqa üsullardan istifadə edirlər. Amma ümumi olaraq təbii ki, bütün təşkilatlar birmənalı olaraq dünya iqtisadiyyatının tənəzzülə getdiyini deyir. Vəziyyətin stabilləşəcəyi və sözügedən itkilərin geri qayıtması məsələsinə gəldikdə isə bəzi sahələr üzrə proqnozlar var ki, o sahələrin tam bərpası 2027-ci ilə qədər mümkün olmayacaq. Bu, daha çox spesifik olan istehsal və xidmət sahələrinə şamil olunur. Bu sahələr illərlə inkişaf edib bu vəziyyətə gəlmişdi, indi isə dağıldı. Ona görə də bu sahələrdə stabilləşmə çox çətin olacaq. Eyni zamanda digər sahələr üzrə stabilləşmə ən yaxşı halda 2022-ci ilin 4-cü rübündə başlaya bilər. Bu da pandemiya əgər bu gün bitərsə, sözügedən stabilləşməni görə bilərik. Nəzərə alsaq ki, hələ koronavirusun aradan qalxması ilə bağlı konkret olaraq zaman, məkan çərçivəsi müəyyən olunmayıb, ona görə də əgər pandemiya bundan sonra 6 ay davam edəcəksə, proqnozlar da müvafiq dövrlərə qədər uzadılacaq”.