Uzun müddətdir ki, İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Sabir oğlu Məmmədovun qol qoyduğu qanunsuzluq əməlləri, geniş ictimaiyyətin nümayəndələri ilə bərabər, ölkə mediasının da gündəmini zəbt etməkdədir. Buna əsas səbəb, adı çəkilən bu şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, məmur adına ləkə gətirən əməllərə qol qoyması, ən əsası ölkə rəhbəri İlham Əliyev cənablarının vəzifə sahibi olan şəxslərlə bağlı verdiyi tapşırıq və tövsiyyələri qulaqardına vurmasıdır. Diqqət yetirək ki, hal-hazırda bu şəxs İmişli rayonunda strateji bir sahəyə rəhbərlik edir, amma Nizami Məmmədov onu unudur ki, bu gün o, daşıdığı vəzifəsinə görə olduqca diqqətli olmalı və hər cür dedi-qodulardan da uzaq olmağa çalışmalıdır. Görəsən o, bunu edirmi? Əsla, yox! Çünki əldə etdiyimiz məlumatlara görə, 08 mart günü dünyaya göz açan Nizami Məmmədov, hər ilin bu günü tamam olanda fərqli duruma düşür. Yəni, o, doğum gününü qeyd etmək üçün əvvəlcədən çox ciddi hazırlıq işlərinə başlayır. Yayılan məlumatlara görə İmişli Suvarma Sistemləri İdarəsinin rəisi, hər il 08 mart günü özü üçün böyük məclislər düzüb-qoşur, yubileylər keçirir. Məsələn, Nizami Məmmədov 49 yaşını Bakı şəhərindəki “NEON” palacedə, 50 yaş-yubiley tədbirini isə, paytaxtın prestijnı restoranlarından biri hesab olunan “ALTUN” sarayda keçirir. Düşündürücü hal olur ki, bu şəxsin özü üçün keçirdiyi tədbirlərdə ölkə şou-biznes nümayəndələrinin ən tanınmış simaları da iştirak edirlər.
Unutmaq olmaz ki, bir neçə il bundan öncə Prezident İlham Əliyev 50 illik yubiley tədbiri zamanı bildirdi ki, “Bəzi hallarda vəzifə sahibi olanlar özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr – bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”. Düzdür, ölkə rəhbəri tərəfindən belə bir tapşırıqlar verilsə də, bir çox vəzifə sahibləri ilə bərabər İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov da, bu yöndə verilmiş tapşırığa heç bir halda əməl etmir. Hətta, bu vəzifə sahibinin oğlunun paytaxt Bakı şəhərinin prestijli restoranlarında əylənməsi, qiyməti təqribən 300-500 manat məbləğində qəlyanlar sifariş etməsi də bəlli olur. Bu azmış Nizami Məmmədovun oğlunun atdığı bu cür addımlarla öyünməsi, müxtəlif pozalarda şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşımlar etməsi də, məhz gündəmi zəbt edən mövzulardan birinə çevrilir.
SSİ-i rəisinin qol qoyduğu qanunsuzluqlardan biri də, onun Rəhimov Əliş Cəbrayıl oğlu adlı şəxslə əlbir olaraq, rayonun Qaragüvəndikli kənd sakinləri Zamiq Qənbər oğlu Qənbərovu və Məmməd Ənvər oğlu Zamanovu, hər iki şəxsin xəbəri olmadan işə götürməsi və belə bir yolla külli miqdarda büdcə vəsaitlərini ələ keçirib mənimsəməsi olur. Xeberfakt.az-a çatdırılan məlumatlara görə, hər iki şəxs işə düzəlmək məqsədilə idarə rəisinin adına ərizə yazıb, lazımi sənədlərini də təqdim edirlər. Elə ki, günlər keçdikcə Zamiq Qənbərov və Məmməd Zamanov işə düzəlib-düzəyməyəcəkləri ilə maraqlanırlar, o halda idarədən hər iki şəxsə “Gözləyin, yaxşı olaca” deyə cavab verirlər. Xeyli müddət keçdikdən sonra bəlli olur ki, Nizami Məmmədovun rəis olduğu idarədə bu iki şəxsin adı işdə gedir və onların adlarına ayda təqribən 230-250 manat məbləğində əmək haqqı da yazılır. Amma, hər ay əmək haqları rəhbərlik tərəfindən mənimsənilir. Bundan əlavə, İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Qaragüvəndikli kəndinin digər sakini Zamin Qənbər oğlu Qənbərli adlı şəxsi də, məhz rəhbərlik etdiyi idarədə 01 fevral 2021-ci il tarixdə, ayda 250 manat əmək haqqı olmaq şərtilə maşinist köməkçisi vəzifəsinə işə götürür. Qeyd edək ki, rəis Nizami Məmmədov bu şəxsə qarşı da oxşar addımını atır və Zamin Qənbərlinin aylıq əmək haqqlarını mənimsəyir. Bu cür addımlar cinayət tərkibli əməllər olsa da, o, belə bir qanunsuzluq əməllərini törətməkdən heç də ehtiyat etmir. Bütün bunlara baxmayaraq, deyəsən hal-hazırda “Uca dağların başına qar yağmağa başlayıb”. Yəni, idarə rəisi Nizami Məmmədovun qol qoyduğu bu cür cinayət əməlləri İmişli rayon Prokurorluğunda araşdırılmaqdadır. İnanırıq ki, cənab Zaur Mikayılovun rəhbərlik etdyi və Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı aparılan araşdırmalar, bu şəxsin hüquqi müstəvidə cavab verməsi ilə nəticələnəcək. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik. Mövzuya qayıdacağıq.
Xeberfakt.az