Hər kəs o haqda məlumatlıdır ki, təhsilin inkişafı hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Hal-hazırda Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı bir daha onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Bundan əlavə, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar, bu gün ölkə rəhbəri tərəfindən uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında əsas rol oynayır. Bu gün cənab Prezidentin rəhbərliyi altında çoxşaxəli addımların atılmasına, hər kəsdə vətənpərvərlik əhvali-ruhiyyəsinin baş qaldırmasına, düşmən ölkəyə qarşı nifrət hissinin artdığı bir vaxtda, Xızı rayon Təhsil Şöbəsinə 2006-cı ilin may ayından rəhbərlik edən Oktay Rza oğlu Abdullayev isə, hal-hazırda fərqli yanaşmalarını ortaya qoymaqdadır. Qeyd edək ki, adı çəkilən bu şəxs Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 Oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına da layiq görülüb.
Yəni, Oqtay Abdullayevin ortaya qoyduğu yanaşmalardan biri də, hazırda ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərə qarşı bəslədiyi ögey münasibətin varlığıdır. Belə ki, redaksiyamıza daxil olan ilginc məlumatlara görə Xızı rayon Təhsil Şöbəsinə rəhbərlik edən bu şəxs, müəyyən yerlərdə giley-güzar edir ki, rayonumuza gətirilən dörd şəhidin dəfn xərclərini RİH-nin başçısı Xəzər Aslanov mənə tapşırıb. Bu da heç cür yolverilməz haldır. Rayon rəhbərliyi nəzərə almır ki, təhsil şöbəsi hansısa istehsal müəssisəsi deyil. Yəni, istehsal etdiyimiz məhsulları kimlərəsə sataq və əldə olunan gəlirlər hesabına dəfn xərclərini də ödəyə bilək. Bu cür yanaşmanın varlığını eşitdikcə, sanki şoka düşdük. Çünki, həmin gənclər öz canı-qanı bahasına düşmənlə üz-üzə dayanır, qorxmadan-çəkinmədən vuruşur və itirilmiş torpaqlarımızı geri qaytararkən şəhid olurlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına layiq görülən Oqtay Abdullayev isə, belə bir yanaşmasını ortaya qoyur.
Bəli, Vətən müqəddəsdir, hər kəs üçün əzizdir və onu göz bəbəyi kimi qorumaq, hər bir bir vətən övladı üçün müqəddəs borc olmalıdır. Bu müqəddəs borcu isə, uca Şəhidlik zirvəsinə yüksəlməklə qaytarmaq mümkün olur. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik- verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır və bu gün hər kəs bu borcun nə demək olduğunu yaxşı anlayır. Şəhidlərimizin qürurlu adları hər an qəlbimizdə olmalı, ürəklərimizdə də yaşamalıdır.
Əslində bu gün hər kəs özünü bir əsgər hesab etməli, Vətənin belə bir vaxtında əlindən gələni də əsirgəməməlidir. Çünki, bu gün də bir tarixdir və hər birimiz səfərbər olmalıyıq ki, yağı düşmənin başını birlikdə əzə bilək. Əgər atdığımız addımları davam etdirib parlaq qələbəyə nail olmasaq, tarix heç zaman bizi bağışlamayacaq. Buna görə də, hər birimiz öndə vuruşan əsgər və zabitlərimizə dayaq olmalıyıq, şəhid adına da hörmətlə yanaşmalıyıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az