Axtarış...

Neft Emalı Zavodunda FƏHLƏ ÜSYANI - NARAZILIQ VAR!

Neft Emalı Zavodunda FƏHLƏ ÜSYANI - NARAZILIQ VAR!


Heydər Əliyev adına Neft Emalı Zavodunun minə yaxın işçisinin etiraz aksiyası keçirdiyi bildirilir.

Millitv.az-ın məlumatına görə, Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən işçilərdən biri bildirib ki, zavodda əməkhaqları gecikdirilir.

“Əmək müqaviləsində qeyd olunub ki, əməkhaqları ayın 1-dən 15-ə qədər ödənilməlidir. Zavodda ümimi işçi sayı 1300 nəfərdir. Ayın 15-də əməkdaşların bir hissəsinin maaşını ödədilər. Qalanlar isə hələ də gözləyir. İki gündür ki, ard-arda zavodun min nəfər işçisi etiraz aksiyası keçirir”, – şikayətçi bildirib.

Aksiya iştirakçısının sözlərinə görə, şikayətlərini SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) nümayəndələrinə də bildiriblər:

“Onlar da dedilər ki, baxılacaq. Zavodda isə aidiyyəti şəxslər əvvəlcə dedilər ki, gecikmə olur, sonra bildirdilər ki, bankda problem var. Min nəfərin mart ayının maaşını verməyiblər”.

“Deyirlər ki, bu, inşaat işidir, gecikmə ola bilər. Biz maaşlarımızı və təzminat tələb edirik”, – deyə o qeyd edib.

Heydər Əliyev adına Neft Emalı Zavoddan münasibət öyrənmək mümkün olmayıb.

Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi, “Azərneftyanacaq”neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılıb.

Rəsmi məlumata görə, Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Bildirilir ki, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz