Axtarış...

Bu qədər vəsaiti ölkəyə niyə buraxmırıq – Əcnəbiləri qaçaq salan səbəblərin izi ilə

Bu qədər vəsaiti ölkəyə niyə buraxmırıq – Əcnəbiləri qaçaq salan səbəblərin izi ilə


Nazirlər Kabinetinin 2016-cı ildə qəbul edilmiş “Qrant müqavilələrinin qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi ilə bağlı qərarından sonra xarici qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycanda fəaliyyəti məhdudlaşıdılıb. Qeyd edək ki, buna qədər qrantlar əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyata alınırdı, hüquqi şəxslər İqtisadiyyat Nazirliyində, dini qurumlar da Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsində. Amma xarici təşkilatların Azərbaycandakı nümayəndəlikləri sadəcə Humanitar Komissiyaya bir məktub göndərirdi və qrantlarının fəaliyyətə başlamasını elan edirdilər. Onlar beynəlxalq müqavilələrlə fəaliyyət göstərdiklərindən qeydiyyatları nəzərdə tutulmurdu.

Mövcud şəraitdə isə xarici təşkilatların Azərbaycandakı nümayəndəlik və filiallarına da yerli QHT-lər kimi qrantlarının qeydə alınması tələbi qoyulub. Məhz bundan sonra xarici QHT-lərin əksəriyyətinin yerli filialları və ofisləri ölkəmizi tərk etdi. Beləliklə, bu gün Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar ölkəyə vəsait gətirə bilmir, çünki buna mövcud müvafiq prosedurlar əngəl törədir.

Beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq etmədən QHT-lərin inkişafının mümkünsüz olduğunu bəyan edən vətəndaş cəmiyyəti fəalları isə hesab edirlər ki, bu qaydalara yenidən baxılmalı və xarici donor təşkilatların Azərbaycanda fəaliyyətinə şərait yaradılmalıdır. Onların sözlərinə görə, onsuz da qeyri-rəsmi yollarla bu vəsaitlər ölkəmizə daxil olur və bunun qarşısını almaq üçün başlıca şərt onlara şərait yaratmaqdır. Hətta iddialar var ki, məhz bu səbəbdən xarici təşkilatlar işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesində iştirak etmir və ya etsə də, sayları cüzidir.

Qeyd edək ki, ilin birinci rübünün yekunlarına dair müşavirədə Prezident İlham Əliyev bununla bağlı fikirlər səsləndirib. Bildirib ki, heç bir xarici təşkilat, fond işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycana yardım etməyib.

Belə olduğu təqdirdə, əcnəbi QHT-lərin Qarabağın minalardan təmizlənməsi prosesində və humanitar proqramlarda iştirakına nail olmaq üçün milli qanunvericiliyə dəyişiklik etmək zəruri deyilmi? DİA.AZ xəbər verir ki, AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Hüquqşünas Xalid Ağalıyev deyib ki, Azərbaycanda xarici QHT-lərin fəaliyyəti üçün şərait yoxdur: “Bu durum təkcə xarici deyil, yerli QHT-lər üçün də belədir. Təxminən səkkiz il əvvəl QHT-lərlə bağlı qanunvericiliyə onların fəaliyyətinə neqativ təsir göstərən dəyişikliklər edildi. Həmin dəyişikliklərdən sonra bir neçə tanınmış beynəlxalq QHT-yə qarşı cinayət işi açıldı, onların əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldı. Nəticə isə göz qabağındadır”.

“Məsələn, Ermənistan və Gürcüstanla müqayisə etsək, həmin ölkələrdə ofisi olan, fəaliyyət göstərən xarici QHT-lərin sayı bizdəkindən on dəfələrlə çoxdur. Bu da, heç şübhəsiz, onların fəaliyətinə ölkəmizdə yaradılan maneələrlə bağlıdır. 2020-ci ilin yayında hökumət elan etmişdi ki, qanunda yenidən dəyişikliklər olacaq. Parlamentdə müvafiq dəyişiklik təklifləri də var idi. Lakin bu, baş vermədi. Əslində bunun üçün uzun zamana da ehtiyac yoxdur. Fakt da odur ki, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti pisləşməyə doğru gedir”, - deyə həmsöhbətimiz bildirib.

O, hesab edir ki, qanunda mütərəqqi dəyişikliklər olarsa, xarici QHT-lər yenidən Azərbaycana qayıdacaq: “Bu halda ölkəmizi donor təşkilatlar üçün cəlbedici bir ölkəyə çevirə bilərik. Mövcud şəraitdə yaradılan əngəllər onların Azərbaycana olan marağını azaldır. Çünki burada fəaliyyət göstərmələri üçün münbit şərait yoxdur. Azərbaycanda ofis açmaqdan tutmuş, vəsaitlər cəlb etməyə qədər xeyli keçilməz əngəllər mövcuddur. Hökumət QHT-lər üçün ümumi qəbul edilmiş hüquqi mühit yaratmaqdan çəkinir, QHT-lərin hökumətin istəyinə uyğun çalışmasını istəyir. Belə nüanslar, çətinliklər ölkəmizin QHT-lər üçün cəlbediciliyini azaldır. Hətta beynəlxalq təşkilatların Qarabağın minalardan təmizlənməsində iştirak etməməsi ilə bu problem arasında da bir əlaqə var”.

Ağalıyev ölkədə güclü, ixtisaslaşmış yerli QHT-lər olmasını vacib sayır: “Bizim mühit bu inkişafa imkan vermir, əksinə, QHT-lərin müstəqilliyini məhdudlaşdırır, hökumətin nəzarətinə sürükləyir. Belə mühit istənilən xarici QHT-ni, donoru ölkədən çəkindirir. Əslində, daha çox yerli ixtisaslaşmış təşkilatlar bu sahəyə uyğun QHT-ləri, bu sahə üçün nəzərdə tutulan vəsaitləri ölkəyə cəlb etməlidir. Bütün hallarda beynəlxalq QHT-lərlə sıx işləmək lazımdır. Onları hədəfə almaq, cinayət işi açmaq, gözümçıxdıya salmaq faydasızdır”.

Hüquqşünas Ələsgər Əhmədoğlu da oxşar fikirdədir: “Azərbaycanda QHT-lərin - istər yerli olsun, istərsə də xarici - fəaliyyəti üçün münbit şərait yoxdur. Azərbaycanda qəbul olunan qaydalara görə, qeydiyyatdan keçmədən donorlar qrant verə bilməz. Həmin donorlardan da alınan vəsaitlərin qeydə düşmə imkanı olmayacaq. Yəni ölkəmizdə işləmək istəyən xarici QHT-lərin nümayəndəlik və filialları hökmən burda qeydiyyatdan keçib, sonra vəsait almalıdır”.

“Hətta öz ölkələrindən, mərkəzi ofislərindən alsalar da, həmin mərkəzi ofis bir formada gərək burda qeydiyyata düşsün. Bu isə öz növbəsində beynəlxalq qaydaların pozulmasıdır. Bundan sonra onlar niyə Azərbaycanda fəaliyyət göstərsinlər ki?! Digər yandan bəzilərinə qarşı cinayət işi də açıldı. Nəticədə Azərbaycanı tərk etdilər. Nə qədər münasibət bu formada davam edəcək, onlar Azərbaycanda fəaliyyəti də mümkünsüz olacaq”, - deyə ekspert vurğulayıb.

Qeyd: Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin mövqeyini öyrənmək istəsək də, zənglərimizə cavab verən olmadı.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, professor Anar İsgəndərov isə o fikirdədir ki, xarici təşkilatların Azərbaycanda fəaliyyəti üçün münbit şərait var idi: “Bu, o dövrlər idi ki, torpaqlarımız işğal altında idi. Milyonlarla soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdü. Xocalıda misli görünməmiş soyqırımı törədilmişdi. Lakin bu təşkilatlar bir dəfə baş verənlərlə bağlı bəyanat vermədi. Onların çoxu da daxildə təxribat yaratmaq, nifaq salmaq istəyirdi”.

“Bu gün onlar Ukraynada insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərdiklərini bəyan edirlər. Bəs bu hüquq Azərbaycanda onların yadına düşmürdü? Hesab etmirəm ki, onlar yenidən Azərbaycana qayıdarsa, bu dəfə ədaləti tərənnnüm edəcəklər. Nə humanitar layihələrdə iştirak edəcəklər, nə də minaların təmizlənməsində. Yenidən analoji fəaliyyətlərini davam etdirəcəklər”, - deyə deputat söyləyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov da beynəlxalq təşkilatların ədalətsiz mövqe sərgilədiyini düşünür: “Qərbin Azərbaycana qərəzli münasibəti bəzi beynəlxalq təşkilatların da fəaliyyətində öz əksini tapır. Ukraynada baş verənlərə münasibətdə kifayət qədər prinsipiallıq nümayiş etdirən Qərb silah təchizatından tutmuş, humanitar yardıma qədər onlara çoxvektorlu dəstək nümayiş etdirir. Lakin Azərbaycana münasibət fərqlidir. Biz bunu 44 günlük Vətən müharibəsində də görmüşük, ondan əvvəl də, sonra da”.

“Düzdür, hazırda 20-25 il əvvəlki ilə müqayisədə Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin sayı azdır. Lakin məlumatı olan bir şəxs kimi deyə bilərəm ki, bu gün də Azərbaycanda analoji fəaliyyət göstərən xarici təşkilatlar mövcuddur. Təsəvvür edin ki, bir zamanlar onların sayı çox idi. Lakin davamlı olaraq ölkəmizə qarşı qarayaxma siyasəti aparırdılar. Çox təəssüf ki, yaradılan şəraitdən sui-istifadə etdilər. Məhz bundan sonra QHT-lərlə bağlı qaydalara dəyişiklik edildi. Hesab edirəm ki, bu, çox haqlı qərar idi və kifayət qədər də ciddi əsasları var”, - deyə müsahibimiz qeyd edib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev öz növbəsində Azərbaycan hökumətinin xarici QHT-lərlə əməkdaşlıqda maraqlı olduğunu deyib: “Hökumət qanunvericilik dəyişikliklərinə getməyə də hazırdır. Əgər onlar iddia edirsə ki, guya ölkəmizdə fəaliyyət göstərə bilmədiklərinə görə Qarabağın minalardan təmizlənməsi və humanitar proqramlarda iştirak edə bilmirlər, o zaman iradlarını söyləsinlər. Ortaya niyyət qoysunlar və Azərbaycan hökuməti ilə danışıqlara başlasınlar. Məhz bundan sonra bilinəcək ki, nə qədər səmimidirlər. Konstitusiya Araşdırmalar Fondunun adından bu istiqamətdə qanunvericiliyə dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hesab edirəm ki, bu dəyişikliklər qəbul olunacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz