“Yeni Müsavat”ın əməkdaşları olaraq “Azərkitab”ın binasına yollanıb, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Əraziyə çatar-çatmaz bir neçə şəxsin binanın qapısını açmaq istədiklərini gördük. “Bu qapı niyə bağlıdır, avadanlıqlarımızı götürmək istəyirik axı, kimsə yoxdurmu?”, - deyə bir nəfər səsləndi. Qapının bağlı olduğunu, cavab verilmədiyini görüncə isə həmin şəxs ərazidən uzaqlaşdı. Binanın qapılarının bağlı olmasından əlavə, üzərində “Azərkitab” yazılan loqosu da götürülmüşdü. Ətrafa nəzər yetirdiyimiz anda iki qadın yaxınlaşaraq mərkəzin nədən bağlı olduğunu bizdən soruşdu. “Neçə gündür ki, gəlirik bura, amma bağlıdır. Bu mərkəzi biz çox bəyənirdik, övladlarımı tez-tez bura gətirirdim, müxtəlif kitablar alırdıq. Nəyə görə bağlayıblar, çox təəssüf edirəm ki, insanları mütaliəyə çağıran bu cür zəka ocağı bağlanıb. Kaş ki, yenidən əvvəlki yerində bərpa olunardı”, - deyə Səmayə adlı paytaxt sakini bildirdi.
“Azərkitab”ın binası şəhərin mərkəzində yerləşdiyinə görə işbazlar məkana tamah salıblar. Mərkəzin layihə rəhbəri Sabir Həsənov də bizimlə söhbətdə təsdiq etdi ki, “Azərkitab”ın yerində restoran açılacaq: “4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı və digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik. Ümid edirik və inanırıq ki, dövlətimiz tərəfindən ”Azərkitab" üçün uyğun bir məkanda yer veriləcək. 2017-ci ildə açılan ədəbi ictimaiyyətin isti ocağında yığıncaqlar, təqdimatlar keçirilirdi. “Azərkitab” böyük ümidlə açılmışdı. Binanın sahibi icarə haqqını iki dəfə qaldırdı və biz o pulu ödəyə bilmədik. “Azərkitab”ın yerləşdiyi binanın sahibi oranı restoran etmək istəyir. Təyinatını dəyişib restorana çevirirlər. Bizi tələsdirdilər, çox sıxışdırdılar, dedilər icarə haqqını gecikdirirsiz, əşyalarımızı təcili yığışdırdıq. Amma baxın, bir aydır ki, “Azərkitab”ın qapıları bağlıdır, amma o bina hələ boşdur, işləmir. Çox çətinliklə, avadanlıqarımızı dost-tanışların anbarlarına yerləşdirdik, bu özü də bizə zərbə idi. Çünki xeyli kitablarımız, avadanlıqlarımız toz-torpağın içində qaldı. Çox təəssüf edirəm ki, sahibkarlar bizi bu işdən uzaqlaşdırmağa çalışdılar. Mən dövlətimə xidmət edirəm, gənclərin maariflənməsi üçün əlimdən gələni etmişəm, bu 4 ildə gəncləri müəlliflərlə görüşdürdüm, gənc yazarlarımızı tələbələrlə görüşdürdüm. Xüsusi istedada malik uşaqları ortaya çıxardıq. “Kitaba qayıdaq” devizi altında kifayət qədər iş gördük".
Həsənov dedi ki, Mədəniyyət Nazirliyinə və başqa müvafiq qurumlara yer üçün müraciət edilib: “İndi əsas istəyimiz odur ki, dövlət ”Azərkitab"a dəstək olsun, bina ilə təmin etsin, biz də fəaliyyətimizi davam etdirək. “Azərkitab” bir mədəniyyət mərkəzinə çevrilmişdi. Amma bu, gəlir gətirən sahə olmadığı üçün icarə haqqını ödəməyi çatdıra bilmədik. Son 4 ildə gördüm ki, icarə haqqını çatdıra bilmirəm, heç kəs də mənə dəstək olmadı".
S.Həsənov bildirdi ki, Prezidentin “Azərkitab”a dəstək olacağına ürəkdən inanır: “İndiyə qədər aidiyyəti dövlət qurumlarına bir neçə dəfə müraciət etmişəm, inanıram ki, ”Azərkitab"ı bina ilə təmin edəcəklər. 2017-ci ildən “Azərkitab”ı qurmuşuq. AYB-dən də bizə dəstək verirlər, Mədəniyyət Nazirliyində də müəyyən adamlar məsələyə münasibət bildiriblər. Dövlətdən “Azərkitab”a dəstək gözləyirik, ümid edirik ki, bizi tək qoymayacaqlar".
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a bildirib ki, ədəbiyyat adamlarının, kitabsevərlərin üz tutduğu bu mədəniyyət mərkəzinin bağlanması təəssüf doğurur. O, imkanlı şəxsləri, sahibkarları “Azərkitab”a dəstək olmağa çağırıb: “”Azərkitab" son illərdə ədəbiyyatın təbliği ilə məşğul olan bir müəssisə idi. Burada çoxlu ədəbiyyat tədbirləri, mədəniyyət tədbirləri, kitab təqdimatları keçirilir. Hətta həftənin şənbə-bazar günləri yazıçıların yığışdığı bir müəssisə olub. Bizim bütün gənc yazarların görüşləri və kitab təqdimatları da çox simvolik qiymətə, yaxud vəsaitsiz həyata keçirilib. “Azərkitab” bir mədəniyyət mərkəzi kimi formalaşmışdı. Mərkəzin iqtisadi çətinliyə görə bağlanması məni məyus etdi. Arzu edərdim ki, imkanlı şəxslər, dövlət qurumları kitaba dəstəyi öz mənəvi borcu kimi qəbul etsinlər. Biz çalışmalıyıq ki, hər vasitə ilə belə bir gözəl mədəniyyət məkanı özünü qoruyub saxlaya bilsin. Mərkəzin yerləşdiyi bina çox əzəmətli idi, əsl mədəniyyət müəssisəsinə layiq idi. Ümid edirəm ki, “Azərkitab”ın fəaliyyətini davam etdirməsi üçün əllərindən gələni edəcəklər. Çünki bu mərkəzin neçə il göstərdiyi fəaliyyət onun yaşamasını zəruri edir".
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, “Azərkitab” kimi böyük bir kitab mərkəzinin bağlanması xoşagələn hal deyil: “Gərək belə mərkəzlərin yeri daha çox olsun. Orada yalnız kitab deyil, kitabla bağlı tədbirlər də keçirilirdi. İmza günləri keçirilirdi. Belə yerlərimiz onsuz da yoxdur. ”Azərkitab"ın da bağlanması yaxşı deyil. Ümid edirəm ki, hər hansı yolla “Azərkitab” bərpa olunar, öz işinə davam edər. Bir naşir olaraq onlarla işləməkdən zövq alırdım".
“Yeni Müsavat”