“2019-cu ildə boynumdan əməliyyat olunmuşam. Əməliyyatımı həkim Rasim Quliyev edib. Birinci əməliyyatdan əvvəl riskləri bildirmişdi. Demişdi ki, beyninə qan sıza bilər. Ölüm riski olduğunu da söyləmişdi. Amma əməliyyat uğurlu olmuşdu, sol qolumda zəiflik olsa da, ümumi vəziyyətim normal idi”. Millitv.az xəbər verir ki, bunları AYNA-ya müraciətində vətəndaş Rəfail Novruzov deyib. Və bundan sonra problemlərinin başladığını bildirib: “Sonrakı mərhələdə həkim məni nəzarətsiz qoydu. Təzyiqim, temperaturum qalxdı, başımda gicəllənmə olurdu. Bir dəfə yıxıldım və ikinci dəfə əməliyyat edildim. İkinci əməliyyatda həkim implantı tərsinə qoydu və problemlər də bundan sonra başladı. Üçüncü əməliyyatda isə daha da pisləşdim”.
“Nə olsun ki, mən əməliyyatla bağlı risklərə qol çəkirəm? Bu, o demək deyil ki, mənim üstümdə təcrübə keçilməlidir. Bütün sinirlərim sıxılıb. Nəfəs ala bilmirəm. Həkimə dəfələrlə yalvardım, məni əməliyyat edib yaxşılaşdırmasını istədim. Olmadı. Məhkəməyə verdim, məndən incidi. Bu həkimin bacardığı bu qədərdir. Mən bilirəm ki, həkim hər zaman özünümüdafiə mövqeyində dayanacaq. Amma əllərimdə sübutlarım var ki, məni həkim bu hala qoyub”, - deyə şikayətçi söyləyib.
Novruzovun sözlərinə görə, əməliyyatın Türkiyədə edilməsi mümkündür, lakin bunun üçün 40 min manat məbləğində pula ehtiyac var: “Artıq vəziyyətim ağırdır, əməliyyat da çox çətin əməliyyatdır. Bakıda heç bir həkim öz üzərinə götürmür. İndi qapı-qapı düşüb pul yığıram. Əməliyyatım Türkiyədə mümkündür. 40 min manat pul lazımdır ki, əməliyyat olunub sağalım. İmkanlı şəxslərdən xahiş edirəm, mənə yardım əli uzatsınlar”.
Öz növbəsində qarşı tərəf – həkim Rasim Quliyev AYNA-ya açıqlamasında məhkəmənin və tibbi ekspertizanın çıxartdığı nəticəyə istinad edərək, sözügedən məsələdə heç bir məsuliyyət daşımadığını deyib: “Təxminən iki ildir, məhkəmə gedir. Xəstə üç dəfə tibbi ekspertizadan keçib. Nəticəyə görə, ortalıqda mənim məsuliyyət daşıyacağım hansısa bir məqam yoxdur. Xəstə məndən sağlamlığa ziyan vurulmasına görə 100 min manat pul istəyir. Sizdən əvvəl çox yerlərə şikayət edib - Prezident Administrasiyasına, Mehriban xanım Əliyevaya. Üstəlik, məni məhkəməyə də verib. İki ildir, bu məsələ davam edir”.
“Əməliyyatın yanlış olması tibbi ekspertizalarda öz təsdiqini tapmayıb. Mənim hansısa məsuliyyətim yoxdur. Sadəcə adam sosial problemlərini mənim vasitəmlə həll etmək istəyir. İşsizdir, boşanıb, evi yoxdur, amma bunları mənmi etmişəm? Mənmi günahkaram? Onsuz da o, əməliyyata gələndə belə idi”, - deyə həkim vurğulayıb.
Quliyev qeyd edib ki, əməliyyat dövlət hesabına edilib: “Özəl klinikalarda müayinədən keçdikdən sonra əməliyyat üçün bizə müraciət edib. Bizim xəstəxanaya da müraciət etdiyində əməliyyatı mənə həvalə ediblər. Risklər və ola biləcək fəsadlar barəsində də xəstəyə və qohumlarına dəfələrlə bildirmişəm. Biz hamımız azərbaycanlıyıq, əgər bir qohumumuzda problem olsa, onlar özləri həkimdən əl çəkməzlər. Amma heç bir qohum mənə müraciət etmir, xəstə ilə üzbəüz qalmışam”.