Özünü Qarabağ müharibəsi qazisi, polkovnik kimi təqdim edən ( rəsmi tərcümeyi-halında ) Niyazi Bayramovun barəsində yazılan bütün neqativ xəbərləri ZAMAN-ın ayağına yazmaq olar.
Amma birini heç cür və heç hara yazmaq olmur...
Doğrudanmı, nəinki böyük bir şəhərin rəhbəri, hətta sıradan bir adam belə bir addımı ata bilərmi..?
Söhbət 44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir.
Təsəvvür edirsiniz, erməni qəsbkarlarının raket hücumu nəticəsində Gəncə sakininin evi tamamilə dağılıb, ev əşyaları məhv olub….doğmaları ölüb…vətəndaş küçədə qalıb…
Və cənab Prezident İlham Əliyevin göstərişi ilə Gəncə sakinlərinin evlərinin bərpası üçün dövlət vəsaiti ayrılıb. Amma….
Əmması odur ki, erməni terroru nəticəsində evi dağılan, doğması ölən, yaralanan şəxslərə dövlətimiz kompensasiya verir, öz vətəndaşını himayə edir…
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və işçiləri isə bir gözü görməyən Gəncə sakininə 6 min manata qol çəkdirib, ona cəmi 1500 manat pul veriblər.
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan zavallıya dövlət 6 min manat kömək edir, 75 faizini Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
İndi özünüz deyin, hansı daha dəhşətlidir: erməni terroru, yoxsa məmur özbaşınalığı..?
Erməni düşməndir, özü də qansız düşmən, onun elədikldərini harasa yazmaq olar.
Bəs, sapı özümüzdən olan məmurun əməllərini hara yazaq..?
Ona görə də möhtərəm Prezidentimiz dəfələrlə belə məmurlara üzünü tutaraq deyir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Elə bilirsiniz Niyazi Bayramovun adamlarının əməlləri bununla bitir ?
Təsəvvür edirsiniz, 8 ay sonra oğlunun nəşini tapan, Qarabağ şəhidi Elvin Mustafayevin atası Fəxrəddin kişi neçə aydır Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir.
Bu adamdan soruşan lazımdır ki, oturmusan kabinetində, sənin 5-10 dəqiqə vaxtın yoxdurmu, şəhidin atasını qəbul edəsən..?
Axı, şəhid atası Niyazi Bayramovdan heç nə istəmir. Sadəcə, oğlunun və digər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Bulağın inşa edilməsinə dəstək istəyir. Amma...
Əmması odur ki, Fəxrəddin kişi və digər şəhid ataları, əmiləri icra hakimiyyətinin binası önündə günlərlə gözləsələr də icra başçısı onları qəbul etmir. Və bu boyda dərdə və biganəliyə ürəyi dözməyən Fəxrəddin kişinin ürəyi dayanmaq həddinə çatıb.
Yaxud başqa bir misal.
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi basdıra bilmir.
Amma 44 günlük müharibə gedən ərəfədə öz övladına Londonda 30 milyon dəyərində mülk alır.
Yaxud Kəlbəcərdə şəhid olan 21 yaşlı Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası ŞİH-nin binası qarşısında çoxlu sayda dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Belə şikayətlər bir deyil, iki deyil, üç deyil...Amma əvəzində...
Bu yaxınlarda Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində 10 milyonluq restoranı tapıldı. Və daha nələri…
Hələ bu harasıdır…?
Niyazi Bayramov Prezidentin Gəncəyə səfəri zamanı dövlət başısını aldadıb...
Belə ki, bütün ölkənin izlədiyi videoda Gəncədə Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar.
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..?
Əslində belə məmurun yeri başqa məkandır...
Niyazi Bayramovun Mingəçevirin icra başçısı olarkən Kür çayı boyu satdığı münbit torpaqlarının dəyəri 10 milyonlarladır.
Bu siyahını kifayət qədər uzatmaq olar.
Yəqin ki, yaxın zamanda bütün bunlara Niyazi Bayramov istintaqda cavab verməli olacaq.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hələ biz özündən 17 yaş böyük dostdan danışmırıq. //gundelik-baku.com//