Axtarış...

Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub? - İLGİNC FAKTLAR

Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub? - İLGİNC FAKTLAR

Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır?

Aktualinfo.org dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasısında apardığı araşdırmalara görə son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı üzə çıxır. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ən son tenderdə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə 5000000 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 09.04.2020-ci il tarixdə 4600000 manat, 06.10.2020-ci il tarixdə 1800000 manat, 19.03.2021-ci il tarixdə 9400000 manat, 12.08.2021-ci il taixdə 5000000 manat məbləğində satınalma müqavilələri bağlayıb ki, ümumi olaraq 20 800000 manat təşkil edir.

Göründüyü kimi bütün bu rəqəmlər İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları zamanı mütləq göstərilməlidir.

İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə isə 30.04.2020-ci il tarixdə 400000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hələ Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 14 mart 2019-cu il tarixdə də “Rövşən Oğuz Qrup” MMC ilə 4000000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır. Bu da üst-üstə 25 milyon manata yaxın dövlət vəsaiti deməkdir.

Qeyd edək ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.04.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 1 , ev 8, “ADORE PLAZA”, 3-CÜ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Mustafayev Hafiz Carı oğlu qeyd olunub.

Müqayisə etmək üçün “MİDA” MMC-nin elə Gəncə şəhərində, güzəştli mənzillərin tikintintisi üçün 14.09.2020-ci ildə elan etdiyi tenderlərə nəzər salmağımız kifayətdir. “MİDA” MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi işləri üzrə keçirilmiş tenderlərdə 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 333 947 manat, 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 321 624.14 manat, 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisinə isə 8 858 274.43 manat vəsait ayrılıb.

Göründüyü kimi “MİDA” MMC 6,23 ha ərazidə ümumi olaraq 21 513 845 manata 2 bloklu, 9-12 mərtəbəli böyük bir yaşayış kompleksinin tikintisini artıq yekunlaşdırmaq üzrədir və yaxın gələcəkdə satışını təşkil edəcək.

Bəs necə olur ki, Gəncə şəhər İcra Hakimiyyəti 3 hektara yaxın ərazidə 25 milyon manat vəsait ayırılmasına baxmayaraq bir İdman Sarayının tikintisini üç ildir ki,başa çatdıra bilmir?

Biz bu məbləğə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Daha əvvəllər isə nə qədər vəsait ayrılıb məlum deyil.

Qeyd edək ki, bir neçə gündən sonra Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsinin üç ili tamam olacaq. Fəaliyyətə başladığı üç il ərzində bir İdman Sarayının tikintisini başa çatdıra bilməyən İcra başçısı haqqında nə düşünmək olar? Burada vəsait çatışmamazlığından söhbət gedə bilməz. Rəsmi dövlət qurumlarının yaydığı məlumatlardan da görsəndiyi kimi, hər il kifayət qədər vəsait ayrılıb. Gəncə şəhər İcra Hakimiyyəti istəsəydi işi ləngidən “Rövşən Oğuz Qrup” MMC ilə müqaviləyə xitam da verə bilərdi, yaxud növbəti müqavilələri başqa, daha çevik iş görən şirkətlərlə də bağlaya bilərdi. Amma göründüyü kimi, bütün bunların heç biri baş verməyib və Gəncədə İdman Sarayında tikinti işlərinin davam etdirilməsinə hələ də vəsait ayrılır. Təbii ki,burada vaxt Niyazi Bayramovun xeyrinə işləyir. Vaxt nə qədər çox uzadılsa, ona bir o qədər xeyirdir. Bu minvalla görəsən Niyazi Bayramova Gəncədə İdman Sarayının tikintisini yekunlaşdırmağa neçə il lazım olacaq?

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz