"Tibbi-Sosial Ekspert Komissiyasındakı (TSEK) həkimlər mənə əlillik düşdüyünü şifahi olaraq desələr də, rəsmi sənəddə bir daha müayinədən keçməyi tövsiyə edirlər. Halbuki mən Bakıdakı Respublika Dəri-Zöhrəvi Dispanserində stasionar müalicə alanda orada mənimlə eyni palatada yatan və eyni xəstəliyi olan şəxslərdən öyrənmişdim ki, onlara əlillik təyin olunub”. Dia.az-ın məlumatına görə, Bərdə sakini Osman Məmmədov Meydan TV-yə danışır ki, 5 ildən çoxdur səhhətində yaranan problemlərə görə xəstəxanalarda stasionar müalicələr alır.
Ona vulqar pemfiqus (hormondan asılı vəziyyət) diaqnozu qoyulub. Əlilliyin təyinatı üçün tələb olunan sənədləri toplayıb Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edəndə hər dəfə eyni cavabı alır – bir daha müayinədən keç… Osman Məmmədovsa deyir, indiyədək dəfələrlə müayinədən keçib və stasionar müalicələr alıb: "Xəstəxanalarda dəfələrlə ambulator və stasionar müayinələrdən keçmişəm. 8-11 fevral 2017, 7 avqust 2018, 17 avqust 2019, 12 fevral – 5 mart 2020, 1 mart-15 mart 2021 tarixlərində həm ambulator, həm stasionar müayinə və müalicələr olunmuşam. Mənim aylarım, illərim elə xəstəxanalarda keçir. Hər dəfə Bərdədən Bakıya gəlirəm, xəstəxana qapılarında qalıram. Müayinələrə, müalicələrə xərclədiyim pullara görə borclanıram. Halbuki, o komissiyanın üzvləri də yaxşı bilir ki, bu xəstəliyin müalicəsi yoxdur, bununla belə, müraciət edəndə yenə də deyirlər, get, yenə müayinədən keç…”
Hüquqşünas: "Ömürlük əlillik təyin olunmalıdır”
Hüquqşünas Namizəd Səfərov deyir, "Əlilliyin müəyyən olunması meyarları”na görə, dəri və selikli qişanın yayılmış zədələnməsi və ümumi vəziyyətin pozulması ilə (vulqar, həqiqi akantolitik pemfiqus) müşahidə olunan xəstəliklərə görə ömürlük əlillik təyin olunur. Əgər xəstənin bu diaqnozunu təsdiqləyən sənədi varsa və aidiyyəti qurum əlilliyi təyin etmirsə, vətəndaş məhkəməyə müraciət edə bilər.
Osman Məmmədovsa bildirir ki, o, bu addımı atıb və 3 aydan çoxdur ki, məhkəmə yolunda qalıb, Belə ki, növbəti ambulator müayinədən keçdikdən sonra ötən il iyulun 7-də Tibbi-Sosial Ekspert Komissiyasından yenə eyni cavabı alıb. Baxmayaraq ki, çoxsaylı xəstəlikləri bir sıra tibbi sənədlərlə də təsdiqlənib. Nəhayət, ötən ilin sonunda məhkəməyə müraciət edib.
Əvvəllər TSEK yollarında, indi də məhkəmə qapılarında…
Osman Məmmədovun deməsinə görə, indi də onun qarşısında şərt qoyulur: "TSEK deyir, get məhkəmədən şikayətini geri götür, gəl, sənə əlillik təyin edək. Mənsə onlara inanmadığım üçün addımımı geri atmaq istəmirəm. İndi qalmışam məhkəməylə TSEK arasında – məhkəmə deyir, get Komissiyadan rəy al gətir, Komissiya deyir, get, məhkəmədən şikayətini geri götür… Hakimə deyirəm, axı sən məhkəməsən, sorğu göndər, özün al, mən niyə gedib şikayətçi olduğum idarədən rəy istəməliyəm?.. Niyə gedib deməliyəm ki, səni məhkəməyə vermişəm, mənə rəy ver, aparım məhkəməyə verim… İndiyədək təkcə TSEK-in yolunda qalmışdımsa, indi də 3 aydan çoxdur ki, məhkəmə məni get-gələ salıb”.
Osman Məmmədov xəstəliyinə görə heç bir yerdə işləyə bilmir.
Osman Məmmədovun Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddiasına Bakı İnzibati Məhkəməsində baxılır. Məhkəmədən Meydan TV-yə bildirilib ki, bu iddia ərizəsi hakim Həmid Ağalarovun icraatındadır. Növbəti məhkəmə iclası mayın 10-na təyin edilib.