Əlilliyin müəyyən edilməsi sahəsində rüşvət və korrupsiya hallarına son qoymaq üçün 2016-cı ildən tətbiq edilən elektron qayda özünü doğrultmadı. Tibb, sosial sahə məmurlarının mütəşəkkil özbaşınalığına nəinki son qoyuldu, əksinə, “özbaşına rüşvət tarifləri” elə qaldırıldı ki, (gerçək xəstələrə) əlçatan olmadı . Düzdür, əvvəllər də poliklinika və TSEK həkimləri xəstənin başlıca olaraq “cibini yoxlayıb” “forma-88” və “əlillik qrupu” verirdilər, amma bir ayrıntı vardı ki, xəstə TSEK -də xəstəliyini əyani göstərib hüququnu tələb edə bilirdi. Sonralar xəstələr hətta illərlə poliklinikadan “forma-88” almağa “haqları çatmırdı”, sözügedən formanı alanda isə TSEK -in “elektron dələduzluğu” ilə üzləşirdi. Təsəvvür edin, hərbi xidmət zamanı xəstələnib “anadangəlmə” ürək qüsuru ilə xidmətdən tərxis olunan 19 yaşlı Hikmət İbrahimovun Xətai rayonu, 28 saylı poliklinikadan “forma-88” alması bir ildən çox çəkib və yalnız poliklinikanın rəhbərliyi dəyişəndən sonra gerçəkləşib. Bu dəfə TSEK elektron qaydada müəyyən edib ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının diaqnozu “təsdiqini tapmır” ! (?) Özbaşınalığı təsəvvür edirsiniz? Hər 2-3 aydan bir müvafiq ixtisaslı tibb müəssisələrinin diaqnozları ilə doğrulanan “forma-88” TSEK -ə göndərilsə də, hər dəfə “əlavə müalicəyə ehtiyacı var “ adı ilə əlilliyin qiymətləndirilməsindən imtina edilib. Məhkəməyə müraciət edəndə isə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi ( hakim Aygün Abdullayeva) ekspertiza təyin edib və rəy verilməsini cavabdeh TSEK -ə tapşırıb ! (?) Hansı cavabdeh özünə qarşı rəy verər?
Xətai rayonu, 7 saylı poliklinika poliklinikanın (baş həkimi Şəlalə Səfərova) 10-15 ilin ürək, diabet , vərəm xəstəsi Bədəlov Zahid Xanmalı oğlunu 4-5 il süründürəndən sonra, axırı, 31.08.2020-ci il tarixli “forma-88” “ÜİX Gərginlik stenokardiyası ll f/s. AKŞ×3 əməliyyatından sonrakı vəziyyət. QDS II dərəcə. Hipertoniya xəstəliyi ll mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritdən sonrakı vəziyyət. “ diaqnozu ilə ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) daxil edilib. TSEK anında eyni 31.08.2020 tarixində əlilliyin qiymətləndirilməsindən imtina edib. Səbəb kimi, NK--nın 16.01.2020 tarixli qərarının 1.5.1 bəndinə əsasən , son 1 ildə heç bir ixtisaslaşmış müalicə və müayinədə olmadığı üçün əlavə müalicəyə ehtiyacın olması göstərilib. Elə bu tarix və “səbəb” TSEK -in qanunsuzluğunu tam çılpaqlığı ilə ortaya qoyur və əlilliyin rüşvətlə müəyyən edilməsini göstərir. Nədən, TSEK NK-nın ona aid olan 16.01.2020 tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi qaydası”na yox, nömrəni və adı bilərəkdən göstərmədən NK-nın eyni 16.01.2020 tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi -sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın (qəsdən) yanlış 1.5.1 bəndinə “əsaslanıb” son bir ildə toplam 6 aylıq ambulator və ya stasionar müalicə müddətinə əməl edilməməsi qərarına gəlib. Halbuki, 1.5.2 bəndində TSEK -ə göndərişin verilməsinə əsas kimi şəxsdə əqli pozuntuların və anatomik çatmazlıqların, dərmanlara davamlı vərəm formalarının, lV mərhələ onkoloji xəstəliklərin , V mərhələ xroniki böyrək xəstəliyinin olması və göndərişin 1.5.1 bəndində göstərilən 6 aylıq müddətin gözlənilmədən verilməsi doğrulanıb . TSEK -i özünə aid olan qaydanı “unudub” tibb müəssisəsinə (poliklinikaya) aid olan qaydanı özü də yanlış tətbiq etməsi rüşvət və korrupsiyadan başqa nədən qaynaqlana bilər axı? . Onu da vurğulayaq ki, “Əlilliyin müəyyən edilməsi meyarlarına dair” 30 .12.2015 tarixli 413 saylı NK Əsasnaməsinə əsasən, ll dərəcə QDÇ (qan dövranı çatmazlığı ) ömürlük 2-ci dərəcə əlillik təyin etmək üçün əsasdır.
Əlilliyin qiymətləndirilməsi haqqında qərardan şikayət verən vətəndaşın şikayətinə, 8 ay keçməsinə baxmayaraq, hələ də baxılmayıb. Halbuki, NK -nın 16.01.2020 tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.4 bəndinə əsasən şikayət “İnzibati icraat haqqında” qanuna əsasən inzibati qaydada və ya İPM-ə uyğun olaraq məhkəməyə verilir. 3.7 bəndinə əsasən, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda , şəxs əyani müayinəyə cəlb edilir. İnzibati qaydada verilən şikayətə , Qaydanın 3.5 bəndinə əsasən, ƏƏSMN və
Xidmət (hazırda Agentlik) “İnzibati icraat haqqında” qanuna uyğun olaraq baxmalı olduqları halda, hələ də baxmamaları özbaşınalığın məqsədli şəkildə edildiyini ortaya qoyur. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Qaydanın 3.8 bəndinə əsasən, ƏƏSM Nazirliyinin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaradılmış komissiyada 15 iş günü müddətində baxılması və sadə səs çoxluğu ilə qəbul edilən qərarların elə həmin gün altsistemə daxil edilməsi də baş verməyib. Bu qaydalar, hüquqlar , vurğuladığımız kimi, ümumiyyətlə, vətəndaşlardan gizlədilir. Hüququnu bilənlərin şikayətlərinə isə baxılmır. Ən yaxşı halda, tibb müəssisələri yenidən diaqnozu təsdiq etmək üçün xəstəni telefonla poliklinikaya dəvət edir. Halbuki, tibb müəssisələri TSEK-in onlara aid olan qaydanın kobud şəkildə tətbiqinə görə müvafiq tədbirlər görməyə borcludur.
Son çağlar TSEK rəhbərliyi hamını Bakıya əyani müayinəyə çağırıb, bəzi hallarda AZTV-ni , ictimai fəalları cəlb etməklə “şou” göstərməyə girişib. Əlillərinsə belə şoulara yox, gerçək xidmət göstərilməsinə ehtiyacları var. “Əlillik qrupu”nun “ əlillik dərəcəsi” ilə, “əlil” statusunun “əlilliyi olan şəxs” statusu ilə əvəzlənməsi, əlilliyin qiymətləndirilməsindən imtinanın hələ qüvvəyə minməyən əsasnamə ilə “əsaslandırılması” isə xidmət sayıla bilməz.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandrmağa hazırıq!