Bakının Xətai rayonunda soyuqların düşməsi ilə kəsilən istilik 5 gündür bərpa edilməyib.
Bu barədə Axar.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, “Azəristiliktəchizat” əməkdaşları çürüyən boruları günlərdir təmir edə bilmir, nəticədə isə kəskin soyuqlarda əhali əziyyət çəkir.
Məsələ ilə bağlı saytımıza “Azəristiliktəchizat”dan verilən açıqlamada qeyd olunub ki, məhəllədaxili magistral xətlərin istismar müddətinin bitməsi ilə əlaqədar sözügedən ərazilərdə tez-tez qəza baş verir:
“Mirzə Davud küçəsindən keçən magistral istilik kəmərlərinin keçdiyi ərazidə çox sayda həyət evi var. Bu səbəbdən qəzanın aradan qaldırılması üçün lazımi texnika və maşınla əraziyə daxil olmaq mümkün deyil. Yalnız öz işçi qrupumuzun gücünə əlimizdən gəldiyi qədər (? – red.) problemi aradan qaldırmağa çalışırıq. Şənbə günü qəza aradan qaldırılsa da, istilik kəmərinin başqa hissəsində yenidən qəza yarandı. Hazırda ərazidə iş gedir. Axşama doğru istilik veriləcək. Xətai rayonunun istilik problemi iki il əvvəl hökumət qarşısında qaldırılıb. Energetika Nazirliyinin sifarişi ilə layihələr olub. Ərazidəki binalar müasir qazanxanalara keçiriləcək. Məhəllədaxili xətlər təzələnəcək”.
Zəruri olaraq xatırladaq ki, istilik, magistral su və qaz xətlərinin, o cümlədən yüksəkgərginlikli elektrik naqillərinin keçdiyi ərazilər vaxtilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq vətəndaşlara satılıb. Bir müddət öncə “Azərsu” ASC magistral su xəttində baş verən qəzanı aradan qaldırmaq üçün xəttin üzərində tikilən evin hasarını sökməyə məcbur olmuşdu.
Qeyd edək ki, Xətai rayonunun sabiq icra başçısı Razim Məmmədov idi, hazırkı icra başçısı Rafiq Quliyev isə 2012-ci ildən Xətai icra başçısının müavini, 2013-cü ildən isə birinci müavini olub.
“Azəristiliktəchizat” ASC-nin rəhbəri isə Yaşar Həsənov idi, 2004-cü ildən 2022-ci il fevralına qədər quruma başçılıq edib. 18 illik fəaliyyəti ərzində Yaşar Həsənov övladının bahalı avtomobilləri və keçirilən milyonluq tenderləri övladına bağlı müəssisələrin udması ilə gündəmə gəlib. Yaşar Həsənov boruların dəyişdirilməsi yox, çürüyən borulara “çüy” vurdurması ilə yadda qalıb.
Bu fəaliyyətinin nəticəsi olaraq vəzifədən çıxarıldı. Ancaq özü getsə də, çürük boruları qaldı və bu borularla vaxtaşırı “yad” edilir. (Axar.az)