Məlum olduğu kimi qış aylarında paytaxtda mənzillərin qızdırılması ən vacib məsələlərdən biri olur. Bu sahəyə nəzarət edən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət tərəfindən hər il burada işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrindəki nasosların, elektrik mühərriklərinin təmir olunaraq hazır vəziyyətə gətirilməsinə, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması işlərinə, magistral və məhəllədaxili istilik xətlərin təzyiqlə yoxlanılaraq sınaqdan keçirilməsi və qış mövsümündə yarana biləcək problemlərin qarşısının alınmasına külli miqdarda vəsaitlər ayırır. Bu vəsaitlər necə və hara xərclənir? Bunun üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş son satınalma prosedurlarına baxmaq kifəyət edir.
Qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş müxtəlif markalı nasos, mühərriklərin satınalınması üzrə 43 660 manat məbləğində satınalma müqaviləsi 18.11.2021-ci il tarixdə “TİKİNTİ BƏRPA FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında “TİKİNTİ BƏRPA FİRMASI” MMC-nin 124 297.28 manat vergi borcu olduğu göstərilir. “Dövlət satınalamları haqqında” Qanunda isə vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.
Qeyd edək ki, apardığımız araşdırmalarda “Azəristiliktəchizat” ASC-nin son sözügedən MMC ilə iki ayda 543 851 manat məbləğində satınalma müqaviləsi bağladığı məlum oldu. MMC-nin yığılıb qalmış 124 297.28 manat vergi borcunun haradan yarandığı da məhz burada üzə çıxdı.
İstilik təchizatı sistemlərinin təmiri və bərpası üçün lazım olan müxtəlif material və ehtiyat hissələrinin satınalınması üzrə 222 962 manat məbləğində satınalma müqaviləsi 12.10.2021-ci il tarixdə “TİKİNTİ BƏRPA FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyyat hissələrinin satınalınması üzrə 277 229.2manat məbləğində satınalma müqaviləsi 20.09.2021-ci il tarixdə “TİKİNTİ BƏRPA FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ BƏRPA FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində 03.03.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı QUBA RAYONU, QUBA ŞƏHƏRİ, MƏH 16, qanuni təmsilçisinin isə Cəfərov Rafiq İmamqulu oğlu olduğu göstərilir.
Bağlanmış müqavilələrdən də göründüyü kimi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş tenderlərdə satınalmalar haqqında qanunun tələbləri pozulub.Tender Komissiyasinin ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışlarıdır ki, qurum da buna sadəcə göz yumub. Digər tərəfdən də tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına gətirib çıxarır ki, “Azəristiliktəchizat” ASC-nin başda sədri Yaşar Həsənov olmaqla, Tender Komissiyasının üzvləri də bunları nədənsə heç nəzərə almayıb.
Aktualinfo.org