Axtarış...

AMEA-dakı 45 milyonluq yeyinti faktını kimlər və necə ört-basdır etdi… - İLGİNC FAKTLAR

AMEA-dakı 45 milyonluq yeyinti faktını kimlər və necə ört-basdır etdi… - İLGİNC FAKTLAR

Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılıb, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin olunandan az sonra Ramiz Mehdiyev mətbuata AMEA-dakı yeyinti faktları ilə bağlı açıqlama verdi. AMEA-nın yeni rəhbəri (artıq keçmiş – red.) bəyan etdi ki, akademiyanın tabeçiliyndə olan institutlarda təxminən 45 milyon manatlıq yeyinti faktı aşkarlanıb. Həmin vaxt o da məlum oldu ki, bu yeyinti faktının böyük hissəsi akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “payına” düşür.

Maraqlıdır ki, R.Mehdiyevin məlum açıqlamasından uzun müddət keçsə də, AMEA-da külli miqdarda dövlət vəsaitinin talan edilməsi ilə bağlı heç bir hüquqi araşdırma aparılmadı və 45 milyonu “yeyib, üstündə də su içən” şəxslər məsuliyyətdən kənarda qaldı. Üstəlik, sözügedən mənimsəmə faktı ilə bağlı AMEA rəhbərliyi, şəxsən Ramiz Mehdiyev tərəfin müvafiq orqanlara, konkret olaraq Baş prokurorluğa hər hansı rəsmi müraciət edilmədi. Eynilə, Baş prokurorluğun özü də AMEA prezidentinin rəsmi açıqlamasına rəğmən, dövlət əmlakının külli miqdarda talan edilməsi faktını araşdırmaqda maraqlı olmadı.

Əlbəttə, ortada 45 milyonlu yeyinti faktı varsa, deməli, elm ocağımızda böyük bir cinayətkar şəbəkənin mövcudluğundan söhbət gedir. Əgər R.Mehdiyev dövlətin vəsitini talan edən bu şəbəkə üzlərinin aşkara çıxarılması ilə bağlı müvafiq orqanlara müraciət etməyibsə, eləcə də Baş prokurluq məlum faktla bağlı araşdırma apararaq, cinayətkarların cəzalandırılmasına təşəbbüs göstərməyibsə, hər iki tərəf – AMEA rəhbərli və Baş prokurorluq da burada məsuliyyət daşıyır. Təbii ki, bunun səbəbi haqda bir çox versiyalar irəli sürmək olar. Amma bütün hallarda istər AMEA-nın, istər də Baş prokurorluğun bu faktla bağlı qanun qarşısına cavab verməsi mütləqdir.

AMEA-nın nəzdindəki Neft-Kimya Prosesləri İnstitutundakı yeyinti faktlarına gəldikdə, maraqlıdır ki, cəzasızlıq mühitindən istifadə edən direktor Vaqif Məhərrəm oğlu Abbasovun bu günlərdə Ramiz Mehdiyevi əvəzləmək istəyində olduğu bildirildi. Görünür, V.Abbasov daha böyük pullar “qazanmaq” fikrindədir…

Yeri gəlmişkən, Hurriyyet.az-a məlumat verən mənbə bildirir ki, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, Kimya üzrə elmlər doktoru, akademik Vaqif Abbasov öz vəzifə səlahiyyətlərindən istifad edərək, qohum-əqrəbasını rəhbərlik etdiyi instituta yerləşdirməklə məşğuldur: “Bunlardan qardaşı, elmlər doktoru Mütəllim Abbasov və qızı fəlsəfə doktoru Abbasova Saranı, eləcə də Vaqifin bacısı, elmlər doktoru Tağızadə Almaz və oğlu, doktorant Zakir Tağızadəni misal göstərə bilərik. Üstəlik, bibisi nəvəsi (laboratoriya müdirləri), elmlər doktoru Zaur Ağamalıyev və Durna Ağamalıyevanı da xüsusi qeyd etmək olar.

Bunlardan əlavə, qaynı arvadı, laboratoriya müdiri Rəna Cəfərova, dayısı nəvəsi Ayaz Məmmədov (laboratoriya müdiri), muhasib - qardaşı oğlunun gəlini, əmisi nəvəsi Xəyalə Abbasova da Vaqif Məhərrəmun kölgəsi altında fəaliyyət göstərirlər”.

Məlumata əsasən, direktorun qaynı oğlu Zakir yeməkxana müdiridir. Onun qızı laboratoriyada elmi işçidir. Baş aşpaz isə Zakirin həyat yoldaşıdır.

İnstitutun 2-ci mərtəbəsində, Abbasova məxsus, layihələri, qrantları və dövlət sifarişlərini yönləndirdiyi İNKOR MMC-nin direktoru kürəkəni Vüqar Fərəcovdur, onun müavini isə qardaşı oğlu Niyazi Abbasovdur.

AMEA Yüksək Texnologiyalar Parkında İnstitutun nəzdində Təcrübə Sinaq Zavodunun direktoru vəzifəsində çalışan Telman Fərəcov isə qudasıdır.

“Siyahını uzatmaq olar, 100 yaxın qohumu institutda çalışır. Ailə korrupsuyasına Baş prokurorluq, DTX reaksiya verməlidir. Tibb bacısı 100 manata peyvend sertifikatı satdığı üçün 7 il iş veriblər, 45 milyon manat mənimsəyən adam öz qanunsuz əməllərini davam etdirir. Çətin pandemiya dövri, müharibədən çıxmış qazı və şəhidlərin olduğu ölkədə elmə ayrılan vəsaiti talan edir. Ümid edirik, bu faktlar cənab Prezidentə çatar və onun cəzalanmasına ğöstəriş verər”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu haqda redaksiyamızı bilgiləndirən mənbə Vaqif Abbasovla bağlı faktları niyə məhz indi açıqlamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda bu və ya digər çoxsaylı qanunsuzluqlar illərdir mövcud olsa da, direktor Vaqif Abbasovun “arxası” möhkəm olduğundan, onun haqqında şikayətlərin heç bir nəticəsi olmayıb. Lakin AMEA prezidenti Ramiz Mehdiyevin istefasından sonra, V.Abbasovun gözünü onun yerinə dikməsi institutda çoxlarını qəzəbləndirib. Çünki, elm sahəsində olan hər kəsə aydındır ki, o, AMEA prezidenti olacağı halda Azərbaycan elmi daha bərbad günə qalar və hətta bu halda Ramiz Mehdiyevin atasına rəhmət oxuyarlar.

Mənbə deyir ki, bu baxımdan, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Vaqif Abbasova qarşı aşkar etirazlar başlayıb və artıq kollektiv özünün layiq olmadığı qohumlarını yüksək vəzifələrə gətirən direktorla çalışmaq istəmir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz