Nəhayət, ölkə Prezidenti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev haqqında gözlənilən sərəncamı imzaladı. Onun haraya, hansı vəzifəyə getməsi məni bir ziyalı olaraq qətiyyən narahat etmir. Məni bu günə qədər narahat edən o idi ki, Rövnəq Abdullayevə arxalanan bəzi işbazlar leriklilərə divan tutmaq ilə məşğul idilər. Bu, necə, hansı əsaslarla baş vermişdi? Birincisi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sabiq prezidenti Lerikdən deputat “seçilmiş” İqbal Fatmaoğlunun tələbə yoldaşı olub. Mən özüm şəxsən onun facebook səhifəsində yazdıqlarından xəbərdaram. Deputat qeyd edirdi ki, bu bir neçə il əvvəllər olub, mən Rövnəq Abdullayevlə bir otaqda qalarkən xörək yeyilən qabların yuyulması ilə məşğul idim. Rövnəq bəy də yaxşı kartof qızardardı. Yəni, onun kartof qızartmaqda şakəri yox idi. Əcəb məntiqdir. Heç belə şeyləri də Facebook səhifəsində yazarlar? Bəli, yazarlar, lap oyana da keçərlər. Özünü reklam etmək üçün. Onda Rövnəq bəyin ölkədə böyük şansı, böyük nüfuzu var idi. Mən həmin imtiyazlardan bu gün danışmaq istəməzdim. Bu,yazıya giriş üçün önəmli bir məlumat idi.
Mən rəhmətlik Miri Qənbərovun deputat seçildiyi zamanlar Lerik rayon İcra Hakimiyyəti aparatında məsul vəzifədə işləmişəm. Dəfələrlə Miri Qənbərov Lerik rayon İcra Hakimiyyətinə məxsus olan Qonaq evində olarkən mən də İcra Hakimiyyətində növbətçi olmuşam. İndi olmasın, saatlarla onunla fikir mübadiləsi aparar və bir yerdə dərdləşərdik. Miri müəllim ziyalı və ağsaqqal bir insan idi. Rayonun ictimai-siyasi həyatına da qətiyyən müdaxilə etməzdi. Kim hara təyin olunur, kim harada işləyir, bu kimi məsələlər onun maraq darəsində deyildi. Elə bu xüsusiyyətlərinə görə idi ki, Lerikin sanki dilsiz-ağızsız, daş qayaları da onun xətrini əziz tuturdu.Nə isə...
Lakin sonradan Lerik rayonundan deputat “seçilmiş” İqbal Fatmaoğlu hakimiyyət başına gələn kimi çəlxi-fələk tərsinə dövran etməyə başladı. Şəxsi ambisiyalar ortaya çıxdı. Məsələn, bircə faktda müraciət etmək istəyirəm. 2021-ci ilə kimi, yəni 2021-ci il də daxil olmaq şərti ilə, qaz çəkilmiş kəndlərin siyahısına nəzər salaq. Faktlar sanki dil olub danışacaq. İcra Hakimiyyəti aparatının və Nazirlər Kabinetinin verdiyi birgə rəyin əsasında Prezidenti Administrasiyası hansı kəndlərin qazlaşacağını planlaşdırırdı.Necə olur ki, İqbal Fatmaoğlunun özünün və qardaşı Çingiz xanın adına olan bütün müəssisələr elə əlüstü qazlaşdırıldı.Yenə də fakt: Lənkəran rayonun Rvo kəndindəki Qaz Paylayıcı Stansiyasından Lerik rayonunun Piran kəndinə birbaşa qaz xətti çəkildi.Niyə? Ona görə ki, həmin kənddə onlara aid müəssisə və iqamətgahlar var idi. Əgər deputat Lerik üçün belə ürək yandırırdısa, onda nə üçün Lerikin Dırıq və Porneim zonaları qazlaşdırılmadı? Hansı ki, həmin zonaların tam mərkəzindən ana qaz xətti bu başdan o başa ötüb keçirdi. Axı, fakt həyatda heç vaxt təkzib olunmur. Mən bir ziyalı, bir jurnalist olaraq inanmaq istəyirəm ki, artıq Lerik dağlarına qonmuş dumanlar çəkilib gedəcək. Böyük şairimiz, el sənətkarımız Aşıq Ələsgərin dediyi kimi, duman dağlardan getdikdən sonra, dağlar yeni bar verəcək. Haqq-ədalət öz yerini tutacaq.
İlham İbadlı
Milli TV-nin xüsusi müxbiri
SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvi.