Millitv.az xəbər verir ki, Bakı şəhər sakini, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan bir neçə şikayət məktubunu ötən saylarımızda dərc etmişdik.
Şikayətçi bu dəfə isə Ədliyyə naziri Fikrət Məmmədova müraciət göndərib. Teleqram vasitəsilə göndərilən müraciəti olduğu kimi dərc edirik:
“Bildirirəm ki, 6 ay bundan öncə 17 saylı Cəzaçəkmə Müəssisəsinə təyin etdiyiniz rəis Şakir Qəniyevin törətdiyi qanuna zidd hərəkətlər barədə Sizə məlumat vermişdik. Şakir Qəniyevin 6 ayda 4 məhkumu pula görə döyərək qətlə yetirdiyi heç kimə sirr deyil.
Dörd ölüm faktının üstü ört-basdır edilmişdir. Rəis bu gün də müəyyən dairələr tərəfindən müdafiə olunmaqdadır.
Sizlərə etdiyim şikayətlərin dırnaqarası “nəticəsi” olaraq, Şakir Qəniyev 12 yanvar 2022-ci il tarixdə oğlumu xüsusi üsuldan və şəraitdən istifadə edərək təkrar döymüşdür və məhkum ağır bədən xəsarətləri almışdır.
Müəssisə rəisi hadisə barədə Prokurorluq orqanlarına məlumat verdiyini bildirsə də, bu günə kimi heç bir prosessual tədbir görülməmişdir. Görünür törədilmiş cinayət faktı müəssisənin rəisi tərəfindən gizlədilməkdədir. Çünki baş vermiş cinayət hadisəsi qabaqcadan rəisin özü tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir.
Cənab Nazir !
Mənim oğlumun həyatı təhlükə altındadır. Törədilmiş Cinayətin üstünün açılmasına və bu cinayəti gizlətməkdə maraqlı olan müəssisə rəisinin məsuliyyətə cəlb edilməsinə, məhkuma qarşı hazırlanmış növbəti cinayətin qarşısının alınmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.