1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra məcburi köçkün düşən Mübariz Yaqubov problemlə üzləşib.
Millitv.az xəbər verir ki, o, bu barədə "Unikal"a şikayət ünvanlayıb. M.Yaqubov şikayətində bildirib ki, rayonun işğalından sonra Abşeron rayonu, Xırdalan qəsəbəsində köhnə statistika deyilən ərazidə məskunlaşdıqları binadan çıxmaları tələb olunur:
"Bizdən başqa bu binada 23-ə yaxın ailə yaşayırdı. Bir neçə il əvvəl ailələrdən bəziləri "Stansiya Sumqayıt" ərazisində məcburi köçkünlər üçün tikilən evlərə köçürüldülər. Biz bir neçə ailə isə müəyyən səbəblərdən köçmədik. Belə ki, ailə sayı çox idi, kiçik mənzil verilirdi, bu səbəbdən qaldıq. Neçə illərdir hazırda yaşadığımız yerdə özümüzə həyat qurmuşuq. Özümüzün, övladlarımızın iş yeri, nəvələrimizin təhsil aldığı yerlər buradadır".
Onun sözlərinə görə, yaşadıqları yeri “SAS 2015” MTK şirkəti alıb və orada məskunlaşan ailələrdən həmin yeri tərk etməyi tələb edir:
"Mübariz Yaqubov onu da bildirdik ki, “bizi Xırdalan ərazisində evlə təmin etsinlər. Digər şirkətlər belə tikinti aparanda ailələri evlə təmin edir. Torpaqlarımız işğal edildikdən sonra bu yerə pənah gətirmişik və bu illər ərzində həyatımızı burada qurmuşuq. Onların diqqətinə çatdırdıq ki, əgər bizi yerləşdirmirsizsə, gözləyin, işğaldan azad olunmuş ərazilərdəki evlərimiz tikilsin, oraya qayıdacağıq. Şirkət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıb. Komitə isə bizə uzaq ərazilərdə evlər təklif edir. Məsələn, Qobuda ev təklif edilir. Bu isə bizə uyğun deyil. O baxımdan ki, bütün ailə üzvlərimiz bu ərazidə işləyir, nəvələrimiz bağçaya, məktəbə gedir. Gərək aldığımız əmək haqqını da ancaq yol puluna verək. Bizim tələbimiz odur ki, həmin ərazidə evlə təmin olunaq. Əgər etmirlərsə, gözləsinlər, işğaldan azad olunan ərazilərdə evlərimiz tikildikdən sonra oraya köçərik. 30 ildə yaşadığımız yerdə bütün həyat şəraitini özümüz qurmuşuq. Bütün kommunal xətləri özümüz çəkdirmişik. Hazırda yaşadığımız binada olan ailələrin hamısı da bunu deyir. Ailələr işğaldan azad edilmiş müxtəlif rayonlardandır. Hər bir ailə həmin ərazilərdə evləri bərpa edildikdən sonra qayıdacaq".
Şikayətçi qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidməti həmin yeri satışa çıxaranda onların məlumatı olmayıb:
"Bizim də həmin yerin satışa çıxarılması barədə məlumatımız olmalı idi. Çünki biz həmin yerdə məskunlaşmışıq. Adıçəkilən şirkət bizi məhkəməyə verib. Məhkəmədə də xidmətin sənədinə uyğun olaraq onların xeyrinə qərar çıxarılıb. Apelyasiya şikayəti verdik. Orada da əvvəlki qərar qüvvədə saxlanıldı. İndi də Ali Məhkəməyə müraciət edəcəyik. Həmçinin, şirkət bizi Zəngilan Rayon Məhkəməsinə də verib. Şirkət tələb edir ki, məcburi köçkünlər onlara təzminat ödəsin. Sabah həmin məhkəmə prosesi keçiriləcək".
M.Yaqubov onu da vurğulayıb ki, o yenidən köçkünlük həyatı yaşamaq istəmir: "Belə ki, bir də indi yaşadığımız yerdən başqa əraziyə köçmək istəmirik. Rayonumuz işğaldan azad olunub. Evlər hazır olduqdan sonra köçüb orada yaşayacağıq. Ona görə də şirkətin yaşadığımız ərazidə bizi evlə təmin etməsini istəyirik".