Axtarış...

“Qaçqınkom”: Məcburi köçkünlər arasında süni boşanmalar


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında süni boşanmalar mövcuddur.



Bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.



Onun sözlərinə görə, mənzillə bağlı problemi olmayan müəyyən məcburi köçkünlər Dövlət Komitəsi üçün çox böyük problemlər yaradırlar:



“Mənzillə təmin olunduqdan sonra otaq sayından narazı qalan məcburi köçkünlər, bundan əlavə özünün şəxsi evi olan məcbur köçkünlər ev üçün bizə müraciət edirlər. Həddindən artıq süni boşanmalar mövcuddur. Əlimizdə məhkəmənin qərarı var deyə biz heç nə edə bilmirik. Amma bilirik ki, bu, süni boşanmadır. Təbii ki, mən bunu bütün məcburi köçkün ailələrinə aid etmirəm. Çox təəssüf ki, məcburi köçkün ailələrinin içərisində belə problemlər var. Onlar hər vəchlə çalışırlar ki, mənzil alsınlar. Misal üçün, hansısa məcburi köçkünün şəxsi evi var, amma öz adına deyil. Buna görə də biz onun boynuna qoya bilmirik ki, bu ev sənin özəl evindir. Hamı bilir ki, həmin ev onun şəxsi evidir. Bizim üçün ən böyük problemi yaradan məsələ budur. Təsəvvür edin ki, oğul atası ilə, ata oğlu ilə, ana qızı ilə yola getmədiyini deyir və buna görə də ayrı-ayrılıqda ev verilməsini tələb edirlər”.



E.Zeynalov bildirib ki, Dövlət Komitəsi məcburi köçkün ailələrini otaq saylarına görə birləşdirə və bölə bilir:



“Biz otaq saylarına görə ailələri özü istəmədən ya bölürük, ya da birləşdiririk. Bu da irəli tikilən evlərin otaq saylarından irəli gəlir. Dövlət Komitəsi sifariş verdiyi mənzillər üzrə otaq saylarını əvvəlcədən bilir. Ona görə də sonradan heç bir ciddi problemlər yaşamırıq. Amma özəl şirkətlər tikəndə onlar sayı bilmədiyi üçün otaq sayları da əvvəlcədən müəyyənləşmir. Biz buna görə də məcburiyyət qarşısında qalanda otaq sayını bölürük. Yəni, məcburiyyət qarşısında qalıb ata və anaya ayrı, oğula ayrıca ev veririk. Bəzi hallarda isə biz ailələri birləşdiririk. Tutaq ki, 2 otaqlı mənzillər yoxdu. 3 və ya 4 otaqlı qalırsa, biz ailələri birləşdiririk. Bəzən deyirlər ki, ailədə gəlinlə qayınana yola getmir. Amma burada sual yaranır: Necə oldu ki, həmin gəlinlə qayınana yataqxanada bir otaqda 20 il yola getdilər, amma ev veriləndə yola getməməyə başladılar? Təbii ki, məcburi köçkünlərin bu problemi çox ağrılıdır”.



Qeyd edək ki, ötən il boşanmalar Bakı şəhərindən sonra Kəlbəcər-Laçın (2,3 faiz), Abşeron və Yuxarı Qarabağ (2,0 faiz) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7 faiz) yüksək olub.Report
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz