Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Leyla Məmmədova mətbuata açıqlamasında bildirib ki, ötən il kənd təsərrüfatı texnikasının alınması üçün 3 min 828 müraciət üzrə 80 milyon manat güzəştli kredit ayrılıb. "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən AKİA-nın sədr müavini onu da bildirib ki, damazlıq heyvanların alınması üzrə 200 müraciət üzrə 17 mln. manat güzəştli kredit, eyni zamanda 264,4 min manat kredit ayrılıb.
Bununla yanaşı, sədr müavini əlavə edib ki, ötən il ərzində 500 mindən artıq fermer təsərrüfatına 6 istiqamət üzrə ümumilikdə 310 mln. manat subsidiya ayrılıb. Fermerlər və ümumiyyətlə, təsərrüfat üçün ayrılan bu qədər vəsaitə nəzər saldıqda, istər-istəməz ağla bu suallar gəlir:
Bəs nə üçün hələ də ət və süd məhsulları bahalaşmaqda, həmin məhsulların bir çoxu hələ də xaricdən idxal edilməkdədir?
Toplamda 4028 müraciət üçün 97 milyon manat kredit vəsaitinin ayrılması, üstəgəl, 310 milyon manat da ayrıca subsidiyanın verilməsi qarşılığında fermerlərimiz niyə hələ də qabağa gedə bilmir, kənd təsərrüfatı məhsullarında xaricdən asılılıq aradan qalxmır?
Həmin kreditlərə ehtiyac duyan fermerlər vəsaiti bankdan götürmək qaydasını bilirlərmi?
Bu barədə müraciət edən şəxslərə lazımi məlumatlar Nazirlik və AKİA tərəfindən verilirmi?
Millitv.az-ın məlumatına görə, mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidməti rəhbəri Vüqar Hüseynov Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, bu kredit vəsaitləri təbii ki, Nazirlik tərəfindən, Aqrar Kredit İnkişafı Agentliyi (AKİA)tərəfindən bir başa ayrılmır.
“Cənab Prezidentin bununla bağlı fərmanı var, hansı ki, bu fərman illərdir fəaliyyət göstərir. Aqrar sahədə güzəştli kreditlərin verilməsi - 7%-lə kənd təsərrüfatı layihələrinə kreditlər ayrılır. Bu kreditlər də təbii ki, Nazirlik tərəfindən, AKİA tərəfindən birbaşa ayrılmır. Bizimlə, AKİA ilə müqaviləsi olan tərəfdaş banklar və bank olmayan kredit təşkilatları vardır. Kim kredit almaq istəyirsə, gedib həmin banklara müraciət edir ki, kənd təsərrüfatı təyinatlı kredit almaq istəyirəm. Banklar da həmin vətəndaşlara müəyyən sənəd toplusu təqdim edir. Bankla fermer razılaşdıqdan, kredit ayırmağa razılıq verildikdən sonra sənədlər AKİA-ya göndərilir və bizim vəsait hesabına bank fermerə kredit verir. Qaldı ki, 6 istiqamət üzrə subsidiyanın ayrılmasına, bu istiqamətlər müxtəlif təsərrüfat sahələri, məsələn, arıçılıq, maldarlıq, qoyunçuluq və sair ola bilər.
AKİA-nın özünün məlumat saytı var, orda bütün bu məsələlər barədə geniş məlumatlar yer alıb, istəyən, girib maraqlana bilər. Həmin məlumatları da biz zatən ilin 365 günü saytlarda, telekanallarda, başqa KİV vasitələrində səsləndiririk. Bu proseslər yeni bir şey deyil, bunu bütün Azərbayan bilir. Altı yüz mindən çox fermer var və hamısı da kredit almaq qaydasının nə olduğunu bilirlər. Mexanizm, prosedur və digər mövzularda bütün maarifləndirmə işləri aparılır”,= deyə, Nazirlik rəsmisi bildirib.