Qax rayonunun iki kəndinin sakinləri maye qazın olmaması səbəbindən təngə gəliblər.
Millitv.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a öz narazılıqlarını bildirən sakinlər, dəfələrlə şikayət etmələrinə baxmayaraq, hələ də problemlərinin həllinin tapılmadığını söylədilər. İbaxlı kənd sakini Bənzər Muradova ocaqda yemək bişirməyin çətinliyindən yorulduğunu bildirdi. O, bu çətin günlərin tezliklə bitməsini istəyir.
“Biz neçə illərdir ki, maye qazın olmaması səbəbindən əziyyət çəkirik. Yemək bişirmək üçün mətbəxə maye qaz balonu doldurub qoyduq. Bir dəfə qaz partladı və evimizi yanğından güclə qurtardıq. Çünki qaz balonu çox təhlükəlidir. Sonradan nəvələrim bir neçə dəfə qaz balonunun başlığını açıq qoydular. Biz ailəlikcə ölümdən döndük. Məcbur qalıb yenidən ocaqda yemək bişirməyə başladıq.
Altmış bir yaşım var. Hər dəqiqə həyətə düşə bilmirəm. Daha çətini qışda olur. Ocaqlıqla evin arasında xeyli məsafə var. Hər dəfə həyətə düşüb, soyuqda yemək bişirib, evə gətirirəm. Dekabr ayında yemək qazanı ilə evə doğru gedəndə həyətdə sürüşüb yıxıldım. Günlərlə ayağa qalxa bilmədim. Bu dövrdə niyə biz bunları yaşamalıyıq axı?” - deyə Bənzər xanım sual edir.
Digər sakin Şükür Muradov isə qış aylarının sərt keçməsindən və yanacağa pul çatdıra bilməmələrindən şikayətlənib: "Qazın olmaması artıq bizi yorub. Qış burada çox sərt keçir. Evlərimizi isitmək çox çətindir. Qışda bizə 2 və ya 3 yük maşını odun almaq lazım gəlir. Odunun kubunun qiyməti 25 manatdır. İndi siz hesablayın, bir qışı keçirmək üçün nə qədər odun lazımdır.
Axı bizim elə bir gəlir yerimiz yoxdur ki, bu qədər odun ala bilək. Evdə əlil arabasında oturan nəvəm var. Ona görə evi daim isti saxlamaq məcburiyyətindəyik. Son zamanlar məcbur qalıb, taxta zavodlarından taxta qırıntıları alırıq. O da nazik olduğundan 10 dəqiqə ərzində yanıb qurtarır. Yəni, bir əlimiz odun sobasında olur. Bundan başqa, meşələrimiz qırılıb qurtarmaq üzrədir. Kənddə qaz olsa, heç kim odun almaz, nə də meşələr qırılmaz”.
Rayonun Əmbərçay kəndinin sakinləri də maye qazın olmamasından əziyyət çəkirlər. Kənd sakini Nəbi Abdullayevin sözlərinə görə, qaz kəməri kəndlərinin tam önündən keçməsinə baxmayaraq bu yaşayış məntəqəsi qazsızdır:
“Magistral yol kəndimizin yanından keçir. Eyni ilə də qazın ana xətt kəməri də buradan keçməsinə baxmayaraq, biz qazın olmamasından illərdir əziyyət çəkirik. Ailədə 4 nəfərik. Qış gələndə nə edəcəyimizi bilmirik. Odun almaq da çox baha başa gəlir. Qış aylarında evdə hamı xəstə olur. Səbəb otaqların soyuq olmasıdır.
Bundan başqa, qonaq gələndə çox əziyyət çəkirik. Yemək hazırlamaq üçün yoldaşım qonağı evdə qoyub, məcbur həyətə düşür. Biz tezliklə bu əziyyətdən canımızı qurtarmaqlarını istəyirik”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, gələn il üçün qazlaşdırma layihəsində həmin kəndlərin də adları var: “Həmin kəndlərdəki vəziyyətdən xəbərdarıq. Növbəti layihədə bu kəndlərin də adı var. Gələn il bu kəndlərin maye qaz ilə təmin olunmağı nəzərdə tutulub”.