Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun son görüntüləri Dubay çimərliklərindən olsa da, bu gün sabiq “rəis” Bakıda törətdiyi yol-nəqliyyat hadisəsi ilə yenidən gündəmə gəlib. Belə ki, o, özünün “Land Cruiser” markalı, 90 AS 020 qeydiyyat nömrə nişanlı avtomobili ilə “Toyota Prius” markalı maşını vurub. Məlumata görə, hadisəni törədən Sadıkov 40 manat məbləğində cərimələnib.
Göydə axtararkən, yerdə tapdığımız Nəcməddin Sadıkov, şahidlərin dediklərinə görə, maşınından 10 min dollar pul götürərək, köməkçisinə verib. Bununla o, dəymiş ziyanı ödəmək istəyib. Təbii ki, bu, hadisə şahidlərinin hallandırdığı fikirlərdir. Yəqin ki, həmin zaman kimsə “general”ın əlindəki dollar “paçka”larını saymayıb, yaxud buna cürət etməyib. Bütün bunlar bir yana, ehtiyatda olan sabiq Qərargah rəisi öz maşınında niyə 10 min dollarla gəzir? Manat da yox ha, dollar. Bu hadisə mənə balaca vaxtı izlədiyim bir filmi xatırlatdı. Richie Rich adında dünyanın ən varlı ailəsinin övladı şəxsi helikopterindən enib, özü yaşda uşaqların yanına gəlir. Bu zaman həmin uşaqlar futbol oynayırlar. Richie də istəyir ki, onlara qoşulub, oynadıqları şeydən nə həzz aldıqlarını öyrənə bilsin. Bu zaman, uşaqlardan birinin vurduğu top kənardakı evin şüşəsini sındırır. Uşaqlar qaçıb gizlənirlər. Bu zaman Richie cibindən yüzlük dollar bağlamasını çıxarır və xərci ödəyə biləcəyini xatırladır. Bunu görən uşaqlar təəccüblənirlər və bir qədər qəzəbli şəkildə ondan uzaqlaşırlar. Elə Richie də uşaqların təəccüblü baxışları altında özünü günahkar hiss edir. Düşünür: “əcəba nə səhvə yol verdim ki, məni qəzəblə süzüb, tərk etdilər?”. Nə uşaqlar Richieni anlayır, nə də Richie uşaqları.
İndi keçmiş generalın törətdiyi bu yol-nəqliyyat hadisəsində ziyan vurduğu şəxsə 10 min dollar pul təklif etməsi, cəmiyyətimizə də bir qədər qəribə gəlir. Kim qəza törədib, ziyan verdiyi maşın sahibinə öz maşınından 10 min dollar pul çıxarıb, “buyur, dəymiş ziyanın haqqı. Özünə yeni maşın alarsan” deyir? Özü də ilin-günün bu vaxtında. Bu, yuxarıda çəkdiyim film misalı, elə Sadıkovun özünə də təəccüblü gəlir: “burda nə var ki?”. Ödədiyi 40 manatın əslində cərimə olması da yəqin ki, ona gələn il məlum olacaq.
Sosial şəbəkələrdə isə “Toyota Prius” artıq “xalq qəhrəmanı” elan edilib. Nəhayət, “Prius” da bir işə yaradı. Bir qəza hadisəsinə qarışaraq, Vətənə öz layiqli töhfəsini verdi - aylarla itkin düşən sabiq Qərargah rəisini bir göz qırpımında cəmiyyətin qarşısına çıxardı. Hər bir halda, bu böyük “zəfər”dən sonra gərək, sabiq Qərargah rəisini göz önündən kənara buraxmayaq. Dünən Dubay çimərliyindəki şəkilləri ilə, bu gün də yol-nəqliyyat qəzasında gündəm olan Nəcməddin Sadıkovun üçüncü gündəmi ümid edirik ki, DTX ilə olar. Cəmiyyətimizin Vətənə xəyanətdə ittiham etdiyi bu şəxsin “Land Cruiser” markalı maşında, yanında 10 min dollar pulla gəzintiyə çıxması, yəqin ki, həm də, Vətən uğrunda sağlamlığını itirib, əlil arabası üçün növbədə duranların da ürəyini ağrıdır. Bu isə tək qazilərimizin yox, hər birimizin yaralı yeridir.
P.S. Yəqin ki, bu, Nəcməddin Sadıkovun Azərbaycanda törətdiyi ən yüngül qəzadır. Onun orduda törətdiyi "qəza"ların dəhşətləri hələ də minlərlə ailənin qorxulu yuxusudur. Və bu adam hələ də azad şəkildə Azərbaycanın havası ilə nəfəs alıb oksigen ehtiyatımızı xərcləyə bilirsə, deməli, yaxamız hələ də Rusiyanın əlindədir. Bu, qırmızı istiot kimi acı olsa da, həqiqətdir...
Bizimyol.info