"Açığı, Nəcməddin Sadikov üçün darıxmamışdım deyə videoya deyil, elə şəkillərə baxdım. Deyirlər, güc göstərir... Durub da, onun duruşu odur. Həm də kim general-polkovnik olsa, 30 il Müdafiə Nazirlinin Baş Qərargah rəisi işləsə, elə dayanar".
Bunu Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas ehtiyatda olan general-polkovnik Nəcməddin Sadikovun sosial şəbəkələrdə yayılan videogörüntüləri barədə danışarkən deyib.
Deputat bildirib ki, Nəcməddin Sadikov 2016-cı ilin aprel döyüşlərində çox əziyyət çəkib: "Bu səbəbdən Nəcməddin Sadikova 5 illik istirahət verilib. Ölkədən necə çıxa bilməsi ilə bağlı isə bir məlumatım yoxdur. Hər halda icazə verilib ki, çıxa bilib. Doğrudur, cəmiyyət həmin videogörüntüləri xoş qarşılamadı... Ümumiyyətlə, dövlət öz işini bizdən yaxşı bilir. Prezident də çıxışlarında qeyd edib ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yəni ya Nəcməddin Sadikov, ya qeyri Nəcməddin Sadikov, hər kəslə bağlı qərarı dövlət verəcək. Qaldı ki, görüntülərə, bax, sən də Baş Qərargah rəisi işləsən, elə durarsan, 30 villan olar, Dubaya da, üstəlik Kanadaya da səyahətə gedərsən".