Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında gedən söz-söhbətlər onun istefa xəbəri ilə yeni istiqamət aldı. İndi isə müzakirələr daha çox Akademiyada prezident postuna kimin təyin olunacağı və ya hansı keyfiyyətləri özündə daşıyan şəxsin təyin olunmalı olduğu istiqamətində gedir.
Millitv.az xəbər verir ki, AYNA mövzu ilə bağlı türkoloq alim, profesor, keçmiş təhsil naziri Firudin Cəlilovla həmsöhbət olub.
- Firudin müəllim, AMEA-nın rəhbərliyinə hansı keyfiyyətləri özündə daşıyan, necə birisi gəlməlidir?
- Mənim elmə baxışım bir qədər fərqlidir. Elm arxiv materialı deyil ki, arxivə atasan, orada qalsın. Elm canlı varlıq kimidir, həmişə inkişafda olmalıdır. Zamana uyğunlaşmalı, gələcəyə hesablanmalıdır. İndi 21-ci əsrdir. Hansı elm sahələrini inkişaf etdirmək lazımdır? Bunu düşünən adam lazımdır ki, Akademiyanın işini tamamilə yenidən qura bilsin, islahatlar aparmağa nail olsun. Bundan başqa Akademiyanın adında “milli” sözü var. Yəni indi orada toplaşanlar millətin gələcəyini düşünən, milli ruhlu adamlardırmı? İndi elmi elə bir günə salıblar ki, gənclər elmə gəlmir. Elmi işi götürəndə, təsdiq etdirəndə və s. o qədər problemlər, maneələr olur ki, bilərəkdən-bilməyərəkdən gənclərin qarşısı alınır. Burada, əlbəttə ki, maaş məsələsi də var. Bütün bunları nəzərə almaq lazımdır.
Mən Akademiyanın işinə bələdəm. Baş nazirin müavini olduğum vaxtda Akademiya, universitetlər mənim kurasiyamda olub. O vaxt AMEA-da çox şeyi dəyişmək istəyirdim. Hətta Eldar Salayevdən xahiş etmişdim ki, Rəyasət Heyətini yığsın, onlarla söhbət edim. Bu görüş baş tutdu. Rəhmətlik Ziya Bünyadov da daxil olmaqla digər akademiklərlə bir xeyli söhbət etdik. Hətta Ziya müəllim zarafatyana dedi ki, 40 ilə yaxındır Akademiyada işləyirəm, amma bir məmur görməmişəm ki, gəlib bizimlə elmi söhbət etsin. Bu mənada Akademiyanın prezidenti həm məmur, həm də gerçək alim olmalıdır. Hər bir alimin dəyəri öz sahəsində elmlə bağlı ortalığa qoyduğu yeni nəzəriyyə, ixtira, məşğul olduğu elm sahəsində gətirdiyi yeniliklərlə müəyyən olur.
Son 50-60 ildə bizdə deqredasiya gedib. Bu boyda Akademiyadan niyə bir nəfər “Nobel” mükafatçısı çıxmır? Elmə verilən dəyəri düzgün yönəltmək lazımdır. Seçkilərdə də obyektiv olmaq gərəklidir. Mən hələ o vaxt təklif edirdim ki, universitetlərlə Akademiya arasında inteqrasiya yaratmaq lazımdır. Yəni universitetlər AMEA-dakı alimləri dəvət etməli, auditoriyalarda onlar dərs deməli, magistraturada oxuyanlara elmi rəhbərlik etməlidirlər. Akademiyanın uyğun laboratoriyaları ilə universitetlərin fakültələri sıx əlaqə qurmalıdır. Bu inteqrasiyadan həm təhsil qazanclı çıxır, həm də elm. Çünki elmlə təhsil bir medalın iki üzüdür. Bunları bir-birindən ayırmaqla qazanc əldə etmək olmaz. Təhsillə elm arasında sıx əlaqə yaratmaq şərtdir. Bütün bu qeyd etdiklərimi düşünən, həyata keçirə bilən şəxs Akademiyanın prezidenti olmalıdır. Məsələn, rəhmətlik Xudu Məmmədov sağ olsaydı, onun adını çəkərdim.
- Elə yeri gəlmişkən, siz dediyiniz formada elmimizi inkişaf edirəcək birisi varmı?
- Konkret ad çəkmək istəmirəm. Düzü, mən istədiyim səviyyədə yoxdur. Amma əvvəlkilərə nisbətən yenilik edə biləcək, təşkilatçılıq qabiliyyəti olanlar var. Milli hissi olan, millətin gələcəyini fikirləşən, böyük elmi ixtiraları olan belə bir konkret adam ortalıqda yoxdur ki, deyim filankəs olsa, yaxşı olar. Ona görə yoxdur ki, buna şərait olmayıb. Qeyd etdiyim kimi son illərdə gənclərin elmə yolları demək olar ki, bağlanıb. Hər-halda kimsə təyin olunacaq. Bu çətin işə təyin olunacaq şəxsə uğurlar arzulayıram. O, ağır yükün altına girəcək.
- Adətən görümüşük ki, AMEA-nın prezidenti seçilmiş şəxslər 60-70 yaşdan yuxarı adamlar olur. Məsələn, 40-50 yaşında birisi Akademiyaya prezident ola bilməz, yoxsa mütləq yaşlı olmalıdır deyə bir kriteriya var?
- Xeyr, belə bir kriteriya yoxdur. 30 yaşında birisi də Akademiyanın prezidenti ola bilər, amma elə bir parlaq sima olmalıdır ki, əyləşdiyi postdan hər tərəfə işıq sala bilsin. Yəni yaşlı akademikləri, “yeni yumurtadan çıxan” akademikləri idarə edə, institutlarda ixtisar apara biləcək, maaşlarda diferensiasiya yarada biləcək – elmi işi olanla olmayanın maaşı arasında fərq yarada biləcək bir şəxs olmalıdır. Tanıdıqlarım içərisində bu islahatları apara biləcək bir sima yoxdur. Ola bilsin, məsələn, xaricdə oxuyub gəlmiş, çox savadlı gənclər var. Hər halda bir etiket də var.
Cəbhəçilər bir dəfə Xarici Dillər Universitetinin rektorunu çıxarmaq istəyirdilər. Böyük bir dəstə ilə yanıma bir namizəd gətirdilər ki, bunu rektor təyin et. Cavan oğlan idi. Soruşdum:
- Elmlər namizədisən?
- Yox.
- Professorsan?
- Xeyr.
- Dossent də deyilsən?
- Yox.
- Mən gözümü yumdum, sənin əmrini verdim, rektor oldun. Sabah sən oradakı professorlara, akademiklərə rəhbərlik edə, yol göstərə biləcəksənmi? Onlar səni qəbul edəcəklərmi?
- O vəziyyəti gözüm önünə gətirdim, qərar verdim: Yox, mən bu işi bacarmaram.
İndi bu mənada bu işin bir etik tərəfi də var. Ömrünü elmə həsr etmiş yaşlı akademiklər var. Yəni prezident kim olacaqsa, həmin şəxsi onlar da qəbul etməlidirlər. Gənc adam ola bilər, amma həmin adam o qədər böyük nüfuza malik olmalıdır ki, Akademiyanın elitası onu qəbul etsin, onun apardığı islahatlara qarşı çıxmasınlar. AMEA mürəkkəb strukturdur. Hər adam orada baş çıxara bilməz. Mən Akademiyada neçə prezident görmüşəm. Həsən Abdullayevdən sonra Eldar Salayev kübar insan idi. Axırıncı prezident də lap fontan vurdu. Ömründə bir dəfə kitab yazmayan adam idi. Bütün kitablarını ona-buna yazdırıb. Bu adamın ömründə bir dənə ciddi yazısı olubsa, o da onun adından verilmiş sonuncu bəyanat olub və orada da xarakterini ortaya qoydu. Onun bacardığı budur – intriqa yaratmaq. Açıb tökdü ki, mən olmasam, bunlar olacaq.
- Sanki elmdən çox siyasi oyun oynadı…
- Vallah, onun siyasi qabiliyyəti də yoxdur. Şəxsən mən kiçik bir müəssisədə direktor olsam, onu ancaq qapıçı vəzifəsinə götürərəm ki, açıb-bağlasın. Onun intellektual qabiliyyəti yoxdur. Nə qədər ziyalının əlini-qolunu bağlayıb. Uzağa getməyək, 30 ildir mənə imkan vermədi ki, bir universitetdə dərs deyim. Deputatlığa namizəd olduğum yerdən seçilməyimə imkan vermədi. Televiziya kanallarına çıxmağıma qadağa qoyub. Mən tək deyiləm. Nə qədər ziyalını bu ölkənin, xalqın aktiv siyasətindən kənarda qoydu. Tək elmə yox, Azərbaycan dövlətçiliyinə vurduğu ziyanı təmizləməyə bir ordu lazımdır.
Bu mənada Akademiyanı idarə edəcək şəxs gerçək alimə dəstək olmalı, ömründə bir dəfə məqalə yaza bilməyən alimciklərlə sərt davranmalıdır. Belə olmasa, islahat apara bilməz. Elm o vaxt inkişaf edir ki, o elmi daşıyanlar arasında təzadlar olur. Yəni fərqli mövqelər olur, fərqli baxışlar müdafiə olunur. Bu baxışlar arasında gedən elmi müzakirələr onu inkişaf etdirir. Elmi məsələlərdə tərəfkeşlik etmək olmaz. Obyektiv yanaşma lazımdır. Sağa da, sola da eyni dərəcədə qayğı gərəkdir.
- Belə bir fikir var ki, Elmlər Akademiyası sovet dövründən qalma strukturdur. Dünyada bu cür strukturların işini universitetlər görür. Bu yanaşmanı necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Akademiya sistemini qurmaq çox çətindir. Sovetlərdən bizə qalan yaxşı miraslardan biri akademiya sistemidir. Xaricdə bu sistem çətin qurulur. Xarici ölkələrdə belə Akademiya sistemi yoxdur. Məsələn, Türkiyədə bir dənə olsun akademik, elm mərkəzi yoxdur. Populyar şəkildə orada-burada, son vaxtlar TUBİTAK-da toplaşıb işləyirlər. Sovetləri qınasaq da, onlardan yaxşı şeylər də qalıb. Alimlərin bir yerə toplanması, dövlətdən maaş alaraq elmlə məşğul olması çox gözəldir. Düzdür, kommunistlər bunu elmin inkişafı üçün etmirdilər. Xalqın elit nümayəndələrini əldə saxlamaq üçün belə qurumlar yaradırdılar – yazıçılar, jurnalistlər ittifaqları, akademiya və s. Bu cür qruplarda toplayırdılar ki, nəzarət edə bilsinlər.
Amma bunun da xeyri o oldu ki, respublikalarda elmlər inkişaf etdi. Bu baxımdan akademiya sistemini ləğv etmək düzgün olmaz. Orada islahat aparmaq lazımdır ki, xalqa, dövlətə xeyir versin. Bizdə bir nəfər “Nobel” mükafatçısı çıxmır, çünki buna təpər verən yoxdur. Bu təpər də Akademiyanın prezidenti olacaq şəxsdə olmalıdır. Bu yoxduları yan-yana yığanda ümumi mənzərədən aydın olur ki, niyə bizim elmimiz bu gündədir. Xaricdə universitetlərin özlərinin elmi institutları var. Bizdə də orta mövqe tutmaq lazımdır. Mən bunu hələ 90-cı illərdə izah edirdim ki, bizdə təhsil qanunu hazırdır, elm qanunu hazırlayın, bunlar arasında inteqrasiya yaradaq. Əvvəldə də dediyim kimi, elm və təhsil bir medalın iki üzüdür. Onları bir-birindən ayrımaq olmaz, amma təəssüf ki, ayırmışıq. İndi çalışaq, bunların arasında sıx əlaqə yaradaq. Bu islahatı aparmaq lazımdır. Yoxsa AMEA-nı ləğv etmək düzgün fikir deyil.