Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Aqrolayn Qrup” MMC ilə satınalma iki satınalma müqaviləsi imzalayıb.
Müqavilələrin toplam maliyyə dəyəri 411.348 AZN təşkil edir. Müqavilələrin birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci il üzrə Dövlət Proqramlarının müvafiq bəndlərinin (293 348 AZN), digərində isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci il üzrə fəaliyyət istiqamətindən irəli gələn məsələlərin həlli üzrə işlərin icrası məqsədilə tədbirlərin təşkili nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Aqrolayn Qrup” MMC 13 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 11, mənzil 10-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Şəmsun Bəhrəm oğludur.
Açıq mənbələrdə “Aqrolayn Qrup” MMC və onun qanun təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin veb-səhifəsi və əlaqə telefonlarını da tapa bilmədik.
Araşdırmalarımız zamanı məlum olub ki, 2019-cu ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-İstehsalat Bərpa Emalatxanası “Aqrolayn Qrup” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 69 504 AZN olan müqavilədə Şirvanşahlar Saray Kompleksinin həyətində istinad divarının (1-ci Qəsr döngəsi 76) bərpası nəzərdə tutulur. Maraqlıdır ki, tikinti-quraşdırma işləri ilə məşğul olan “Aqrolayn Qrup” MMC Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi üçün tədbilər təşkil edir.Reportyor.info