Bir həftə bundan öncə Sumqayıt şəhərində yerləşən “Təfəkkür” liseyində təhsil alan 3C sinfinin 33 şagirdi üç gün təhsil ocağına gəlməkdən imtina edib. Valideynlərin sözlərinə görə, onlar sinif rəhbərinin dəyişdirilməsini tələb edirlər. Bildirilir ki, sinif rəhbəri Səbinə Şahbazova tez-tez dərslərdə iştirak etmir və bu səbəbdən onun dərs keçməyini istəmirlər.
Millitv.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media Sumqayıt Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Təhsil İdarəsinin müdir müavini Ramin Abasov bildirib ki, problem sinif rəhbərinin analıq məzuniyyətində olması ilə bağlı olub:
“Müəllimə analıq məzuniyyətində olub müəyyən müddət və dərsdə iştirak etməyib. Onu bir müddət başqa müəllim əvəz edib. İndi isə müəllimə iş başına qayıdıb, amma valideynlər etiraz edərək əvəz edən müəllimin sinif rəhbəri olaraq qalmasını istəyiblər. Lakin müəllimə imtahan verərək yüksək balla həmin məktəbə və məktəblilərə sinif rəhbəri kimi təyin olunub. Bunu dəyişdirmək qeyri-mümkündür.
Yaranan problemi aradan qaldırmaq üçün tərəfimizdən valideynlərlə söhbət aparılıb. Müəlliməyə isə öz səlahiyyətləri izah olunub. Artıq problem öz həll yolunu tapıb”.
Liseydən verilən məlumata görə, uşaqlar artıq dərsdə iştirak edirlər:
“Artıq uşaqlarla söhbət aparılaraq narazılıqlar aradan qaldırılıb. Uşaqlar qaldıqları yerdən tədris prosesinə davam edirlər. Heç bir problem yoxdur”.