“İdeal COMPANY”nin sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılov “İDEAL Parfumeri” və “İdeal” Əmtəə nişanına hüquqlarıyla bağlı ekspertiza qərarından şikayət vermişdi. Onun şikayətinə Müəllif Hüquqları və Əqli Mülkiyyət Agentliyinin Ekspertiza Mərkəzinin Apellyasiya Şurasında qurumun rəhbəri Fuad Kərimovun sədrliyilə baxılıb.
Millitv.az bizimyol.info-ya istinadla xəbər verir ki, İlqar İsmayılovun “İdeal” Əmtəə nişanına hüquqları 2005-ci ildən 3 sinif üzrə - parfümeriya və kosmetik vasitələrinin istehsalı, satışı, reklamı, xidmətlərin göstərilməsi üzrə qeydə alınıb.
Bu illər ərzində - 2005-ci ildən son dövrlərə qədər “İDEAL” MMC həmin əmtəə nişanından - şəxsən İlqar İsmayılova məxsus olan hüquqlardan heç bir hüquqi əsas olmadan istifadə edib. 2017-ci ildən İlqar İsmayılov “İDEAL” MMC-nin rəhbərliyindən kənarlaşdırılıb. Lakin “İDEAL COMPANY” yenə də hüquqları İlqar İsmayılova məxsus olan həmin əmtəə nişanından heç bir qanuni əsas olmadan istifadə etməkdə davam edib.
Həmin əmtəə nişanlarının müddəti 2019-cu ildə bitib. Ona görə, İlqar İsmayılov yenidən həmin əmtəə nişanlarının onun adına qeydə alınması üçün müraciət edib. Lakin qurumda aparılan uzunmüddətli araşdırmalardan sonra İlqar İsmayılova heç bir əsaslı cavab verilməyib.
Sonradan ona cavab verilib ki, əmtəə nişanlarıyla bağlı “ADORE COMPANY” MMC də öz hüquqlarının qeydə alınması üçün müraciət edib.
İlqar İsmayılov isə bildirib ki, ilkinlik ona məxsus olduğuna görə, əmtəə nişanlarına hüquq da məhz ona verilməliydi.
İlqar İsmayılovun hüquqşünasları deyir ki, iclas keçirilən gün onlara əvvəlcədən bildirilməyən yeni fakt haqqında məlumat verilib. Ötən görüşdə “ADORE COMPANY” MMC-nin müraciətinin araşdırma mərhələsində olduğu bildirilsə də, bu dəfə onlara deyilib ki, hələ 2021-ci ilin mayında “ADORE COMPANY”yə həmin əmtəə nişanının hüququ artıq verilib. Bu barədə ekspertizanın qərarı da İlqar İsmayılovun hüquqşünaslarına təqdim edilib.
“Halbuki, bu ekspertizanın qərarı dünənə qədər mövcud deyildi”, - hüquqşünaslar bildirib.
İlqar İsmayılov qururmun bu qərarından məhkəməyə müraciət etmək niyyətindədir. O, hesab edir ki, hüquqları sözügedən qurum tərəfindən kobudcasına pozululur, saxtalaşdırmalar aparılır və növbəti qanunsuz qərarlar qəbul edilir.
“ADORE COMPANY” AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın şirkətidir. “İDEAL” 2017-ci ildə tam şəkildə İlqar İsmayılovun əlindən alınandan sonra – 2020-ci ildə onu idarə edənlər “Sabina” mağazalar şəbəkəsini də aldılar. Bu iki şirkət “ADORE COMPANY”ə daxil edildi.
Zərifə Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir.
“İDEAL”ın yaradıcısı 2021-ci ilin aprelindən həbsdədir. O, 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə ittiham olunur. Amma İlqar İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İlqar İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.
Zərifə Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İlqar İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.