Bir neçə gün əvvəl Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun idarəçiliyində olan rayonda gördüyü və görmədiyi işlərdən danışmışdıq.
Onu da vurğulamışdıq ki, Elşad Həsənov İcra başçısı olmazdan əvvəl, həmin rayonun deputatı olduğu zamanlarda da rayon üçün heç bir iş görmədiyinə görə rayonun sakinləri ona "lal deputat" ləqəbi vermişdilər. Amma, yerli medialardan əldə etdiyimiz məlumatlara görə, Elşad Həsənov elə deputat olanda da, İcra başçısı olandan bəri də, rayon üçün heç bir iş görməsə də, özü üçün çox işlər görüb. Həmçinin rayon ərazisində inşa edilən qanunsuz tikintilərə göz yummaq özü də "biznes"in bir növüdür demək olar. Elşad Həsənov da artıq, bir neçə ildir ki, "gözünü-qulağını bağlayıb", başını aşağı salıb, sakitcə öz "taxt-tacı"nda əyləşib, bu dünyanın səfasını sürür. Cəfasını çəkmək isə "benəva" sakinlərə düşüb.
Ötən yayımımızda Yasamal rayonunda aparılan qanunsuz tikintilərdən danışarkən, onu da bildirmişdik ki, sakinlər deyir, - "Elşad Həsənov bu rayona İcra başçısı gəldiyindən bəri hələ bir küçədə belə abadlıq işləri görməyib". Deyəsən, sakinlərin bu sözü Elşad müəllimə yamanca toxunub. Odur ki, ardından, yerli saytlardan oxuduq ki, "Yasamal rayonunda 8 küçədə abadlıq işlərinə başlanılır".
Olsun, Allaha şükür.
Bir rəhbərin haqqında deyilən tənqidi fikirlərdən və rəhbəri olduğu rayonun sakinlərinin dediklərindən nəticə çıxarması müsbət göstəricidir. Amma, tam olsa gərək...
Gördüyünüz bu fotolar Yasamal rayonunun Umid Əkbərov küçəsində çəkilib.
Bunlar isə, Nazim Hikmət küçəsində (3 saylı "Asan xidmət"in sol tərəfi) çəkilib. Hansı ki, bunlar da sözügedən rayonun ərazisində hazırda inşası davam etdirilən, daha bir neçə qanunsuz tikintilərdir. Artıq, İcra Hakimiyyətinin "xəbərimiz olmayıb" bəhanəsi kecərsiz sayılır. Biz məlumat verdik, xəbərləri oldu.
Nəticə ?
Sükut....
Burdan da belə çıxır ki, 8 küçənin abadlığı, bu kimi halları görməmək üçün, daha doğrusu diqqət yayındırmaq üçün "gözdən pərdə asmaqdır".
P.S: Qeyd edək ki, yuxarıda fotolarını təqdim etdiyimiz tikintilərə aydınlıq gətirilməsi üçün, Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet saytında qeyd edilən bir neçə telefon nömrələri ilə əlaqə saxladıq.
İlk olaraq İcra Hakimiyyəti başçısının müavini Təravət xanım Muradovaya zəng etdik. Təravət xanım bu məsələnin ona aidiyyatı olmadığını söylədi. Ardından, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərova zəng etdik, onun da telefonu zəngləri qəbul etmirdi.(qeyd edək ki, Zöhrab müəllimin iş nömrəsi artıq, bir neçə gündür ki, zəngləri qəbul etmir.) Bundan sonra, İcra Hakimiyyətinin birinci müavini Hüseyn Əfəndiyevə zəng etdik. Orda da dəstəyi qaldıran olmadı. Sonra İnformasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi Aytək xanım Babayevaya zəng etdik. Bu dəfə isə dəstəyi qaldıran Tural Əsgərov oldu. O da bildirdi ki:
- "Bura "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsidir. Dediyiniz məsələnin bizə aidiyyatı yoxdur".
Biz məsələ barəsində Tural Əsgərova məlumat verib, bununla bağlı kiminlə, necə əlaqə saxlaya biləcəyimizi soruşduq. Tural Əsgərov bizim telefon nömrəmizi götürdü və bildirdi ki, icra hakimiyyətindən bizimlə əlaqə saxlanılacaq.
Lakin, hələ də gözlədiyimiz zəng gəlməyib.
Gördüyünüz kimi 1-2 nömrə cavab verdi, onlar da saytda yanlış ünvan olaraq qeyd edilib. İdarədə olan və nömrələri rəsmi saytda yerləşdirilən telefonların nəyə xidmət etdiyi məlum deyil.
DogruXeber.az