Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibləri “Epsilon Servis” MMC (VÖEN- 1304532881) və “Dostluq Servis” MMC (VÖEN- 1004119871) olub.
“Epsilon Servis” MMC Komtəyə məxsus çap avadanlıqlarının katriclərini tonerlə dolduracaq və bu iş üçün 20 min 950 manat alacaq.
“Dostluq Servis” MMC isə Komtəyə müxtəlif ölçülü Azərbaycan bayraqları satacaq və bu iş üçün 64 min 750 manat alacaq.
Məlumat üçün bildirək ki, “Epsilon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11 -da yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur. “Dostluq Servis” MMC-nin isə 09.02.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 187, m. 79 -da yerləşən şirkətin qanuni təmsilçisi Miriyev Famil Şamil oğludur.
Tenderin qalibi olan “Epsilon Servis” MMC və “Dostluq Servis” MMC-nin adlarına ancaq qalib gəldikləri tender müsabiqələrində rast gəlmək mümkündür.
Digər açıq internet resurslarda bu MMC-lərin adlarına rast gəlmək mümkün deyil.
Bu MMC-lər ilə bağlı diqqət çəkən məqam odur ki, onlar təhsil müəssisələri üçün "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" xidmətləri də göstərirlər. Bu ilin fevral ayında E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə “Epsilon Servis” MMC adlı şirkətə 29 min 999 manat 88 qəpik ödəyib.
Maraqlıdır ki, “Epsilon Servis” MMC ilə eyni gündə - 08.06.2016-cı ildə qeydiyyata alınan “Dostluq Konsaltinq” MMC də 2 il əvvəl "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədlə 6 nömrəli Respublika xüsusi internat məktəbilə müqavilə imzalayıb.
Maraqlıdır ki, “Dostluq Konsaltiq” MMC ilə “Dostluq Servis” MMC eyni ünvanda, eyni nizamnamə kapitalı ilə qeydə alınıb və qanuni təmsilçiləri də eyni şəxsdir.
Bir il əvvəl isə 6 nömrəli Respublika xüsusi internat məktəbinin "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi “Epsilon Servis” MMC ilə ad bənzərliyi olan“Anar Servis” MMC olub. Bu il “Epsilon Servis” MMC-yə ödənilən məbləğin eynisi (29 min 999 manat 88 qəpik) ötən il “Anar Servis” MMC-yə ödənilib.
“Dostluq Servis” MMC ilə “Anar Servis” MMC eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79 – da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı da eynidir - “Dostluq Konsaltinq” MMC -nin qanuni təmsilçisi Miriyev Famil, “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə.
Diqqət çəkən məqamlardan biri də odur ki, “Anar Servis”, “Dostluq Konsaltinq” və “Dostluq Servis” MMC təkcə “İçməli su” satmaq və “Çirkab suyun daşınması” xidmətini həyata keçirməyiblər.
- 17.08.2020-ci il tarixli məlumata görə “Dostluq Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 22 min 125 manat dəyərində milli rəqs paltarları satıb.
- 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
- 30.10.2020-ci il tarixli məlumata görə “Dostluq Servis” MMC Təhsil Nazirliyinə 10 min 999 manat dəyərində dəvtərxana və təsərrüfat malları satıb.
- 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satıb.
- 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində “Çirkab suların daşınması” xidmətini göstərib.
- 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satacaq.
- 23.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satacaq.
- 14.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satacaq.
- 09.09.2021 -ci il tarixli məlumata görə “Epsilon Servis” MMC Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə 9 min 550,4 manat dəyərində 60WT-luq sadə lampa satacaq.
- 09.12.2021-ci il tarixli məlumata görə “Dostluq Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 64 min 750 manat dəyərində bağlı müxtəlif ölçülü Azərbaycan bayraqları satacaq.
Onu da qeyd edək ki, nə “Dostluq Servis”, nə “Dostluq Konsaltinq”, nə də “Anar Servis” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Şirkətləri bir-birinə nə bağlayır?
- Adları qeyd olunan şirkətlərdən 3-nün hüquqi unvanı eynidir – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79.
- Şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıb.
- Şirkətin nizamnamə kapitalı eynidir – 200 manat.
- Şirkətlərdən 2-nin qanuni təmsilçiləri eyni şəxsdir.