Axtarış...

VƏZİFƏNİN ƏBƏDİ OLDUĞUNU ZƏNN EDƏN “QUL” – İsmayılov kimə arxayın idi və nələrini sığortalamaq istəyir?

VƏZİFƏNİN ƏBƏDİ OLDUĞUNU ZƏNN EDƏN “QUL” – İsmayılov kimə arxayın idi və nələrini sığortalamaq istəyir?

Volodimir Zelenskinin yaratdığı və onun hakimiyyətə gəlməsində mühüm rol oynamış Ukraynanın hazırkı hakim partiyasının adı “Sluqa naroda”, yəni “Xalqın qulluqçusu”dur. Lakin hazırda parlamentdə və müxtəlif vəzifələrdə təmsil olunan bu partiya funksionerlərindən kiminsə özünü Zelenskinin qulluqçusu, qulu və s. adlandırmasına rast gəlməzsiniz.

Bizdə isə hakim partiyanın adı Yeni Azərbaycan Partiyasıdır. Lakin uzun illərdir idarəçilikdə olan YAP-çı məmurların çoxunun yeniliklə, müasir, sivil təfəkkürlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Nəticədə İsmayıl İsmayılov kimi “Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram” deyəcək qədər “qədim təfəkkürə” malik adamlar nazir müavini vəzifəsinə, hətta ondan da yüksək postlara qədər yüksələ biliblər.

Adamın 65 yaşı var və onun 15 ilini Gənclər və idman nazirinin müavini vəzifəsində keçirib. Özü də idman korrupsiyasının ən “parlaq” simalarından sayılır. Buna baxmayaraq, mətbuata açıqlamasında deyib ki, vəzifədən azad olunması onun üçün gözlənilməz olub. Deməli, düşünürmüş ki, daha 15 il də bu postda oturub, çapıb-talamaqda davam etməliymiş.

Məhz İsmayıl ismayılov uzun illər idman sahəsinə məsul nazir müavini olub. Bu illər ərzində Azərbaycanın şəhər və rayonlarında olimpiya idman kompleksləri inşa edilib, bu komplekslərin tikintisi üçün milyonlarla manat xərclənib. Üstəlik, sözügedən idman qurğularının saxlanılması üçün büdcədən hər il külli miqdarda vəsait ayrılır. Nəticədə beynəlxalq yarışlarda yerli idmançılar sönük, zəif nəticələr verdiyi halda, daha çox legioner idmançılar hansısa pis-yaxşı uğura imza atırlar. Bəs, hanı idmana xərclənən milyonların, on milyonların nəticəsi? Demək olar ki, yoxdur. Əvəzində idman obyektləri və nazirliyin yerli idarələrini kurasiya edən İ.İsmayılov kimi məmurların kifayət qədər böyük “uğurları” – milyonlarla ölçülən varidatı, malı-mülkü var. Məlum məsələdir ki, “Prezidentin quluyam” fikri də bu varidatı sığortalamaq və milyonlarının əlindən çıxmasına imkan verməmək üçündür. Yoxsa, guya indiyə qədər dövlət, xalq, idman üçün hansısa nəhəng işlərin, əməllərin sahibi olub və indidən sonra da bu yolda “qul kimi” çalışmağa hazırdır. Amma bu cənaba deyən lazımdır ki, kişi, qul dediyin “bir həsir, bir də məmmədnəsir” olar. Axı, sənin milyonların var!...

Hələ sən demə, bu “fədakar” nazir müavini “Pedaqoji elmlər namizədi” alimlik dərəcəsinə və “professor” elmi adına malik imiş və dediyinə görə, bundan sonra əksər vəzifədən çıxarılanlar kimi elmi işlə məşğul olacaqmış...

Görəsən, ümumiyyətlə, qul təfəkkürlü sabiq məmurların əksəriyyəti hansı pedaqoji və elmi fəaliyyəti həyata keçirə, gənclərə, yeni nəslə nə öyrədə bilərlər - məddahlıqdan, yaltaqlıqdan, saxtakarlıqdan, simasızlıqdan, rüşvətxorluqdan, oğurluqdan başqa?!

Özünü kiminsə qulu hesab edənlər, istər-istəməz özlərindən aşağıdakılara da qul kimi baxırlar. Ona görə də əhali bir çox hallarda belə quldar məmurların qapılarında qalır, adam yerinə qoyulmur, süründürülür, addımbaşı haqları tapdanır, korrupsiya ilə, haqsızlıqla üzləşirlər.

Burada bir də milli kimlik, ləyaqət məsələsi var. Axı, niyə Azərbaycan kişisi özünü qul adlandırmalıdır? Niyə özü-özünü göz görə-görə təhqir etməli, aşağılamalıdır? Niyə məhz qul? Yaxşı, tutaq ki, bu və bunun kimi məddah məmurlar ölkə başçısına sədaqət ifadə etməsələr olmaz – o zaman heç olmasa “Prezidentin əsgəriyəm”, “xidmətçisiyəm” və s. formada daha abırlı ifadələrdən istifadə etmək olmazmı? Yəni bu adamlar anlamırlarmı ki, belə eybəcər formada məddahlıq, onların xitab etdikləri şəxsdə də ikrahdan başqa heç bir hiss yarada bilməz?...

Əslində, belə aşırı məddahlıq həm də bir korrupsionerin “qarğa məndə qoz var” siqnalıdır. Belələrinə ən yaxşı cavab onların indiyə qədərki fəaliyyətini yaxşıca araşdırmaq, bütün zir-zibillərini üzə çıxarmaq olar. Əgər bunu edən olsa, o zaman digərlərinə də dərs olar ki, məddahlıq və yaltaqlıq onları vəzifədəki çirkin əməllərinə görə cəzadan sığortalamayacaq...

Bilənlər bilir, İsmayıl İsmayılov Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun bacanağıdır. Bəlkə də “Prezidentin sərəncamı mənim üçün gözlənilməz oldu” deməsi bu qohumluğa arxayınlıqdan irəli gəlib. Lakin görünür hazırki dövrün reallıqlarını o qədər də yaxşı qiymətləndirə bilməyib…

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ






Şərh yaz