Axtarış...

Yeni nazir Fərhad Hacıyev olacaq? – O, bütün resurslarını səfərbər edib

Yeni nazir Fərhad Hacıyev olacaq? – O, bütün resurslarını səfərbər edib

Bu ilin aprel ayının 30-da vəfat edən Azad Rəhimov öz sələfi Əbülfəs Qarayevdən xeyli yüksəkdə dayanan şəxsiyyət idi.
Ölkənin gənclər və idman sahəsini 12 illik ətalətə, süstlüyə məhkum edən Ə.Qarayevdən fərqli olaraq, A.Rəhimov gənclərə milli maraqların əsas ölçü meyarlarından biri kimi yanaşırdı. A.Rəhimov sələfini üstələmişdi və o, yeganə məmurlardan idi ki, özündən əvvəlkilərə “rəhmət” oxutdurmurdu.

Bundan sonra Gənclər və idman naziri vəzifəsinə təyin olunacaq şəxs Ə.Qarayev qədər “tormozçu” olmamalı, ən azı A.Rəhimov qədər yenilikçi və intibahçı ruha, xarakterə malik olmalıdır.

Ağıla gələn ilk sual isə budur: belə bir kadr varmı? Əlbəttə, var! Amma bu kadr kimlərinsə yan-yörəsində axtarılmamalı, vəzifələrə təyinatlar şəxsi münasibətlərə söykənməməlidir. Dövlət öz lupasını əlinə almalıdır.

Bu məsələdə də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mühüm tezislər əsas götürülməlidir. Təkcə gənclər və idman sahəsi deyil, ümumən ölkədəki proseslər təhlil olunmalı və bu posta layiqli namizədlər Dövlət başçısına təqdim olunmalıdır. Unutmayaq, bizi növbəti illərdə məsuliyyətli və ağır mərhələlər gözləyir.

Bəs Gənclər və İdman naziri postuna təyin olunacaq namizədlər arasında kimlərin adı çəkilir?

Cari ilin may ayında, yəni A.Rəhimovun vəfatından bir neçə gün sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yaxınları onun nazir olacağı ilə bağlı informasiyaları dövriyyəyə buraxmışdı. May ayının 12-də Saytlarda “Elxan Məmmədov Gənclər və İdman naziri vəzifəsinə gətirilir… – Bu, Azərbaycana nə vəd edir?” sərlövhəli məqalə də dərc olunmuşdu.

Lakin bu prosesin də üstündən dörd aylıq bir müddət keçib. İndi nə baş verir? Gənclər və idman naziri postuna təyin olunmaq üçün daha kim bütün imkan və resurslarını səfərbər edib? Bu vəzifəyə təyin olunacağı ilə bağlı hansı məmurun alternativsizliyi məqsədli şəkildə önə çəkilir? Bəzi rəsmi koridorlarda bu şəxslə bağlı təkidli mövqenin səbəbi nədir?

Azsiyaset.com-a daxil olan məlumata görə, Gənclər və İdman naziri vəzifəsinə təyin olunmaq üçün bütün imkanlarını səfərbər edən şəxslərdən biri Fərhad Hacıyevdir. Yeni nazir olacağı ilə bağlı alternativsizliyi önə çəkilən, dosyesi ictimai müzakirələrə daşınan və bəzi rəsmi koridorlarda ciddi-cəhdlə dəstəklənən Fərhad Hacıyev hazırda Gənclər və İdman nazirinin müavini postunu tutur.

Məqalənin əvvəlinə qayıdaq. F.Hacıyev özünü A.Rəhimov qədər intibahçı, yenilikçi, çevik hesab edirmi? O, bu və ya digər keyfiyyətlərə görə, öz sələfini üstələyən A.Rəhimovu ötmək potensialını özündə hiss edirmi? Axı daha da irəliyə getməliyik. Onsuz da A.Rəhimova rəhmət düşür, sağlığında dövlətdən və xalqdan təşəkkür də almışdı. O zaman F.Hacıyevi nazir təyin edib mərhum nazirimizə yenidən rəhmət oxutdurmağa nə ehtiyac var!?

Fərhad Hacıyev kimdir?

Öncə bundan başlayaq və qırmızı şriftlə qeyd edirik: Gənclər və İdman sahəsindəki könüllüləri bir hərəkata çevirən elə A.Rəhimovun özü olub. Bunu niyə qeyd edirik? Məsələ bundadır ki, F.Hacıyev özünü hər yerdə könüllülər hərəkatının əsas favoriti, hərəkətverici qüvvəsi kimi təqdim edir. Düzdür, vaxtilə könüllüləri formalaşdırmaq F.Hacvıyevə tapşırılmışdı. Ancaq o, bu işin öhdəsindən gələ bilmədi, bu sahədə də bir çox istiqamətlər nəticəsiz qaldı.

Mətləbə keçək! Azərbaycan Universitetinin məzunu olan 41 yaşlı F.Hacıyev 2001-ci ildə Gənclər və İdman Nazirliyində sektor müdiri vəzifəsinə təyin olunmuşdu. Əbülfəs Qarayevin əmri ilə! 2002-ci ildə isə Ə.Qarayev onu nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edir. Maraqlıdır, cəmi 21-22 yaşında! Bundan sonra da xeyli mühüm postlarda oturan, məmur potensialı artan F.Hacıyev özünü Harvard Universitetinə atır və orada yüksək rütbəli məmurlar üçün kurs keçir. Yəni, səhv salmayaq, o Harvard məzunu deyil, digərləri kimi pulunu ödəyib kurs keçib. Və imkanı olan istənilən şəxs üçün bu əlçatandır.

Çox təəssüf ki, “xaricdə təhsil alıb” adı altında xeyli sayda adamlar layiq olmadığı postlara təyinat alıb. Və daha sonrakı hadisələr bu təyinatların uğursuz olduğunu isbatlayıb. Ölkəyə milli kadrlar lazımdır! Ömrü boyu yağ-bal içində böyüyən imkanlı ailələrin övladlarını Avropada oxumağa göndərib, daha sonra onları vəzifəyə təyin etməyin anlamı varmı? Bəs Azərbaycandakı bu qədər ali məktəblər kimə və nəyə lazımdır? Əgər xarici dil bilməkdən söhbət gedirsə, burada təhsil alanlar xarici dilləri də onlardan daha yaxşı mənimsəmiş durumdadırlar. Yox, əgər söhbət “Qərb təcrübəsi”ndən gedirsə, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, dövlətdən milyardlarla pul oğurlayan Cahangir Hacıyevi yada salın. O, ABŞ-ın Texas Universitetini bitirmişdi. Onun əməlləri “Qərb təcrübəsi”nin nəticəsi idi? ABŞ-da, Avropada təhsil alan nə qədər rüşvətxor, korrupsioner və yarıtmaz məmurlarımız var. Onların sayı azdırmı? Xeyr! N qədər…

HAŞİYƏ: Tənqidə dözümlü olmaq F.Hacıyevin növbəti keyfiyyətinə işıq salmış olacaq. Məsələn, A.Rəhimov istənilən “ağır artilleriyalı” media tənqidinə dözümlü idi. O, eşidirdi, oxuyurdu, təhlil edirdi, nəticə çıxarırdı. Zira, bir həqiqəti də F.Hacıyevin diqqətinə çatdıraq: o, gəncdir, ola bilsin ki, böyük potensialı da var. Amma əmin olsun ki, bu məqaləni yazmaqda məqsəd onu məqsədli şəkildə hədəfə almaq deyil.

Məsələn, F.Hacıyevin vaxtilə rərbərlik etdiyi Gənclər Fondunun fəaliyyəti də bütün detallarına qədər yadımızdadır. 2011-2018-ci illərdən söhbət gedir. Həqiqətənmi, Gənclər Fondunun indiki fəaliyyətində bir dəyişiklik yoxdur? Var! Daha əlçatan və haqlı yaranmış qaranlıq suallardan uzaq deyilmi? Bunu F.Hacıyevin özü də bilir, dərk edir. Bu, ayrıca mövzudur və buna qayıtmaq da olar.

İki dəfə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, iki dəfə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən F.Hacıyevi hazırda tutduğu post – nazir müavini vəzifəsi niyə qane etmir?

İntiqam Babayev 21 ildir Gənclər və İdman nazirinin müavinidir. Vəzifədə o qədər “daşlaşıb” ki, daha adını da çəkən yoxdur. Yaxud da nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyevanın… Özü də 63 yaşlı!

A.Rəhimovun vəfatı həm də bir test idi, xalq uzun illərdən sonra ilk dəfə idi ki, hansısa məmurun ölümünə təəssüflənirdi. Siyasi baxışlarından asılı olmayaraq hər kəs… Yeni nazir A.Rəhimovun kölgəsi qədər önəmli olmayacaqsa, o zaman… O, bu posta bir ağırlıq və sanbal gətirdi. Azad müəllim bəlkə də çox yaşaya bilərdi, amma uzun bir ömrünün hər saniyəsini Azərbaycan idmanına sərf edərək 56 yaşında dünyasını dəyişdi.

Qərarı biz yox, yuxarıdakılar verir. İndi siz deyin: F.Hacıyev A.Rəhimovun xələfi olmağa layqidirmi? Kadr tapın, cənablar, kadr! //Azsiyaset.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz