Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov haqqında zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Ancaq maraqlısı budur ki, bu fikirlər cənab Qurbanovun imperiyasına heç bir təsir etməyib.
Hələ 1994-cü ildə işdə yol verdiyi nöqsanlara görə Heydər Əliyevin fərmanı ilə “Azəravtoyol”-un rəisi vəzifəsindən uzaqlaşdırılan Qurbanov hər zaman dövlət idarələrində mühim vəzifələr tutub.
“Azəravtoyol” Dövlət Şirkətinə 1993-1994-cü illərdə rəhbərlik edən Qurbanov, işində yol verdiyi nöqsanlara görə işdən qovulur. Bəlkə də elə bu səbəbdəndir ki, aradan uzun illər keçməsinə və adının dəyişdirilməsinə baxmayaraq köhnə “Azəravtoyol” - indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) özünə gələ bilmir. Hələ də Cavid Qurbanov siyasətini davam etdirir.
Qurbanovun biznes qatarı Türkiyə, Gürcüstan və Avropaya qədər gedib uzanır. “Süsən Aqro”, “Retro Park MTK”, “Azercon ASC”, LOR hospital və s. onlarla şirkəti əhatə edir. C.Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-yə 2015-ci ildə təyin edilib. Və bundan sonra da ADY-nin qara günləri başlayıb.
Qurbanov vəzifəyə gətirildikdən sonra, verdiyi açıqlamalar ADY-nin ağ günə çıxdığını hiss etdirirdi. Ancaq təəssüflə qeyd edək ki, hər şey gözlənilən kimi olmadı. Məsələn, illərdir müxtəlif səbəblərlə gecikdiyi deyilən Bakı-Tbilisi-Qars dəmiryol xətti 2017-ci ildə yükdaşımalar üçün açılsa da, sərnişinlərin istifadəsi üçün hələ də açılmayıb. Bir neçə il öncə ADY biletlərin qiymətini müəyyən edə bilmirdi. Sonradan qiymətlər müəyyən edildi və səfərin 40 saat müddətində reallaşacağı qeyd edildi. Daha sonra isə, bu məsələ bağlandı. Yəni, indi də nə səs var, nə səmir.
Cavid Qurbanov haqqında bir çox iddialar səslənsə də, ADY-nin mətbuat xidmətinin rəhbəri çıxıb bu barədə rəy bildirmir. Bu vəzifədə olanlar hər zaman medianı susdurmaq üçün daha çox cəhd göstərib. Təbii ki, olanlara göz yumanlar və ya susanlar olub. Susmayanlar isə, hələ də böyük maraqla dövlətin öz nəzərlərini nə zaman Cavid Qurbanova tərəf çevirəcəyini gözləyir.
Xarici ölkələrdə şirkətlər, malikanələr, Azərbaycanda böyük biznes və s. Bütün bu sərvətlərin maliyyə mənbəyi də bəllidir. "Azərbaycan Dəmir Yolları" QSC gözdən iraq, amma nəhəng maliyyə "yuva"sıdır. Amma yəqin ki, bir gün Qurbanova da "dayan" deyən tapılacaq... Biz kimlərin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları qarşısında pencəyinin düyməsini bağlayıb boynunu bükdüyünü görmədik ki?!
Bizimyol.info