Axtarış...

Sabirabad təhsili ilə bağlı iddialar... - İLGİNC

Sabirabad təhsili ilə bağlı iddialar... - İLGİNC

Təhsilimizin ürəkaçan olmadığı barədə kifayət qədər yazılıb. Belə “nümunə”lərdən biri də Sabirabad təhsildir.

Bir neçə il əvvəl mediada birinci dərəcəli dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadovun Prezidentə müraciəti dərc olunmuşdu.

Təhsil şöbəsinin müdiri müraciətində qeyd edirdi ki, rayonu abadlaşdırmaq üçün, yol çəkmək üçün, icra başçısı məndən pul istəyir və mən də məcbur olub müəllimlərdən pul yığıram.

Sonradan Elman Bünyadov vəzifəsindən azad edildi və başı bəlalar çəkdi. İcra başçısı Nazim İsmayılov isə Allah qoymasa Saatlıya icra başçısı göndərildi.

Yəni Sabirabad təhsili icra baçşçısı üçün biznes mənbəyi idi. Heç kim də səsini çıxarda bilmirdi.

Sabirabad təhsilindən başqa bir rüsvayçı nümunə:

Deməli, Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru Diləfruz Mustafayeva məktəbdəki 50-yə yaxın müəllimin hər birinin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından böyük məbləğdə kredit götürüb və deyib ki, narahat olmayın hər şey mənlikdir.

Bir müddət məsələnin üstü açılmayıb. Ancaq bir vaxtdan sonra məktəb direktoru 50 nəfərin adına olan krediti ödəyə bilmədiyi üçün bank müəllimlərin maaş kartından pul tutmağa başlayıb. Yəni məktəb direktoru Diləfruz xanımın fırıldağının, əslində cinayətininn üstü açılıb.

Rayonda aləm qarışıb. Və zərərçəkən müəllimlərin şikayəti əsasında məktəb direktoru məhkəmənin qərarı ilə 3 ay həbs edildi.
Məktəbin direktoru Diləfruz xanım “içəridən” rayonun icra başçısı Nazim İsmayılova xəbərdarlıq göndərmişdi: Əgər məni buradan buraxdırmasan, mənə etdiklərini, sənə verdiyim pulların siyahısını açıb deyəcəm…

Təsəvvür edirsiniz, “ultimatum”dan 1 gün sonra rayon məhkəməsi Diəfruz xanımı ev dustaqlığına buraxdı və 1 ay sonra xanım azad olundu. Müəllimlər isə 9 ay maaş ala bilmədilər.

Yazının bu yerində qısa bir haşiyə:

Görəsən 50 müəllimin adına saxta kredit verən Kapitalbankın rəhbərliyi niyə istintaqa cəlb olunmadı?

Niyə bankdan soruşulmadı ki, 50 müəllim banka gəlməyib, bankla müqavilə bağlamayıb, bəs nə əsasla bu qədər kredit vermisiniz ?
Digər bir haşiyə: Sabirabadın icra başçısının göstərişi ilə Diləfruzun yerinə deputatın qardaşı qızı direktor təyin olundu. Axı, niyə məhz deputatın qardaşı qızı olmalıdır ? Başqa bir layiqli namizəd yox idi ? Biz demirik ki, deputatın qardaşı qızı layiqsizdir.
Nə isə, qayıdaq təhsil mövzusuna.

Təkcə bu iki fakt Sabirabad təhsilinin qara gündə olduğunu göstərir.

Məktəblərin tikintisinə, təmirinə ayrılan pullar mənimsənilir, ayrılan pullar icra başçısı ilə təhsil şöbəsi arasında bölüşdürülür.
Və nəticədə rayon məktəbləri miskin duruma düşür.

Bu barədə də Gundəlik-Bakı olaraq bir müddət əvvəl yazmışdıq.

Bəli, Sabirabaddakı Hacıbəbirli kənd ümumi orta məktəbinin rüsvayçı gündə olması barədə foto-faktlarla yazaraq rayon rəhbərliyindən soruşmuşduq ki, bura məktəbdir, yoxsa at tövləsi..?

Təsəvvür edirsiniz, məktəbin hasarı olmadığı üçün bütün günü kəndin mal-qarası məktəbin həyətində otlayır. Elə bil məktəb deyil, örüş yeridir.

Sabirabad təhsili ilə başqa bir rüsvayçılıq:

Məktəbin direktorunun 9-cu sinif şagirdi olan qıza sataşması heç bir qanuna qadağaya sığmır.
Niyə bu məsələni rayon prokurorluğu ört-basdır elədi?

Sözün düzü, ötən yazılarımızda rayondan olan deputat Ramin Məmmədova, təhsil naziri Emin Əmrullayevə müraciət edərək rayon təhsili ilə bağlı təcili tədbir görülməsini xahiş etmişdik.

Amma daha heç kimə müraciət etmirik.

Qoy hər kəs daşıdığı vəzifənin məsuliyyətini qansın və başa düşsün.

P.S Bu gündən etibarən biz yazdıqlarımizla bağlı cənab Prezident İlham Əliyevə və vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyik, bizi həbs də etdilər, dərimizin soyulmasına fətva da verdilər, arxamızca güllə atdılar, bizi öldürmək istədilər, ofisimizi oğurladılar, biz Əliyevlərdən dönmədik, dönmərikdə. Haqqımızda yuxarılara Əli Həsənovlar, Ramiz Mehdiyevlər və onların qul-beçələri nə qədər yalan məlumatlar versələr də, bizə inananlar inanır. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz