Son günlər ölkə məktəblərində müəllim və şagirdlər arasında COVID-19 yoluxma halları xeyli artıb. Pedaqoji heyətin 90 faizinin vaksinasiyadan keçdiyi, təhsil müəssisələrində sanitar-gigiyena qaydalarına tam riayət olunduğu deyilsə də, yoluxanların sayı demək olar ki, hər gün artır.
Hətta müəllim və şagirdlər arasında ölüm halları belə baş verib.
Bu vəziyyətdə məktəblərin bağlanması və yenidən distant təhsilə keçid mümkündürmü?
Bakupost.az -ın xəbərinə görə, məsələyə münasibət bildirən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib ki, məktəblər təkrar bağlandığı təqdirdə şagirdlərin təhsili dərindən mənimsəməsinə ciddi problemlər yaranacaq:
“Ənənəvi təhsili əvəz edəcək təhsil forması yoxdur. Pandemiya səbəbindən məcburiyyət qarşısında qalıb 2 ilə yaxın bir müddətdə, təhsilsizlik boşluğunu doldurmaq üçün fərqli formatlarda təhsilin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edildi. Hazırda isə məktəblərin yalnız lokal olaraq qapanması ilə bağlı qərarlar qəbul olunur. Hesab edirəm ki, bu doğru qərardır”.
İ. Orucovun sözlərinə görə, bu gün bir sıra məktəblərdə yoluxma halları müşahidə olunur:
“Payız mövsümünə xas xəstəliklər də artıb. Mövsümi qrip səbəbindən immun sistemi zəifləyən insan koronavirusa da tez yoluxur. Bədəni zəif olduğu üçün xəstəliyi bir qədər də ağır keçirir. Koronavirusa yoluxma sayındakı statistika hər kəsi, xüsusilə də valideynləri narahat edir. COVİD-ə yoluxan şagirdlərin sayı artdıqca bəzi valideynlər ehtiyat edib övladlarını məktəbə qoymur. Ancaq unutmaq lazım deyil ki, pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Bu səbəbdən də biz pandemiya şəraitində yaşamağa alışmalıyıq. Başqa çarəmiz yoxdur”.
İ. Orucov bildirib ki, əgər qarşıdakı dövr ərzində məktəblərdə yoluxma halları kəskin şəkildə artarsa, o zaman məktəblərin qapadılması haqda qərar verilər:
“Hesab edirəm ki, mövcud vəziyyətə uyğun olaraq ayır-ayrı siniflərlə bağlı qərarlar qəbul edilməlidir. Bir sinifdə yoluxma aşkarlandıqda o sinif bağlanmalıdır. Pandemiya nə vaxtadək davam edəcəksə, biz də ona uyğun yaşamalıyıq. Buna məcburuq. Övladlarımıza yaxşı təhsil vermək istəyiriksə, məktəblərin bağlanmasını istəmiriksə hamılıqla ilk növbədə həmrəylik nümayiş etdirməliyik. Valideynlər, müəllimlər və məktəb rəhbərləri sanitar gigiyena qaydalarına əməl etməlidirlər. Qoyulan qaydalara əməl olunduğu halda biz vəziyyəti idarəolunan həddə saxlaya bilərik. Məsələyə qeyri ciddi, başdansovdu yanaşılsa və nəticədə yoluxma və ölüm sayı pik həddə çatsa, gələcəkdə daha sərt qərarların qəbulu qaçılmaz olacaq”.
Milli Məclisin Təhsil komitəsinin üzvü, professor Aqiyə Naxçıvanlı isə hesab edir ki, heç vaxt distant təhsil əyani tədrisi, müəllimlə şagirdin canlı ünsiyyətini əvəz edə bilməz. Bu səbəbdən də hansısa məktəbdə yoluxma aşkarlansa, konkret olaraq həmin təhsil müəssisəsi qapadılmalıdır. Bütün məktəbləri bağlamaq olmaz:
“Amma virus müəllim və şagirdlər arasında sürətlə yayılarsa, bu haqda düşünməli olacağıq. Ancaq hazırkı vəziyyətdə məktəblərin bağlanması düzgün qərar olmaz. Hər halda gündəlik yoluxma dinamikası izlənməli və təhlil olunmalıdır. Elə məktəb var ki, orada COVID-ə yoluxma halı aşkarlanmayıb. Belə məktəbləri bağlamağa ehtiyac yoxdur”.
A. Naxçıvanlının fikrincə, həm məktəb rəhbərliyi, həm də valideynlər çox diqqətli olmalıdırlar:
“Valideynlər qripə yoluxan övladlarını məktəbə gətirməməlidirlər. Əgər uşaq xəstədirsə onu evdə saxlamaq lazımdır. Qripə yoluxan uşağı məktəbə gətirəndə sinfin yarısı qripə yoluxur. COVİD-ın bəzi əlamətləri adi qriplə oxşardır. Boğaz ağrısı, hərarət, öskürək. Bu səbəbdən də ayırd etmək olmur ki, bu adi qripdir ya COVİD. Məktəb rəhbərləri, eləcə də müəllimlər hazırkı məqamda çox diqqətli olmalıdırlar. Adi qripə yoluxan uşaqları məktəbə buraxmamalıdırlar”.
Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, orta məktəblərin distant təhsilə keçirilməsi problemin həlli yolu deyil:
“Məktəblər bağlandığı təqdirdə distant təhsilin tətbiqinə başlanılacaq. Distant təhsil isə şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə, onların dərsə, təhsilə marağının azalmasına səbəb olacaq. Məktəblərin qapadılması həmçinin şagirdlərin psixologiyasına da mənfi təsir göstərəcək. Sadalanan səbəblərə əsaslanaraq, məktəblərin qapadılmasını məqbul saymıram”.
Millət vəkilinin sözlərinə görə, yoluxma sayını artırmamaq üçün vətəndaş olaraq qoyulan qaydalara əməl etməliyik:
“İlk növbədə çalışılmalıdır ki, bütün təhsil işçiləri vaksinasiya olunsun. Müəllimlər həm özlərinin həm şagirdlərin saglamlığı naminə üçüncü doza vaksini də vurdurmalıdırlar. Eyni zamanda məktəblərdə sanitar gigiyena qaydalarına tam əməl olunmalıdır. Qaydalara riayət olunsa yoluxma artmaz və qapanmalara da ehtiyac qalmaz”.