Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.
Ölkə ərazisində müşahidə edilən qarlı-şaxtalı hava şəraiti məktəblərdə əyani formada təhsilin davamiyyətinə də təsir edib. Şagirdlərin demək olar ki, əksəriyyəti məktəbə getməyib. Həm koronavirusun, həm də şaxtalı havanın şagirdlərin tədris prosesinə necə təsir etdiyinə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov aydınlıq gətirdi.
Cəsarət bəy, qarlı havada məktəblərdəki davamiyyətlə bağlı ciddi problemlər yaşandımı?
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar bir sıra şəhər və rayonlardakı ümumi təhsil müəssisələrində dərsə davamiyyət əvvəlki günlərə nisbətən xeyli dərəcədə aşağı düşdü. Belə ki, fevralın 25-də davamiyyət Bakı şəhəri və Abşeronda kifayət qədər aşağı olub. Statistik göstərici ilə bağlı daha sonra geniş məlumat verəcəyik. Qar örtüyünün daha çox olduğu və hava şəraitinin daha kəskin dəyişdiyi respublikanın digər şəhər və rayonlarında da davamiyyət nisbətən aşağı olub. Qarın nisbətən zəif yağdığı bölgələrdə davamiyyət daha yüksək olub.
Bilirsiniz ki, təhsil müəssisələri uzun müddətdir distant təhsil sistemi ilə fəaliyyət göstərirdi. İnidki halda da tədris tam bərpa olunmayıb. Ona görə də, böyük şagird sıxlığından söhbət gedə bilməz. Bütövlükdə proses nizamlanır.
Həm şagird, həm də müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı məlumatlar yayılır. Hətta 4 məktəb koronavirus səbəbindən bir daha distant təhsilə keçid etdi. Yenidən məktəblərin tam formada distant təhsilə keçidi baş verə bilərmi?
Bu cür halın baş verəcəyini düşünmürəm. Bununla bağlı qaydalar çərçivəsində məlumat verə bilərik. Biz fevral ayının 1-dən 23-nə qədər olan vəziyyəti ictimaiyyətə təqdim etdik. Burada əsas məsələ ondan ibarət idi ki, bütövlükdə faiz göstəriciləri çox aşağıdır. Əgər gün ərzində 600 min nəfər şagird tədrisə əyani şəkildə gedirsə, bunların cəmi 0,003 faizinin koronavirus testi pozitiv çıxıb. Bu, təxminən 200 nəfər deməkdir. İşçi heyətinin isə 150 nəfərdən bir qədər çoxunun COVİD-19 testləri pozitiv çıxıb. Yəni qorxulu rəqəmlərdən söhbət getmir. Bu müddət ərzində cəmi 84 sinif distant tədris formasına keçirildi. Bakı şəhərində iki, Gəncədə bir, eləcə də Ağdam rayonu Əfətli kənd tam orta məktəbi distant formada tədrisə davam edəcəklər.
Məktəblərdə istilik sistemi ilə bağlı vəziyyət necədir? Koronavirus səbəbindən məktəblər bağlı olduğu müddətdə bu sahədə problemlərin aradan qaldırılması işləri həyata keçirilibmi?
Bu, çox aktual sualdır. İstər payız, istərsə də ondan əvvəlki yay dövründə bu məsələ ilə bağlı rəhbərlik səviyyəsində işçi qrupları yaradılmışdı ki, məktəblərdə istilik sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət gücləndirilsin. Bu müddət ərzində təmirə ehtiyac duyan və yaxud müxtəlif nasazlığa malik istilik sistemləri ola bilər. Bu halda Təhsil Nazirliyinin “qaynar xətt”inə və ya ayrı-ayrı yerlərdə olan işçi qruplarına dərhal məlumat çatdırılır və çox qısa müddət ərzində nasazlıqlar aradan qaldırılır ki, övladlarımız rahat şəkildə təhsillərini davam etdirə bilsinlər. Mən yenə də deyirəm, belə hallar olduğu təqdirdə, ictimaiyyətdən və valideynlərdən xahişim ondan ibarətdir ki, məktəb rəhbərliyinə və ya Təhsil Nazirliyinin “qaynar xətt”inə, yerli təhsil şöbələrinə dərhal məlumat versinlər ki, problemlər anındaca aradan qaldırılsın.