Axtarış...

Distant təhsil və savadsızlıq - ekspertlər narazıdır


Noyabrın 30-da Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qərarla tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Distant təhsil müddətinin uzadılması sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib. Bunun təhsilin keyfiyyətinə mənfi təsir etdiyi barədə fikirlər səslənir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma artdığına görə qərarın müddətinin uzadılması vacib olsa da, distant təhsil üçün resursların olmaması təhsilin keyfiyyətinə çox ciddi təsir edəcəkş Onun sözlərinə görə, mart ayından etibarən koronavirus infeksiyasının yayılmasına görə dərslər onlayn aparıldı. Ondan sonra onlayn platforma yaradılmadı ki, təhsilalanlar normal təhsil ala bilsinlər.

Ekspert bu günədək onlayn təhsildə qiymətləndirmə meyarlarının olmadığını bildirir:

"Övladlarımın hər ikisi şagirddir. Amma onların heç biri onlayn dərslərə qoşula bilmir. Çünki bunun üçün müvafiq alətləri yoxdur. Bu gün bu səbəbdən şagirdlərin çoxu onlayn təhsil ala bilmir. Mən eyni zamanda ali məktəbdə müəllim olaraq çalışıram. Qrupda olan tələbələrimin 60-70 faizi dərsə qoşula bilir. Bu gün onlayn təhsil ala bilənlərin sayı Bakı, Abşeron, Sumqayıtda 70 faiz, rayonlarda isə 50 faizə çatmır. İbtidai siniflərdə və yuxarı sinif şagirdləri arasında dərslərə qoşulma faizi aşağıdır. Çox təəssüf ki, bu gün onlayn dərslərə qoşulmanın məcburiliyini əks etdirən hüquqi sənəd də yoxdur. Şagirdlər ona görə də repetitora üz tuturlar".
Ekspert hesab edir ki, ali təhsildə vəziyyət daha çətindir. Çünki tələbələ repetitor yanına gedə bilmirlər. Bu isə onların keyfiyyətli mütəxəssis kimi yetişməsinə mane olur.

"Bu səbəblərdən də uzadılma ilə bərabər, onlayn resurslar yaradılmalı, qiymətləndirmə meyarları hazırlanmalı idi. Təhsilin ilk növbədə əlçatanlığı təmin edilməli idi. Bundan sonra onlayn dərslərin müddəti uzadıla bilərdi. Amma qeyd edək ki, virusun sürətlə yayıldığı dövrdə başqa variant da yoxdur. Bu, təhsilin keyfiyyətinə çox ciddi təsir göstərsə də, onlayn təhsil bizim yeganə çıxış yolumuzdur. Təhsildə yaranmış bu boşluq özünü buraxılış və ali məktəblərə qəbul imtahanlarında da büruzə verəcək".

Digər təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, pandemiya təhsilimizə həddindən artıq zərər verir. 2021-ci ilin sentyabrında ənənəvi qaydada dərslərə tamamilə qayıtmağa ümid edən ekspert, hazırdakı yoluxma və ölüm sayının artdığını xatırladıb.

E.Əfəndi hazırki vəziyyətdə tədrisin bərpasının mümkün olmadığını söyləyir: "Fikrimcə, biz ənənəvi təhsilə nə qədər tez qayıtsaq, bir o qədər yaxşıdır. Hazırkı halın davam etməsi kütləvi şəkildə savadsızlığa gətirib çıxaracaq. Bu, ibtidai siniflərdə təhsil alan şagirdlərə çox pis təsir göstərir".

Ekspert mövcud vəziyyətin ali təhsil müəssisələrinin tələbələri arasında da savadsızlıqla nəticələnəcəyi qənaətindədir.

"Nə qədər ki gec deyil, biz ənənəvi təhsilə mütləq qayıtmalıyıq. Başqa sahələri bağlayıb, sırf təhsili açmaq lazımdır".
Qeyd edək ki, NK-nın qərarına əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, sutkalıq yoluxma sayının 4 mini keçməsi hazırda tədrisin əyani şəkildə aparılmasını mümkünsüz edir. Bu gün əsas olan əhalinin sağlamlığıdır. Bu səbəbdən də onlayn təhsilin davam etmə müddəti uzadılıb. O ki qaldı təhsilin keyfiyyətinə təsirinə, Təhsil Nazirliyi tərəfindən verilmiş müvafiq tapşırıq əsasında dərslər onlayn keçirilməklə yanaşı, teledərslər də yayımlanır. Bu isə onlayn təhsilə qoşula bilməyən şagirdlərin teledərslər vasitəsilə dərsləri mənimsəməsinə imkan yaratmaq məqsədi güdür.

Təhsil Nazirliyindən həmçinin bildiriblər ki, nazirliyin ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası, yaxud dayandırılması barədə qərar qəbul etmək səlahiyyəti olsa da, ölkə üzrə hansısa məktəbdə təhsilin bərpasına icazə verilməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz