Ana dilində özünü ifadə edə bilməyən, ağzını açanda və ya iki sətir bir fikir yazanda səhvləri ilə ictimai qınağa çevrilən ictimai şəxsləri cəmiyyətimiz öz bildiyi kimi cəzalandırır. Bu günlərdə həmin şəxslərdən biri də deputat Cavanşir Paşazadə oldu. O, ötən günlərdə şəxsi “Facebook” səhifəsində bir cümləlik paylaşımında yol verdiyi fonetik səhvlərə görə sosial media istifadəçilərinin qınaq obyektinə çevrildi.
Deputatın köməkçisi bununla bağlı açıqlamasında statusu Paşazadənin yox, sürücüsünün yazdığını və bu səhvə görə də onun işdən azad edildiyini bildirdi. Lakin, sözsüz ki, deputatın öz adından sürücüyə status yazmağı həvalə etməsi, sonra da səhvinə görə onu işdən azad etməsi də mübahisə obyektidir. Amma hələlik ictimai adamların dil bilgisi baxımından özlərinə nə dərəcədə tənqidi yanaşdıqlarını müzakirəyə çıxarsaq, bəlli olacaq ki, bu istiqamətdə bir çoxu olduqca etinasızdır.
Mövzu ilə bağlı AYNA-ya danışan “Altun kitab” nəşriyyatının direktoru, Azərbaycan dili mütəxəssisi Rafiq İsmayılovun sözlərinə görə, ictimai şəxslər hərtərəfli nümunə olmağı bacarmalıdırlar: “Sözsüz ki, bu, heç yaxşı hal deyil. Hər bir deputat gənclər üçün də hərtərəfli nümunə olmalıdır. Onun nitqi həm qrammatik cəhətdən, həm də normalar baxımından ədəbi dilin tələblərinə cavab verməlidir. Əgər o, səhvlərlə yazacaqsa, başqalarından nə gözləyək? Ona görə, sözsüz ki, bu cür səhvlərlə yazılan statusların qınaq obyektinə çevrilməsi çox təbiidir. Onlar da heç olmasa, bundan sonra öz nitqlərinə diqqət yetirər, daha məsuliyyətli davranarlar”.
“Deputatlar, məmurlara Azərbaycan dilini müəyyən səviyyədə bilmək tələbinin qoyulması və ya Azərbaycan dili bilgisinin test edilməsi mümkündürmü?” sualına həmsöhbətimizin cavabı belə olub: “Azərbaycan dilini bilmək tələbi qoyula bilər. Ancaq nə dərəcədə bilir? Bunun üçün onu imtahana çəkmək bir qədər, güman edirəm ki, o statusda olan adam üçün düzgün olmaz. Burada daha çox ictimaiyyətin reaksiyası önəmlidir. Necə ki, ictimai qınaqla qarşılaşdı, eləcə də hər zaman belə olması gərəkdir və bu yolla onları “cəzalandırmaq” lazımdır. Yoxsa dil bilgilərini yoxlamaq üçün imtahana çəkmək, düşünürəm ki, yaxşı çıxmaz”.
“Nitqi çox səlis olan ictimai xadimlər də az deyil. Elələri var ki, hətta şifahi nitqini yazıya köçürsən, bir dənə qrammatik səhv görməzsən. Düşünürəm ki, səhv edənlər öz imiclərinə, işlərinə etinasız yanaşanlardır. Adam insanlar arasında, ictimaiyyət qarşısında dostları arasında, ailəsinin yanında danışdığı kimi danışmamalıdır, nitqinə fikir verməlidir”, - deyə İsmayılov vurğulayıb.
Xarici ölkələrin ictimaiyyət nümayəndələrinin özünü yazılı və şifahi nitqdə daha uğurlu ifadə etməsi və müqayisədə bizimkilərin uduzmasına qaldıqda isə dilçi ekspert bununla razılaşır: “O da düzdür ki, bizimkilərin nitqi öz xarici kolleqalarının nitqindən geri qalır. Buna görə ictimai qınağın rolu böyükdür. Bu, daha məsuliyyətli olmağa təhrik edir”.
Belə səhvləri ilə daha çox dilin keşiyində dayananların tənqidinə tuş gələnlərdən danışarkən, müsahibimiz bu mövzuda yazan, paylaşım edən səhifələrin rolunu da vurğulayıb: “Həmin səhifələrdən biri bizim dərslikdən də bir nümunəni səhv kimi vermişdi. Hərçənd ki, mən onunla razı deyiləm. Amma görəndə ki, bu cür səhifələr var, mən də öz işimə daha çox məsuliyyətlə yanaşıram ki, səhərisi gün ictimaiyyətə bu cür səhvlərim təqdim edilməsin”.