Şəxsiyyəti təhqirlə bağlı qanunda maddələr var.
Bu sözləri Axar.az-a ölkə qarşısında önəmli rolu olan şəxslərin, o cümlədən milli qəhrəmanların qorunması ilə bağlı qanunun olmaması haqda danışan hüquqşünas, millət vəkili Fazil Mustafa deyib.
“Əgər bir şəxsiyyət və ya milli qəhrəman təhqir olunarsa, onun varisləri məhkəməyə müraciət edə və məsələyə hüquqi qiymət verilməsini tələb edə bilərlər. Şəxsiyyətin hərəkəti ilə bağlı xoş qarşılanmayan fikir və ya münasibət isə ictimai qınaq və ya ictimai reaksiya yolu ilə aradan qaldırılmalıdır. Çünki hər hansı bir fikir və ya açıqlama hərəkətə yönəlikdirsə, bu, şəxsiyyətə yönəlik təhqir motivi kimi qiymətləndirilmir. Ancaq konkret şəxsiyyət, siyasi lider və ya milli qəhrəman yaraşmaz ifadələrlə və söyüşlərlə təhqir olunursa, bu, tamam ayrı məsələdir və məhkəmə tərəfindən hüquqi qiymət verildikdə birbaşa məsuliyyət yaradır”, - deputat bildirib.
Millət vəkili məhz bu səbəblə də təhqirə görə xüsusi qanun layihəsinə lüzum görmədiyini bildirib:
“Bu məsələnin hüquqi müstəviyə daşınması bir az düşündürücüdür. Çünki bu, bütövlükdə cəmiyyətdə tənqidi fikirlərin ortaya çıxmasının qarşısını ala bilər. Məsələn, Türkiyədə belə bir qanun qəbul olunub və bu qanun hazırda qardaş ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələlərdə ən çox diqqət edilən məqamlardandır. Avropa İttifaqı Atatürkün müqəddəsləşdirilməsi ilə bağlı müddəaların Konstitusiya və qanunlardan çıxarılmasını tələb edir. Təbii ki, Atatürk böyük bir şəxsiyyətdir. Ancaq hər şeyi hüquqa cəlb etsən, onda hər kəs totalitar düşüncənin daşıyıcısına çevrilə bilər”.