Axtarış...

Şirkət və təşkilatların “Günay Bank”dakı vəsaitləri azalıb – BANKDA YIĞILMIŞ ZƏRƏR YENİDƏN ARTDI

Şirkət və təşkilatların “Günay Bank”dakı vəsaitləri azalıb – BANKDA YIĞILMIŞ ZƏRƏR YENİDƏN ARTDI


Son aylarda vəzifəli şəxsinin saxta mənimsəmələri ilə gündəmə gələn “Günay Bank” ASC-nin 2021-ci ilin üçüncü rübü ərzində də (iyul-sentyabr) zərər etdiyi ortaya çıxıb. Bildirək ki, ikinci rüb ərzində də bank zərər etmişdi.

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.

Bunu deməyə əsas isə “Günay Bank”ın cari ilin ilk üç ayındakı 878.9 min manatlıq xalis mənfəətinin, ilk 6 ayda 626.39 min manata və nəhayət, üçüncü rübdə isə 398.76 min manata düşməsidir. Beləliklə, aprel-iyun ayları (II rüb) ərzində 252.51 min manatlıq, iyul-sentyabr ayları (III rüb) ərzində 227.63 min manatlıq zərər etmiş olur.

Bununla da, son iki rüb səbəbindən baş tutan zərərlər hesabına bankın balansındakı yığılmış zərər cari ilin 1 aprel tarixində 1 milyon 181.76 min manata düşdüyü halda, 1 oktyabr tarixində 1 milyon 434.27 min manata qədər yüksəlməli olub.

“Günay Bank” ASC-nin aktivləri ötən ilin əvvəlindən 4% müsbət dinamika göstərməklə, 256 milyon 198.16 min manata çatıb. Aktivlərin 199 milyon 255.27 min manatı müştərilərə verdiyi kredit, o cümlədən, 2 milyon 488.17 min manatı istehlak, 128 milyon 564.22 min manatı biznes və 68 milyon 202.87 min manatı isə ipoteka kreditləri təşkil etmişdir. Bankın 14 milyon 779.67 min manatlıq əmlaka sahib olduğu açıqlanır.

Kommersiya bankı hesabat dövrünə 190 milyon 654.33 min manat həcmində cəmi öhdəliyə sahib olub və bunun da 103 milyon 19.98 min manatı müştərilərin depozitləri təşkil edir. Müştəri depozitlərində fiziki şəxslərin vəsaitləri 17% artaraq 80 milyon 670.21 min manata çatsa da, şirkət/təşkilatların vəsaitlərinin həcmi 12% azalaraq 22 milyon 349.77 min manata düşüb.

Bununla belə, Günay Bankın digər bank və kredit təşkilatları qarşısında kredit öhdəliyi ilin əvvəlindən 5.6% artımla 75 milyon 772.57 min manata yüksəlib.

Ümumiyyətlə, bank son vaxtlar Azərbaycanda “sürpriz” xəbərlərlə gündəmə gəlib. Bankın 7 saylı filialının müdir müavini olan Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib, nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

Bank bunun üstünü təkziblə ört-basdır etməyə çalışsa da Azərbaycan Respublikasının Baş Prokurorluğu bankın təkzibini təkzib edərək bildirdi ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən – 29 sentyabr 2021-ci il tarixədək çalışıb.

“Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunmuşdur” – deyə həmin press-relizdə deyilirdi.

XATIRLATMA

“Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40.05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71.94%-lik səhmdarı), 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11.45%-lik səhmdarı), 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz