Məlum olduğu kimi Tarif Şurası əhali, sənaye, xidmət, ticarət və aqrar sektor üçün qazın və elektrik enerjisinin qiymətlərini artırıb. Bu barədə qərar Tarif Şurasının 16 oktyabr iclasında qəbul edilib. Şuranın qərarları noyabrın 1-dən qüvvəyə minəcək. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə bəzi eksprtlərin süni bəhanələri etirazla qarşılanıb. Bu sırada Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun facebook paylaşımı qəzəb doğurub. Cumhuriyyet.az həmin statusu olduğu kimi diqqətinizə çatdırır: “TARİF DƏYİŞİKLİYİNİN SƏBƏBLƏRİ:
– təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir və təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına (!) və dövlət büdcəsindən asılılığın artmasına (!) səbəb olur;
– qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına (!) qarşılanmaqdadır;
– dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb (!). İlin əvvəlində 1.000 kub metri 335 dollar olan təbii qaz oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında (!) təklif olunub;
– Azərbaycanda təbii qazın qiymətləri region və Avropa ölkələri ilə müqayisədə ucuzdur (!). 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:
o Türkiyədə – 36 qəpik;
o Ukraynada – 87 qəpik;
o Gürcüstanda – 29 qəpik;
o Belarusda – 34 qəpik”.
Son 15 ildə kommunal xərclər artanda ənənəvi arqumentlər səsləndirilir. ADİU kimi ölkənin əsas iqtisadi təhsil ocağının rəhbərinin də eyni fikirlər səsləndirib, Azərbaycanda qazın qiymətini qaz istehsal etməyən ölkələrlə müqayisə etməyi gülüncdür. Cənab rektor başqa ölkələrlə müqayisə aparanda tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən müqayisə aparın, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərəni verməyəcək. Ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur ki, bütün gerçək yoxsular və işsizlər zəruri sosial müdafiə mexanizmləri vasitəsilə bu cür qiymət artımlardan qoruna bilsinlər. Ə.Muradovun diqqərtinə bir faktı da çatdıraq ki, son 4 ayda təbii qazın qiyməti orta hesabla 50%-ə, suyun qiyməti 2 dəfəyə, elektrikin qiyməti isə 20%-ə yaxın artıb. Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyaq (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), onminlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq? Hansı sosial müdafiə mexanizmləri onlara dəstəyin yolunu açacaq?.
Azərbaycan 2005-ci ildən sonra böyük neft bumu nəticəsində əldə etdiyi nəhəng gəlirlər sayəsində zəngin dövlətə çevrildi, Dünya Bankınını təsnifatında orta aşağı gəlirli ölkədən orta yuxarı gəlirli ölkəyə çevrildi, amma yoxsulluğu ölçən standart və normativlər hələ də 2005-2006-cı illərdə qalıb. 0.1 ha torpağı olanı da, 10 ha torpağı olanı da eyni dərəcədə işləyən, yoxsul olmayan vətəndaş sayırsınız. Bu ölkədə on minlərlə ailə, yüz minlərlə vətəndaş bir həyətyanı torpaq sahəsi boyda pay torpağı almaq hesabına özünü nə gerçək işsiz, nə gerçək yoxsul kimi hökumətə tanıda bildi.
Görünür, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun özünün iqtisadi təhsilə ehtiyacı var. Belədirsə, “ağası gülüm olanın..”
Yeri gəlmişkən, Ədalət Muradovun Universitet daxilində islahatları da maraqlıdır. Belə ki, o 2016-cı ilin fevral ayında bir neçə kafedranı birləşdirərək “Maliyyə və maliyyə institutları” kafedrasını yaratmışdı. Həmin vaxt ali təhsil sahəsində heç bir təcrübəsi olmayan keçmiş maliyyə nazirini birdən-birə belə bir ağır çəkili kafedraya müdir təyin etmişdi. Əvəz Ələkbərov həm də universitetin “Professorlar Klubu” rəyasət heyətinin sədri seçdirilmişdi. Bir ay öncə isə , rektor Ədalət Muradov bu gün Əvəz Ələkbərovun müdir olduğu qalmaqallı kafedranı ləğv edərək yeni bir kafedra yaradıb… Maraqlıdır ki, yeni kafedraya isə Əvəz Ələkbərov təyin edilməyib… Görünür, ləğvetmədə məqsəd sabiq maliyyə nazirini “oyundan kənar vəziyyətə” salmaq imiş.
Bəs niyə bir neçə il əvvəl yaradılmış “Maliyyə və maliyyə institutları” kafedrası ləğv edildi? Mənbə bildirir ki, Əvəz Ələkbərov Prezident İlham Əliyevə teleqram vuraraq bu ədalətsizliyin qarşısının alınmasını xahiş edib. Məsələ ilə bağlı Əvəz Ələkbərovun mövqeyini öyrənməyə çalışırıq.