Axtarış...

“120 manatlıq qaz limiti niyə yanvarın 1-dən hesablanır“ - “Azəriqaz“dan şikayət

“120 manatlıq qaz limiti niyə yanvarın 1-dən hesablanır“ - “Azəriqaz“dan şikayət

Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 120 ünvanında yaşayan paytaxt sakini Vüqar Ələsgərov “Azəriqaz”dan şikayətçidir.

Yenisabah.az xəbər verir ki, şikayətçi “Azəriqaz”ı Tarif Şurasının son qərarını pozmaqda ittiham edir.

“Bu günlərdə smart kartla qaz sayğaçını yüklədikdə bütün məbləğ borcun ödənilməsinə getdi. 104 xidmətinə zəng edib bildirdim ki, mənim qaz borcum yoxdur, 220 manatlıq limiti keçməmişəm. Üstəlik Tarix Şurasının yeni qərarı ilə hesablanma qaydası iyunun 1-dən qüvvəyə minib. Mənə bildirildi ki, qərar iyunun 1-dən qüvvəyə minsə də, limit 2021-ci il yanvarın 1-dən hesablanır. 120 manatlıq limiti keçdiyiniz üçün ödədiyiniz məbləğ borca hesablanıb”.

Vüqar Ələsgərovun sözlərinə görə, 104 xidmətinin əməkdaşı ilə telefon danışığı zamanı mübahisə etməyin mənasız olduğunu anlayıb. “Dərd odur ki, limitin yanvarın 1-dən hesablandığını indi öyrənən mənim kimi yəqin ki, cəmi-cümlətanı bir neçə şəxsdir. Vətəndaşların əksəri Tarif Şurasının qərarının iyunun 1-dən qüvvəyə mindiyini düşünərək limiti keçməsinə hələ çox qaldığını düşünür. “Azəriqaz” da əhalini bu barədə xəbərdar etməyib. Bu istehsalat birliyinin Tarix Şurasının qərarını pozduğu da açıq-aşkardır. Mövzunun ictimailəşdirilməsinə böyük ehtiyac olduğunu düşünərəm”.

Qeyd edək ki, iyunun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclasında qəbul edilmiş qərara əsasən, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb.

İstehlak edilən qazın 1200-2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən olunan tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb.

Sonda bildirilir ki, Tarif Şurasının qərarı 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Yenisabah.az “Azəriqaz” İB-nin mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırdır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz