Axtarış...

Göyçayın İncə kəndində İNCƏ İŞLƏR... - Hansı zəmanədə yaşayırıq...

Göyçayın İncə kəndində İNCƏ İŞLƏR... - Hansı zəmanədə yaşayırıq...

...Hələ sovet dövründə, Ali məktəbdə oxuyarkən bizə təlqin edirdilər ki, elmi kommunizmin banisi “Günəş adası” əsərinin müəllifi, XVI əsrdə yaşamış ingilis Tomas Mordur. Əsərdə təsvir olunan yerdə insanların hamısının bərabər yaşadığı, varlı-kasıbın olmadığı, bütün gəlirlərinin bərabər bölündüyü barədə məlumat verilirdi ki, bu da kommunizmin ilk rüşeymi sayılırdı. Ancaq mən bunu danışan müəllimə etiraz edərək bildirmişdim ki, XII əsrdə dahi Nizami Gəncəvi “İsgəndərnamə” poemasında bir kəndi təsvir edir ki, orada hamı bərabər yaşayır. Elə isə niyə elmi kommunizmin banisi XII əsrdə yaşamış N. Gəncəvi yox, XVI əsrdə yaşamış Tomas Mor sayılır? Müəllim cavab olaraq bildirmişdi ki, Karl Marksın N. Gəncəvi haqqında məlumatı olub, amma ərəb dilini bilmədiyindən şairin yaradıcılığı ilə tanış ola bilməyib və ona görə də “İsgəndərnamə” poemasından xəbərsiz olub.

Mənim təkrar verdiyim “Niyə Karl Marksın səhvinə görə elmi kommunizmin banisi kimi Nizami Gəncəvi yox, Tomas Mor qəbul edilməlidir?” sualıma müəllim lap diplomatik tərzdə cavab vermişdi: “Karl Marks yazırdı ki, elmi kommunizm yaradıcı elmdir. İndi sən də elmi araşdırma apar və sübut et ki, elmi kommunizmin banisi Tomas Mor yox, Nizami Gəncəvidir”.

Niyə bu söhbəti yada saldım? Axı indi nə Sovet höküməti var, nə də kommunizm yolunda iri addımlarla irəliləyənlər. Bunun da səbəbi var. Bu yaxınlarda eşitdim ki, Göyçayın İncə kəndindən Rusiyada və Bakıda yaşayan iş adamları öz vəsaitləri hesabına həm kəndin, həm də sakinlərin problemlərini həll edirlər. Bu kənddə yaradılan “İncəoğlular” Xeyriyyə Cəmiyyətinin 7 nəfərdən ibarət idarə heyətinin üzvləri, hər ay onlara göndərilən pul vəsaitini kommunizmdə olduğu kimi, kollegial razılıqla və bərabər əsaslarla bölüşdürürlər. Bunları isə mənə Hollandiyada yaşayan dəyərli ziyalımız, “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadənin yaratdığı “Ya Qarabağ, ya ölüm” vatsap qrupunda tanış olduğum, İncə kəndinin Moskvada yaşayan sakini Məzahir Hacıyev söylədi. Düzü, bir az inanmağım gəlmədi. Deyilənlərdən belə təsəvvür yaranırdı ki, Azərbaycanın düz ortasında yerləşən balaca bir İncə kəndində həmin o utopik kommunizmin rüşeymləri əksini tapıb.

Axı Respublikamızın elə bir şəhəri, rayonu, kəndi yoxdur ki, oradan bəzi insanlar, çox vaxt da əksəriyyəti Rusiyada, keçmiş Sovet respublikalarında və Avropada yaşamamış olsun. Onların çoxusunun da, sağlıqılarına qismət, maddi imkanları olduqca yaxşıdır. Düzdür, bu iş adamları öz ailələrinin və yaxın qohumlarının dolanışıqlarına müəyyən qədər kömək edirlər. Amma çıxdıqları bölgənin ümumi problemlərinə yardım etmək barədə, şəxsən mən, nəsə eşitməmişəm.

Bu eşitdiyim isə məni hədsiz dərəcədə təəccübləndirdi və Göyçayın İncə kəndilə yerində tanış olmaq qərarına gəldim. Ancaq səfərə çıxmazdan əvvəl Moskvada yaşayan Məzahir Hacıyevin vasitəçiliyi ilə, bu kəndin Bakıda yaşayan, lakin daima bir ayağı Bakıda, bir ayağı İncədə olan Aslan Əsədovla görüşüb, söhbətləşdik.

Qısa arayış: Aslan Əsədov nəqliyyat eksperti kimi sosial şəbəkələrdə mütəmadi çıxışlar edir, internet televiziyalarına müsahibələr verir və bu səbəbdən xeyli tanınmış şəxsiyyətdir.

***

A.Əsədovla görüşüb söhbət etdik. Onun öz kəndləri haqqında həddindən artıq sevgi və məhəbbətlə danışması məni çox maraqlandırdı. Bu söhbətlərdən məlum oldu ki, İncə kəndindən uzun illər bundan əvvəl gedib qürbət ölkələrdə özlərinə iş quran, lakin doğma yurdlarını da unutmayan bu insanlar hər ay, imkanından asılı olaraq, 50 manatdan 1000 manata qədər pul göndərirlər. Ümumilikdə hər ay “İncəoğlular” Xeyriyyə Cəmiyyətinin hesabına 3500-4000 manata yaxın pul vəsaiti daxil olur. Xeyriyyə Cəmiyyəti hələ qeydiyyatdan keçmədiyindən pullar 7 nəfərdən ibarət olan idarə heyətinin sədri Qulu Quliyevin kart hesabına ödənilir.

“Bu da bizim dövlətimizi həmin qayğıdan azad etmə töhfəmiz...”

Maraq mənə güc gəldiyindən Aslan bəyə belə bir sual verdim: “Göndərilən pulların şəffaflıq dərəcəsi nə qədərdir və kənardan bu pullara göz dikən dövlət məmurları varmı?”, -sualına isə Aslan bəy belə cavab verdi: “Bu pullara heç kəs göz dikə bilməz. Bu, mümkün də deyil. Çünki pulların qəbulu və bölüşdürülməsi o qədər şəffaf olur ki, bu, hamıya məlumdur. Hamı yaxşı bilir ki, bu pullar kəndimizin problemləri üçündür, hansı ki, o problemləri bələdiyyə, ya da icra nümayəndəsi dövlət hesabına həll etməlidir. Bu da bizim dövlətimizi həmin qayğıdan azad etmə töhfəmiz... Bildiyimiz kimi, dövlətimizin bu saat çoxsaylı problemləri var. Qarabağın işğaldan azad edilmiş rayonlarının quruculuq-abadlıq işlərinə milyonlarla manat vəsait lazımdır. Pandemiya ilə əlaqədar da iqtisadiyyatımıza xeyli zərər dəyib. Belə bir məqamda bizim kəndarası yolların problemini həll etməyə, əhalinin içməli və əkin torpaqlarının suvarılması üçün su tələbatını ödəməyə, hansısa xəstəyə, şəhid ailəsinə müəyyən yardım etməyə pul xərclənməsindən kim narazı ola bilər ki? İdarə heyətinin yekdil qərarı olmadan bir manat da olsun kənara xərclənə bilməz. Sizə bir maraqlı məqamı da deyim. İncəlidən olmayan bir kimsədən, milyon da versə, qəbul etmərik. Bundan əlavə, kənddə yaşayan, lakin maddi imkanı yaxşı olsa belə, həmin adamlardan da pul almırıq. Şəhid ailələrinə və qazilərə bacardığımız qədər kömək edirik”.

Aslan bəyə həvəslə qulaq asa-asa fikirləşdim ki, bu kənddə doğrudan da əsl kommunizmdir. Beləliklə, kommunizm rüşeymlərini özlərində yaşadan həmin məşhur kəndə getməyə qərara aldım.

***

Səfərə çıxmazdan öncə Məzahir Hacıyevin Moskvadan mənə göndərdiyi Gündüz Hacıyevin telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxladım və hər dəfə də bildirdi ki, məni kənddə görmək onlara çox xoşdur. Amma G.Hacıyevin təcili işi çıxdığı üçün, Bakıya getdiyindən kənddə məni idarə heyətinin üzvü Xaləddin Beydullayev qarşıladı. Xaləddin bəyi ğörən kimi, Göyçay yolundan dönüb, İncə kəndinə gedən Qaraməryam-Müsüslü yolunun hədsiz dərəcədə bərbad olmasından narazılıq etdim.

“Qardaş, Qaraməryam- Müsüslü-İncə yolu bizdə can, maşınlarımızda hal qoymadı...”

Sən demə, İncə və digər 17 kəndi- Aşagı Qaraməryam, Yuxarı Qaraməryəm, Alxashava, Dövranlı, Alpout, Bəydövr, Çaxırlı, Mırtı, Şəkər, Veysəlli, Müsüslü, Təzə Şilyan, Şilyan, Şahsultanlı, Qarayazı, Kürdbaşı, Qubaxəlilli kəndlərini birləşdirən bu yol 25 minə yaxın əhalinin ən yaralı yeri imiş: “Qardaş, İncənin yolu bizdə can, maşınlarımızda hal qoymadı. Maşınların hissələri tez-tez bu yollarda dağılıb, tökülür. Kimin böyrəyində daş varsa, gəlsin bir dəfə maşınla Qaraməryəm-Müsüslü yolu getsin. Həmin adamın böyrəyində bircə dənə daş qalsa, mənə nə istəyirsiniz deyə bilərsiniz. Yazmadığımız yer qalmayıb, xeyri yoxdur”.

Mənim üçün maraqlı gəldi ki, bu gün Azərbaycan Avtomiobil Yolları Dövlət Agentliyi (AAYDA) respublikamızın elə bir kəndi qalmayıb ki, orada yol çəkməsin. Prezident cənab İlham Əliyev də yolların bərpası və yeni yol çəkilişləri üçün yetərincə vəsait ayırır. Onda nə əcəb təxminən 40 km-ə yaxın, özü də yaxşı tanınan Qaraməryam- Müsüslü yolu və bu yolun ətrafında yaşayan 25-minə yaxın əhali diqqətdən kənarda qalıb? İnanırıq ki, AAYDA-nın prezidenti, hörmətli Saleh Məmmədov və qurumun digər rəsmiləri bu yazıdan sonra Qaraməryam - Müsüslü yoluna diqqət göstərəcəklər. Çünki bu yol İncə kəndində insanların şəxsi vəsaitləri hesabına görülən quruculuq-abadlıq işlərinin fonunda çox yetim görünür.

Xaləddin bəylə söhbət zamanı idarə heyətinin digər üzvləri, I Qarabağ döyüşünün iştirakçısı, III qrup qazi Zakir Əhmədov, fizika müəllimi, kəndin sayılıb-seçilən ziyalılarından olan Mahir Mehdiyev, idarə heyətinin sədri, nüfuzlu kənd sakini seyid Qulu Quliyev, bütün bu işlərin təşkilatçısı, Məzahir Hacıyevin qardaşı oğlu Gündüz Hacıyev, kəndin hörmətli sakinləri Bahadur Qurbanov və Fuad Məcidov da bizimlə həmsöhbət oldular. İncə kəndinin təəssübünü çəkən bu insanlarla çox maraqlı söbətimiz oldu. Bu söhbətlərdən sonra aydın oldu ki, “İncəoğlular” Xeyriyyə Cəmiyyəti 5-3 günlük deyil. Nə qədər ki, İncə kəndi yaşayır, nə qədər ki, bu kəndin qeyrətli, elini-obasını sevən oğullrı və onların davamçıları olan Aslan, Gündüz kimi gənc nəslin nümayəndələri var, deməli, bu qoyulan ənənə də əbədi davam edəcək.

Elə bu yerdə Mahir müəllim mənə bir cədvəl təqdim etdi. Cədvəldə 2020-ci ilin dekabrından 2021- ci ilin sentyabrına qədər olan dövr ərzində xərclənən pulların hesabatı idi... Olduqca diqqət çəkən bir fakt idi... Həmin hesabatın şəklini maraqlı olduğu üçün təqdim edirik.

Xeyriyyə Cəmiyyətinin üzvləri ilə söhbət edərkən, kəndin mərkəzində olan orta məktəbin giriş tərəfindəki, mərkəzi yolun kənarına ağ-qara rəngli, yerdən təxminən 50 sm yuxarı və araları 1 metr 30 sm olan, diametri isə 50 mm-lik dəmir boruların basdırılması diqqətimi çəkdi. Fikirləşdim ki, yəqin dövlət tərəfindən hansısa bir iş həyata keçirilir. Amma aydın oldu ki, bu işi də “İncəoğlular” Xeyriyyə Cəmiyyətinin üzvləri öz vəsaitləri hesabına görürlər. Səbəbi isə bu imiş ki, yolun kənarında olan həmin ərazidə şəxsi maşınlar dayanır. Bu isə məktəbdən çıxan şagirdlərin, səki zəbt edildiyindən, birbaşa magistral yola çıxmasına səbəb olur ki, bu da olduqca təhlükəlidir. Ona görə də şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə Xeyriyyə Cəmiyyəti öz vəsaiti hesabına maşınların həmin yerdə dayanmasının qarşısını almaq üçün, bu geniş əraziyə boruların basdırılmasını təmin edib.

Qərara gəlirik ki, digər görülən işlərlə də tanış olaq. Bu məqsədlə Xaləddin Beydullayevin maşını ilə kənd ərazisinə gəzintiyə çıxdıq. Məlum oldu ki, son vaxtlara qədər əsl kənd kimi, zığ, palçıq olan yolların hamısına çınqıl tökülüb. Bütün kəndarası yolların hər biri beləcə örtülüb ki, bu da kənd əhalisinin canını palçıqdan qurtarıb. Hətta hər bir sakinin darvazasının ağzına qədər çınqıl döşənib. Qalır üstündən asfalt çəkmək ki, buna da Xeyriyyə Cəmiyyətinin çox kiçik olan büdcəsi qətiyyən imkan vermir.

X.Beydullayevlə söhbətimiz zamanı məlum oldu ki, kənddən bir az kənarda əhalinin 500 hektardan çox pay torpağı olub, lakin həmin yer maşın, traktor yolu olmadığından demək olar istifadəsiz qalıbmış. “İncəoğlular” Xeyriyyə Cəmiyyəti idarə heyətinin üzvləri toplanan vəsaitlə kəndin əsas yolundan həmin hissəni ayıran kanalın üstündən yaxşı körpü düzəldiblər. İndi əhali öz pay torpağına rahatca gedib-gəlir və əkin-biçinlə məşğul ola bilir.

Kənddə birinci Qarabağ döyüşünün 12 şəhidi, 7 qazisi var. İkinci Qarabağ savaşında isə bu kənddən 40 nəfər döyüşdə iştirak edib, 2 nəfər qazidir. Şəhidlərin dəfn olunduğu qəbiristanlıqda da oldum. Burada ayrıca dəfn edilmiş şəhidlərin qəbirləri daim “İncəoğlular” xeyriyyə cəmiyyətinin diqqət mərkəzindədir. Qəbirlərin ətrafı təmizlənir, abadlıq işləri görülür, bir sözlə, İncə şəhidləri unudulmur.

İkinci Qarabağ savaşında iştirak edən Seymur Beydullayevin qəribə tarixçəsi var. 45 yaşı olan Seymur onkoloji xəstədir, kimya-terapiya alır. Buna baxmayaraq, könüllü olaraq ikinci Qarabağ savaşına qatılıb. Tağım komandiri kimi, 25 nəfər əsgəri ilə birlikdə Xocavənd, Qırmızıbazar istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Nə qədər ağrısa da, xəstəlik ona güc gəlsə də, Vətən eşqi bu xəstəliyə dözmək üçün ona təpər verib və əsgərlərini qoyub, geri qayıtmağı özünə ar bilib. Ona görə də qələbəyə qədər döyüşüb və yanvar ayında tərxis olunaraq, evə qayıdıb. Onun müalicəsinə isə “İncəoğlular” Xeyriyyə Cəmiyyəti yardım edib.

***

Kənd sakini, həyat yoldaşını itirmiş Gülsənəm Həmidovanın 32 yaşlı oğlu Anar Nəsirov vərəm xəstəsidir. Xeyriyyə Cəmiyyətinin yekdil qərarı ilə Anarın da müalicəsinə, dava-dərmanlarının alınmasına yardım edilib.

Digər kənd sakini Səbuhi Əhədov ürək xəstəsidir və onun da müalicəsi üçün yardım olunub və hazırda müalicəsi davam edir və atası Aydın Əhədov Xeyriyyə Cəmiyyətinin üzvlərinə dərin təşəkkürünü bildirir... İmran Əhədov səfərbərlik yolu ilə ikinci Qarabağ döyüşlərinin iştirakçısıdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə snayperçi olub. Öz snayperi ilə onlarla erməni məhv edib. Yanına düşən mərmi nəticəsində ağır yaralanaraq, kəllə-beyin travması alıb, sol gözünə dəyən zərbədən görmə qabiliyyəti zəifləyib. İmranın gözünün müalicəsi üçün də Xeyriyyə Cəmiyyəti yardım edib. Amma çox təəssüf ki, Müdafiə Nazirliyinin tibbi hospitalında uzun müddət müalicə alsa da, sənədləri əlillik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməyib. Amma həmin sənədlər hospitaldan birbaşa nazirliyə göndərilməli idi. Qaziliyini ala bilsəydi, heç olmasa dava-dərmanının pulunu ödəyərdi. Çünki “İncəoğlular” Xeyriyyə Cəmiyyətinin büdcəsi də ölçüsüz deyil.

***

Göyçay RİH-in İncə kəndi üzrə icra nümayəndəsi Seyfəddin Cəbrayılov Xeyriyyə Cəmiyyəti haqqında xoş sözlər dedi: “Sağ olsunlar, kəndimizdən çıxan imkanlı incəlilər. Kəndimizin çox işlərinə yardım edirlər. Bir neçə ailənin imkansızlıqdan ödəyə bilmədikləri 1000 manatdan çox su pulunu bu cəmiyyət ödədi. İçməli və əkin-biçin üçün suyun təmin olunması məqsədilə, həm artezian qazdırıblar, həm də çaydan gələn suyun əkin sahələrinə rahat getməsi üçün kənd yollarının kənarında arxların lilini traktorla təmizlətdiriblər. Onların hər birinə təşəkkür edirəm”.

***

Moskvada yaşayan, həm də mənim bu kəndə gəlməyimə səbəb olan Məzahir Hacıyev və onun qardaşları barədə kənd sakinləri olduqca xoş sözlər söylədilər. Məlum oldu ki, M.Hacıyevin Nəriman, Tahir, Nizami və Füzuli adlı qardaşları da var. İki qardaşları Çingiz və Mahir dünyalarını dəyişiblər. Allah rəhmət eləsin. Digər qardaşlardan ağsaqqal Nəriman kişi və Füzuli kənddə yaşayırlar. 3 qardaş Məzahir, Tahir, Nizami Moskvada yaşayırlar və hər ay kəndə göndərilən ən yüksək məbləği də bu 3 qardaş göndərir. Hər biri Xeyriyyə Cəmiyyətinə ayda təxminən 1000 manata qədər pul göndərirlər. Amma bu qardaşlardan Hacı Tahir Xeyriyyə Fonduna dəxli olmadan, öz şəxsi vəsaiti hesabına kənd gənclərinin asudə vaxtının səmərəli təşkili üçün voleybol meydançası tikdirir. Bundan əlavə, Hacı Tahir birinci və ikinci Qarabağ döyüşü iştirakçılarının adlarından ibarət muzey tikdirir. Bu muzeydə İncə kəndindən Qarabağda döyüşən şəhidlər, qazilər və veteranlar haqqında geniş məlumatlar yerləşdiriləcək. Muzeydə eyni zamanda namaz qılmaq üçün də yer nəzərdə tutulub ki, burada şəhidlərin ruhuna dualar oxunsun. Olduqca təqdirə layiq haldır.

***

Hacıyevlərin kənddə yaşayan və ən böyük qardaşları olan Nəriman Hacıyevlə də görüşdüm. 30 il Ağsuda bank müdiri işləmiş Nəriman kişinin maraqlı söhbətlərindən heç doymaq olmurdu. Ağsaqqalla görüşüm 27 sentyabr Anım Gününə təsadüf etdiyindən Nəriman kişi də bu tədbirdən kənarda qalmamışdı. Bir neçə kq konfet alıb, şəhidlərin adına ehsan kimi hamıya paylayırdı. Qərara gəldim ki, 85 yaşlı Nəriman kişi ilə canlı ensiklopediya olduğu üçün, ayrıca söhbətləşi, eşitdiklərimi dərc edim. Bu planı yaxın vaxtlarda reallaşdırmaq niyyətindəyəm.

Kənd haqqında bir maraqlı məqam da diqqətimi çəkdi. Belə ki, kəndin adını bəzi yerlərdə “İnçə”, bəzi yerlərdə isə “İncə” kimi yazırlar. Kənd sakinləri özləri də bildirirlər ki, bu iki adın hər ikisi işlənir. Ancaq mən belə düşünürəm ki, kəndin adı “İncə”, yəni zərif sözündən götürülüb və elə İncə kimi də adlanmalıdır.

Bəli, mən elmi kommunizmin rüşeymlərini Göyçayın məhz İncə kəndində gördüm Arzu edərdim ki, Azərbaycanın bütün şəhər, rayon və kəndlərindən xarici ölkələrə gedən eloğullarımız İncə oğullarından nümunə götürərək, öz yurdlarını unutmadan, müəyyən problemlərinə yardımçı olsunlar. Bu, olduqca gözəl nümunədir və həm də savab işdir. Gəlin, savab işlərimizi öz doğulub, boya-başa çatdığımız torpaqdan əskik etməyək. //tezadlar.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz