Hərbi Qənimətlər Parkının yanında yeni bir tikinti üçün ərazinin boş saxlanılması bəzi insanlarda yeni savaş və yeni qənimətlər düşüncəsi yaradıb. Bunu İrəvana mesaj kimi dəyərləndirənlər də var ki, ermənilər öz təxribatlarından əl çəksinlər. Siz necə düşünürsünüz?
“Qənimətlər parkının ətrafında hələ boş ərazi var. Düşünürəm ki, bu sualı ilk növbədə məhz Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlamaq lazımdır. O ki qaldı Azərbaycanın hansısa müharibəyə, yaxud döyüşlərə hazırlaşıb qənimətləri orada yerləşdirmək məqsədinə, məncə bu o qədər də düzgün fikir deyil”.
Bizim.Media-nın sualını belə cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Hərbi Qənimətlər Parkında sərgilənən silahlar Azərbaycanın ələ keçirdiyi bütün qənimətlər deyil.
Ekspert əlavə etdi ki, parkda sərgilənən sursatlar götürülən qənimətlərə aid hər silahdan bir nümunədir. Bu da Azərbaycan ordusunun düşməni hansı vəziyyətə salmasını göstərir:
“Xatırladım ki, aprel hadisələrindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev belə bir fikir söyləmişdi ki, Azərbaycan və Ermənistanı təkbətək qoysalar, o zaman Azərbaycan ordusu qısa bir vaxtda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir”.
Ehtiyatda olan polkovnik erməni təxribatlarına Bakının cavabından da söz açdı:
“Azərbaycan istənilən təxribata cavab verməyə hazırdır. Atəşkəsi pozan ermənilər arasında itkilər olur. Ərazi bütövlüyümüz bərpa olunub, dövlət sərhədi qurulur və qorunur. Bütün əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənilər daha genişmiqyaslı təxribat aparmaq istəsələr, Azərbaycanın dəmir yumruğu həmişə hazırdır”.
Ekspert sonda xatırlatdı ki, müharibədən əvvəl də Prezident İlham Əliyev dəfələrlə Ermənistana məsələni sülh yolu ilə həll etmək təkliflərini edib.
Əks halda Azərbaycan güc variantına əl atmalı olsa, bu, Ermınistan üçün faciə ilə nəticələnəcək:
“Cənab Prezident yenə də humanistlik göstərərək Ermənistana bir daha öz mesajını verib”.