İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi "Elite İnternational Management” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi öhdəliklər üzrə yaranmış mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.
"Elite İnternational Management” MMC 25 iyul 2002-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Evsen Ali Diyardır.
Ali Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. "Elite İnternational Management” MMC isə "Evsen Group” şirkətinə daxildir.
Lakin artıq "Evsen Group” Ali Evsenə məxsus deyil. Bir neçə il əvvəl yayılan məlumatlarda deyilirdi ki, İspaniya məhkəməsinin sanksiyası əsasında "Evsen Group” şirkətinin bank hesabları dondurulub. Lakin sonradan məhkəməyə şirkətin Ali Evsenə məxsus olmadığını sübut edən sənədlər təqdim edilib. İddialara görə, həmin sənədlərdən bəlli olub ki, "Evsen Group” şirkətini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov alıb.
Kəmaləddin Heydərovun biznes imperiyası barədə mediada gedən məlumatlarda da "Elite İnternational Management” MMC onun nəzarətində olan şirkətlərin siyahısında yer alır. Bu məlumat indiyə qədər təkzib olunmayıb.
Araşdırmalarımız zamanı o da məlum olub ki, "Elite İnternational Management” MMC-nin hazırda 98 482.99 AZN vergi borcu var.