Axtarış...

Goranboya transfer edilən korrupsioner dincəlmir... - QALMAQAL

Goranboya transfer edilən korrupsioner dincəlmir... - QALMAQAL


"Göygöl rayon prokuroru mənim yaxın dostumdur. Mənə heç kim cinayət işi aça bilməz. Osman kimdir? Ölkədə jurnalist sayan var, nə yazır yazsın. Əcəb etmişəm varlanmışam, kimə nə dəxli necə varlanmışam. Pulları rəhbərim ayırıb, ASC göstəriş verib, mən də lazımi qədərini özüm yeyib yuxarıları da naümid qoymamışam. İşləri də sənədləşmələrdə yerbəyer etmişəm. Goranboya göndərdilər ki, yazı-pozulardan bir az başımız dincəlsin, həm də iz azdıraq. Mənim "tərəqqi" medalım da var..."
İndi bu sözləri yaxın ətrafına Goranboy Suvarma Sistemləri İdarəsinin yeni rəisi İlqar Məhərrəmov deyir. Uzun müddət Göygöl SSİ-nin maddi imkanlarını sümürərək varlı bir şəxsə çevrilən, öz texnika-traktorlarının sayı işlədiyi dövlət idarəsindən də zəngin olan bir melioratordan bu cür qudurğan və müştəbeh düşüncəli fikirlər eşitmək əslində gözləniləndir. Əgər bu hökumətin ən mötəbər qurumlarında başda oturub dövlətin adından danışanlar son illər ərzində Əhmədzadənin çətiri altında yaşayan binəvanın korrupsiya və özbaşına əməllərinə diqqət ayırıb bari bircə dəfə cəzalandırsaydılar belə olmazdı.

"Demokratik.Az" bildirir ki, son illərdə İlqar Məhərrəmovun özü və rəhbərlik etdiyi Göygöl Suvarma Sistemləri İdarəsindəki çeşidli özbaşınalıqlar barədə jurnalist Osman Nərimanoğlunun imzası ilə dərc edilən 10-larla tənqidi yazılar həm baş prokurorluq, eləcə də aidiyyatı digər qurumların marağına səbəb olmayıb. Bütün müraciətlər araşdırılmadan cavabsız qalıb. Əksinə, İlqar Məhərrəmova "gücləri çatmayan" bəzi çinlilər üçün yazılan acı həqiqətlər, Göygöl SSİ-də illərlə yürüdülən talan mexanizminin ifşası adıçəkilən yarıtmaz məmura qarşı media qərəzi kimi görünüb. Nəticədə, ölkədəki mövcud vəziyyətə adekvat olaraq, daha bir jurnalist və daha bir müstəqil media orqanı Göygöl kimi bir rayonun meliorativ tədbirlərini tormozlayan, rayonun torpaqlarının suvarılmasına yalnız öz gəlir mənbəyi kimi baxan bir korrupsionerin qarşısında aciz duruma düşürülüb. Bu hal isə heç bir ədalətə, qanun aliliyinə, prezident İlham Əliyevin çağırışına şəstlə cavab verən ictimai nəzarətçilik missiyası ilə bir araya sığışmır. Bu hal sadəcə ölkədə antikorrupsiya tədbirlərinə savaş açan sabotajcılara , prezident və dövlət düşmənlərinə sərf edir.

"Demokratik.Az"-ın rəhbəri, jurnalist Osman Nərimanoğlu mövzuya qısa aydınlıq gətirib. Jurnalist bildirib ki, İlqar Məhərrəmov ölkənin korrupsiya bataqlığında və cəzasızlıq mühitində yetişib ortaya çıxmış, hakimiyyət üçün ən dəyərsiz, bəlkə də ən yazıq və mistik obrazlı məmurlardan biridir.

"Hazırda Göygöl rayon prokurorluğunda İlqar Məhərrəmovun nadürüst əməli fəaliyyəti və korrupsioner davranışları barədə yazdığım sonuncu məqalə (Göygöl SSİ TENDER kələyində də boğulur - "EMV GROUP"u Rafiq Aslanovla nə bağlayır?) üzrə detallar araşdırılır. Məqalədə qeyd edilən faktların araşdırılması Göygöl rayon prokurorunun böyük köməkçisi Nicat Hüseynliyə həvalə edilib. Bildiyiniz kimi, avqustun 5-də izahat verdim, ümidvaram ki, sonda adıçəkilən məmura cinayət işi açılacaq, Göygöl SSİ-də talama və mənimsəmə halları dərindən araşdırılacaq. Axı, bu idarədə hər imkan düşdükcə 10-100 minlərlə manat pul vəsaiti müxtəlif bəhanələrlə havaya sovrulub. Xərclərin şəffaflığını isə təmin edən qurum yoxdur. Dövlət büdcəsi xalqın namusudur, gələcəyidir, bunu birdəfəlik anlamalıyıq. İllərdir ki, maddi namusumuza naxələflik edərək özünə Xoşbulaqda villa tikən, Gəncədə və Bakıda evlər alan, oğluna təmtəraqlı təqdimatla paytaxtda mağazalar şəbəkəsi quran, sonu "007" ilə bitən nömrələri bahalı avtomobillərinə bağlayıb dikbaşlıq etməyi bacaran İlqarkimilərin qazancı niyə araşdırılmamalıdır ki, hansı "halallıq"lardan yoğrulub ki, xəbərsizik? Beləsini müdafiə etməyin, daha da varlanmasına şərait yaratmağın bəraəti yoxdur. Amma, Meliorasiya ASC-nin yeni rəhbəri desə inanaram, bəlkə o bir korrupsiya şəbəkəsinin adi əsgəridir, ona görə deyir ki, "yaxşı edib büdcə pulunu talayıram". Bu qədəri olmaz axı, yazırıq, deyirik və hər dəfəsində "məmuru təəssübkeşlik" vərdişi jurnalist peşə fəaliyyətimizi üstələyib həqiqətləri kilidləyir." - deyə Osman Nərimanoğlu bildirib.
Jurnalist Göygöl prokuroru ilə İlqar Məhərrəmovun dostluğundan da danışıb: "Əslində, prokurorumuz İlqar Hacızadə ilə sözügedən məmurun yaxın dost olduqlarını artıq hamı yaxşı bilir. Tərəflər o qədər yaxındılar ki, bir-birinə ticarət obyekti də tikdirə bilirlər. Məndən izahat alan zaman prokurorun böyük köməkçisinin də mahiyyətdənkənar suallarında və adımdan tərtib etdiyi, lakin sildirib redaktə etdiyim izahatda da dostluq qoxusu gəlirdi. İzahata daxil olan sualın yarısının Rafiq Aslanovla bağlılığı isə daha gülməli idi. Dövlət Təhlükəsizlik Xidmətindən və Baş Prokurorluqdan xahiş edərdim ki, bu adamların dostluğunu araşdırsın və Göygöl Prokurorluğunda araşdırılan məqalə diqqətdə saxlanılsın. 100 minlərə pul deməyən İlqar Məhərrəmovdan da "xəzinə"nin yerini soruşsunlar. Onda bilinəcək ki, 5-6 il əvvəl geyinməyə şalvar tapmayan, kreditlə qırıq-salxaq maşın sürən, maaşı da 400-500 manat olan bir meliorator hansı yolla varlanıb?.."
Osman Nərimanoğlu daha sonra bildirib: "Əslində, korrupsiya cinayətlərini Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırılmalıdır. Dəfələrlə qaldırdığımız korrupsiya faktları isə Göygöl prokurorluğunda dediyim dostluğun kölgəsində itib-batıb. Bu dəfə isə elə olmalıdır ki, dövlətin prokurorluq qurumuna güvənimiz sarsılmasın. Çünki, illərdir ki, təmiri bitməyən, heç bir meliorativ standarta uyğun olmayan kvadratşəkilli "Xan Arx" su kanalı da ortadadır, illərdir 100 min manatlıq tenderlərə verilən, lakin lildən təmizlənməyən bərbad kanallar, işlək olmayan passiv su nasos stansiyaları, datasiya yeyən, lakin mövcud olmayan, rənglənib yeni adı ilə soxuşdurulan "bahalı" artezianlar və illərdir yazıb işıqlandırdığımız bir çox tutarlı maxinasiyalar göz önündədir. Bir qalır, onların araşdırılmasına və İlqar Məhərromov kimi bir oliqarx cuvara Baş Prokurorluq tərəfindən zəruri cinayət işi açılmasına. Buna isə mediaya rəğbətin fonunda sadəcə və sadəcə hüquqi iradə lazımdır".

Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz