Axtarış...

Göygölün "yezid" melioratoru dövlətin milyonlarını belə xortumlayır - GİLEY

Göygölün "yezid" melioratoru dövlətin milyonlarını belə xortumlayır - GİLEY



Göygöl rayonunun Suvarma Sistemləri idarəsinin korrupsioner rəisi təkcə öz rəhbəri Əhməd Əhmədzadəni deyil, həm də ölkənin kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərən bütün dövlət yetkililərini aldatmağa, insanları ələ salmağa, prezident cənab İlham Əliyevin şəffaf niyyətlərlə ayırdığı büdcə pullarına qarşı təcavüz etməyə, maddi resursları talamağa sürətlə davam edir.
Bu barədə "Demokratik.Az"-ın əldə etdiyi yeni bilgilərə görə, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov öz zərərli meliorativ fəaliyyətilə ona etimad olunan vəzifə səlahiyyətlərindən sui-istifadə edir. O, vətəndaşların hüquqlarına və dövlətin qanunla qorunan mənafelərinə ciddi zərər vurur, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin imicinə kölgə salan əməllər törədir. Onun qanunsuzluqlarının həcmi və illərdir ki, yol verdiyi ciddi nöqsanlara dair çeşidli məlumatlar tam əsas yaradır ki, Göygöl Suvarma Sistemləri idarəsində kompleks maliyyə araşdırılması aparılsın. DTX və digər hüquq mühafizə orqanlarının iştirakıyla antikorrupsiya tədbirlərinin bu ünvanda da həyata keçirilməsinin zamanı çoxdan yetişib.
Uzun illərdir məlum səbəblər üzündən ölkənin baş melioratorunun qoltuğunda gizlənən, təəssüf ki, əsaslı şikayətlər qarşısında toxunulmaz şəxs qismində qanunları heçə sayan birinin korrupsiya izi ilə Göygöl rayonunun Dozular-Pənahlılar-Çaylı kəndlərində olduq. Sözügedən kəndlərdə sakinlərin torpaq sahələrinin suvarılmasında qarşılaşdıqları çətinliyə, süni birokratiyaya, meliorativ tədbir adı altında irihəcmli dövlət vəsaitlərinin xortumlanmasına şahid olduq.
2018-ci ildən bu yana Göygöl SSİ-nin özbaşınalığından əziyyət çəkdiklərini deyən Pənahlılar kənd sakinləri bildirirlər ki, kəndlərinin suvarma suyu İlqar Məhərrəmovun şəxsi maraqları çərçivəsində onların əlindən aınıb. 1200 nəfərlik (212 fərdi ev və 325 təsərrüfat) bir kənd öz halal su ehtiyaclarının ödənişindən məhrum olub. Göygöl SSİ-nin rəisi 1986-cı ildən (xətt əvvəllər "Kuybışev adına, daha sonralar Dozular kəndi ərazisindəki O.Abbasov adına kolxozun mülkiyyəti olub-red) istifadə olunan və başlanğıcını Kürəkçaydan götürən (500 sm diametrlik) və ötən illərdə Pənahlılar camaatının 8000 (səkkiz min) manat şəxsi vəsaitlərilə təmir etdirdikləri su-boru xəttini "mənimsəyib". Belə ki, "ağıllı meliorator" ümumi uzunluğu 10 kilometrlərlə olan dəmir boru xəttini müxtəlif yerlərindən kəsib "calayaraq" yaxınlıqdakı qəsəbənin və guya Dozular və Çaylı kəndlərinin torpaqlarının suvarılmasını tam təmin etmək bəhanəsilə özbaşınalıqlara yol verib.
Kənd sakinləri bildirirlər ki, Göygöl Suvarma Sistemləri idarəsi yiyələndiyi boru xəttinə heç bir vəsait xərcləməyib. Sadəcə su xəttini ələ keçirmək üçün yazılı hiylələrə əl atıb. İdarə rəhbəri rəsmi sənədləşmələrdə 2007-ci ildə Dozular kəndindəki sürüşməni və guya Pənahlılar camaatının həmin borunu təmir edə bilmədiklərini qeyd edərək öz aləmində hamını aldadası manevr edib.
İlqar Məhərrəmov sənədləşmələrdə bir az da irəli gedərək 2007-ci ildə Dozular kəndində baş vermiş sürüşməni sayaqlayaraq Dozuların sürüşməyə aidiyyatı olmayan hissəsindən keçən boru xəttini 2018-ci ildən idarənin balansı-mülkiyyəti kimi göstərib.
Şikayətçi sakinlər bildirirlər ki, düz 40 il əkin torpaqlarının suvarılmasında istifadəyə yararlı olan beton kalodlar da İlqar Məhərrəmovun göstərişilə traktor-buldozer salınaraq sındırılıb, qəsdən yararsız vəziyyətə salınıb. Bunun səbəbi isə İlqar Məhərrəmovun hələ 03.05.2000-ci il tarixdə özünün də imzası ilə təsdiq edilmiş müvafiq "İnventarizasiya Aktı"nın saxtalığını ört-basdır etməkdir. Çünki, həmin sənəddə İlqar Məhərrəmov suvarma arxının lilli olmasından, yamacların uçmasından, beton hissələrin dağılmasından, kanalın suburaxma qabiliyyətinin yararsızlığından, suölçən qurğuların olmamasından bəhs edərək kanalı Göygöl SSİ-nin balansına qəbul etməyib. Amma nədənsə, sözügedən "yararsız" kanal 2018-ci ilədək Pənahlılar kəndinin torpaqlarının suvarılmasını təmin edib. Yalnız 2018-2019-cu illərdə dövlət qurumunun nümayəndəsinin özü tərəfindən yararsız hala salınıb. Diqqət çəkən digər məqam həm də odur ki, həmin kanal əslində həmin imtina aktından sonra kənd bələdiyyəsinin mülkiyyətinə keçməyib, havada saxlanılaraq öz toxunulmazlığını sonda itirib.
Sakinlər "Demokratik.Az"-a onu da bildiriblər ki, baş verənlər daha çox İlqar Məhərrəmovun 100 min manatlarla ölçülə bilən pul maxinasiyası ilə əlaqədardır. Hazırda həmin boru xəttini uzadaraq Çaylı kəndinə aparan korrupsioner əslində daha böyük korrupsiya əməlini gizlətməyə çalışır. Belə ki, rəsmi sənədlərdə və rəsmi hesabatlarında dövləti aldadan Məhərrəmov 2019-2020-ci illərdə öz rəhbəri Əhmədzadəyə də açıq aydın fırıldaqçılıq edərək 1 milyon manata yaxın vəsaitlə guya Çaylı kəndindəki Nasos stansiyasının bərpası adı ilə ayrılan büdcə puluna qarşı cinayət törətmişdir.

Çaylı Nasos stansiyasının uzun illərdir ki, yararsız vəziyyətdə olduğunu, həmin köhnə stansiyanın hələ də heç bir işə yaramadığını, adi elektrik transformatorunun belə kənd sakinlərinə aid olduğunu hamı yaxşı bilir. Buna baxmayaraq, Göygöl SSİ 2020-ci ildə utanmadan və qorxmadan rəsmi açıqlamalar yayaraq stansiyanın yararlı vəziyyətə gətirildiyini bildirib. Ayrılan vəsaitin haraya sovrulduğunu isə təftiş edən olmayıb.
Nasos stansiyasından torpaq sahələrinə uzanan köhnə dəmir boruların da yeni layihə kimi təqdim edildiyi iddia edilir. Stansiyadan çıxan və evlərin altından keçib gedən köhnə su borusu həm də təhlükə mənbəyidir ki, bu problem də aradan qaldırılmayıb. Boruda onsuz da suyun olmaması İ.Məhərrəmovun bu baxımdan işinə yarayan yeganə haldır.
Yalançı meliorativ məlumatlarda Çaylı kəndinin 400 ha əkin sahəsinin su təminatında da guya problemlərin olmadığı görünür. Aydın olur ki, İlqar Məhərrəmov əsl şou-komedi yaradaraq smetada göstərilən küllü miqdarda vəsaiti mənimsəməklə, meliorativ tədbirlər planını formal yazıb yuxarı orqanları aldatmaqla ixtisaslaşıb. Nəticədə Çaylı kənd torpaqları da Pənahlılar kəndi qədər susuz qalıb. Hazırda alovlanmış narazılıq da bununla əlaqədardır.
Onu da bildirək ki, Çaylını yararsız nasos stansiyası ilə uzun müddət aldada bilməyəcəyini dərk edən İlqar Məhərrəmov yuxarıda qeyd etdiyimiz boru xəttini Pənahlılar kəndinin pay torpaq sahələrindən yeraltı şəkildə keçirərək Çaylı kəndinin torpaq sahələrinə gətirir. Bu işi görərkən də özbaşınalıqlara, maliyyə cinayətlərinə yol verməkdən sanki zövq alır.
Bir neçə aydır ki, Pənahlılar kəndinə məxsus əkin sahələrini qazıq-qazıq edən, torpaq sahiblərinin mülkiyyət hüquqlarına sayğısızlıq edən SSİ rəhbərliyi gördüyü işlərdə həm sifarişçi, eləcədə icraçı qismində pul silir. İşin həcmini nəzərə alsaq, İlqar Məhərrəmovun bu işdə də "otkat" olaraq milyonluq məbləğlə oynadığını təsəvvür etmək çətin deyil. Öz işçilərini və idarənin texnikalarını basıb bu işdə işlətməyə özbaşınalıqdan başqa ad vermək isə çətindir. Podratçı şirkətin kənarda saxlanması, gözəgörünməz olması görülən işin daha dərindən araşdırılmasını vacibə çevirir. Maraqlıdır ki, İlqar Məhərrəmovun bu həddə özbaşınalığına nə rayon rəhbərliyindən, nə hüquq mühafizə orqanlarından, nə də "Azmelsutəsərrüfat ASC-dən heç bir münasibət bildirilmir. Nəticədə - itirən suzuz qalan əkin sahələri, büdcə və camaat - qazanan isə İlqar Məhərrəmov və "daydayları" olur. Bu isə təkcə korrupsiya yox, həm də dövlətə qarşı, ölkə başçısının kənd təsərrüfatının inkişafına dair meliorativ göstəriş və qayğısına qəsd və xəyanətdir.
Sonda inanır və ümid edirik ki, Göygöl SSİ-nin özbaşınalığının dayandırılması və korrupsioner əməllərinə hüquqi qiymətin verilməsi dövlətə və prezidentinə sədaqət andı içmiş vicdanlı yüksək ranqlı məmurları maraqlandıracaq.
Əks halda - dağıt və tala, hər gün bir az da varlan ay İlqar Məhərrəmov!
Osman Nərimanoğlu
Demokratik.Az-dan: Yazılanlarla əlaqədar qarşı tərəflə dəfələrlə telefon əlaqəsi qurmağa çalışsaq da cəhdlərimiz fayda vermədi.
Qarşı tərəfin mövqeyi əslində əməllərilə zatən ortadadır...
Göygölün "yezid" melioratoru dövlətin milyonlarını belə xortumlayır - GİLEY
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz